Yeri gəlmişkən: Naxçıvanın ermənicə bayrağı

27-09-2022, 10:34           
Yeri gəlmişkən:
Naxçıvanın sovet hakimiyyəti illərində də öz bayrağı var idi. Azərbaycan SSRİ-nin bayrağının üzərində bir də Naxçıvan MSSR yazılırdı. Bu da Naxçıvan MSSR-nin bayrağı sayılırdı.
Ən maraqlısı isə odur ki, 1949-cu ilə qədər Stalin repressiyasının ən qanlı dövrlərində Naxçıvanın bayrağının üzərinə bir də ermənicə eyni sözləri yazılırdı. Yəqin ki, Mikoyanların, Nazaretyanların istəyi ilə. Həmin dövrün statistikasına görə, Naxçıvan əhalisinin guya 10%-dən çoxu erməni idi. Sovetlərin ilk illərində əhalinin siyahıya alınmasının necə saxtalaşdırıldığı hər kəsə məlumdur. Böyük ehtimalla, Naxçıvan ermənilərinin də sayı qəsdən artıq göstərilmişdi. Bu bölgənin də gələcəkdə erməniləşdirilməsi üçün. Qəribədir ki, 1939-cu illərdəki 13350 nəfər göstərilən ermənilərin sayı 20 ildən sonra keçirilən siyahıyaalmada birdən birə 9519 nəfər «enmişdi». Bütün millətlər ilbəil artmasına baxmayaraq, ermənilərin azalması, məncə, bir həqiqətdən xəbər verirdi. 1939-cu ildəki siyahıyaalmada ermənilərin sayı olduğından çox göstərilmişdi.

Əslində 1959-cu il siyahıyaalmasında da əhalinin sayı ermənilərin xeyrinə saxtalaşdırılmışdı. Biz bunu sonrakı siyahıyaalmalarda ermənilərin getdikcə azalmasından görə bilərik. Belə ki, 1970-ci il siyahıyaalınmasında ermənilərin sayı 5828-ə (2.88%), 1979-cu ildə 3406-ya (1,42%), 1989-da isə 1906-ya (0,65%) enmişdi. 1989-dakı azalmanı hardasa anlamaq mümkündür. Amma 1970 və 1979-cu illər «Azərbaycanın Hayastanla qardaş olduğu» dövr idi. Üstəlik, Moskvada da ermənilərin mövqeyi güclü idi. Dolayısıyla, onların Naxçıvandan şüurlu şəkildə çıxarılması mümkün deyildi. Ermənilərin Naxçıvanda getdikcə azalmasını yalnız bir amillə əsaslandırmaq olar: 1940-cı illərə qədər aparılan siyahıyaalmalar düzgün keçirilmir, ermənilərin xeyrinə saxtalaşdırılırdı. Məqsəd Naxçıvanı tədricən erməniləşdirmək, günlərin birində Ermənistana təhvil vermək idi.

Bəzi məmurların bildirdiyinə görə, sovet hakimiyyəti illərində Naxçıvan MSSR-də bir yazılmamış qanun var idi. Rayon partiya komitələrinin və icrakomların müavinlərindən biri mütləq erməni olmalı idi. Məsələyə bu məntiqlə yanaşanda əhalinin siyahıya alınmasında ermənilərin xeyrinə bəzi saxtakarlıqların aparılmasının əsl səbəbi ortaya çıxır: Muxtar respublikanın idarə olunmasında ermənilərə pay verilməsi üçün mütləq sayları artıq göstərilməli idi. 1949-cu ilə qədər MSSR-nin bayrağında ermənicə sözlərin yer alması da bu səbəbdən qaynaqlana bilər.
Bəs, 1949-cu ildən sonra ermənicə sözlərin bayraqdan silinməsi nə ilə bağlı ola bilər?
Zənnimcə, biz buna görə Mir Cəfər Bağırova minnətdar olmalıyıq. Nədən ki, 1933-cü ildə sovet Azərbaycanına rəhbərlik ilk dəfə (1925-1926-cı illərdə Ruhulla Axundovun birillik hakimiyyətini nəzərə almasaq) bir azərbaycanlıya - Mir Cəfər Bağırova keçmişdi. 20 il Azərbaycana rəhbərlik edən Mir Cəfər Bağırov bir çox ziyalılarımızın qətlinə fərman vermişdi. Əslində verməyə də bilməzdi. Çünki Stalin dövrünün reallığı belə idi. Buna rəğmən, Mir Cəfər Bağırovun Azərbaycanın azərbaycanlılaşdırılmasında da xidmətləri az olmamışdı. Onun dövrünə qədər Azərbaycana rəhbərlik edən Levon Mirzoyan, Ruben Rubenov kimi ermənilərin, Nikolay Gikalo və Vladimir Polonski (əslən yəhudi idi) ermənipərəstlərin 1937-ci ildə güllələnməsindən sonra, görünür, Mir Cəfər Bağırov da rahatlaşmış və Naxçıvanın ermənicə bayrağı məhz bundan sonra dəyişdirilərək Azərbaycanlaşdırılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.