Azərbaycana qarşı fitnəkar oyun: üç ölkə yeni təxribatın anonsunu verdi - NƏ BAŞ VERİR?

27-09-2022, 10:57           
Azərbaycana qarşı fitnəkar oyun: üç ölkə yeni təxribatın anonsunu verdi - NƏ BAŞ VERİR?
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyri-müəyyən müddətə ABŞ-a gedib. Ondan əvvəl müdafiə naziri Suren Papikyan və xarici işlər naziri Ararat Mirzoyan bir həftədən çox ABŞ-da olmuş, Vaşinqtonda təfərrüatı açıqlanmayan görüşlər keçirmişdi. BMT-nin sammitini bəhanə edib Amerikaya qaçan Baş nazir Nikol Paşinyanın səfəri də diqqətdən yayınmadı. Sizcə, qarşılıqlı formada artan bu səfərlərdə məqsəd nədir, bu iki ölkə nə planlaşdırır?

- ABŞ 44 günlük müharibədən sonra regionda gedən proseslərdən kənarda qalıb. Əsas moderatorlar Rusiya və Avropa Birliyidir. ABŞ da bu fonda bölgədəki maraqlarını ifadə etmək istəyir. Təbii ki, 44 günlük müharibənin nəticələrindən narazı qalan əsas ölkə Ermənistandır, çünki uduzub. Narazılar dəstəsində İran da var. İran da prosesdən kənarda qalıb. Bu ölkələr regionun siyasi gündəminə qayıtmağa çalışırlar.

Ermənistanın məqsədi budur ki, ABŞ da moderator kimi regional prosesdə yer alsın, bununla da “status” məsələsi gündəmə gəlsin və ATƏT-in Minsk qrupunu canlandırsın. Ermənistan bunu Amerikanın əli ilə etməyə çalışır. Təəssüf ki, Amerikanın da niyyəti budur. Amerika post-münaqişə dönəmində öz gündəmini formalaşdırmaq və tərəflər arasında “əsas tənzimləyici rol”a sahib olmaq istəyir.

Amerika və Ermənistanın bu səylərinə Azərbaycanla yanaşı, Rusiya da qarşı çıxır. Rusiya düşünür ki, ABŞ regionda möhkəmlənməklə onun Ermənistandakı varlığını sıxışdıracaq. Ermənistan rəhbərliyinin də əsas hədəfi budur ki, ABŞ-ın əliylə Rusiyanı sıxışdıraraq, “münaqişə gündəmi”ni öz xeyrinə dəyişdirsin. Bu fonda da Ermənistan rəsmiləri tez-tez Amerikaya səfər edərək, təhlükəsizliklə bağlı məsələləri müzakirə edirlər. Ermənistan təhlükəsizliyi isə Rusiyanın əlindədir. Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur, bu ölkədə hərbi bazaları var, onu qazla təmin edir. Yəqin ki, Rusiyanı hansı formada sıxışdırmağın yollarını axtarmağa çalışırlar.

- ABŞ Prezidenti Co Bayden Ermənistanın müstəqillik günü ilə bağlı məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsinə yer verdi. Amerika lideri aşkar formada Qarabağdakı separatçılarla işləyəcəklərini bildirdi. Erməni separatizminə və revanşizminə Amerikadan verilən dəstək hansı gəlişmələrə yol aça bilər?

- Amerika ikili standartlardan çıxış edir. Yeri gəlmişkən, onlar Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, bu ölkələrdəki separatizmin əleyhinə çıxırlar, Azərbaycan və digər bəzi regionlara fərqli münasibət göstərirlər. Məsələn, Suriyadakı kürd separatizminə, Tayvan və Kosovodakı separatizmə qarşı fərqli yanaşma sərgilədiklərini görürük. Təəssüf ki, Azərbaycan ərazilərindəki separatizm də onlar üçün “yaxşı separatizm”dir. Halbuki Qarabağ separatçıları Donbasdakı separatçıların “müstəqilliyini” tanıyanlardan biridir. Bu faktın onların nəzərindən niyə qaçdığı bəlli deyil.

Təəssüf ki, Amerikadakı erməni diasporu onlara təsir edə bilir. Son nəticədə Amerikanın özünün maraqları zərbə altında qalır. Belə davam etsə, Azərbaycan-ABŞ münasibətlərinə zərbə dəyə, Amerikanın regiondakı nüfuzu aşağı düşə bilər. Son nəticədə uduzan tərəf elə Amerika olacaq. Seçim onlarındır. Əgər bu dəst-xətt onlar üçün məqbuldursa, biz heç nə edə bilmərik. Amma yenə deyirəm: zərbə altında qalan Amerikanın nüfuzu və maraqları olacaq. Belə davam etsə, ABŞ öz regiondakı dayaqlarını zəiflədə bilər.

- ABŞ-dan Ermənistana silah yardımının edilməsi də erməni mediasının gündəmindədir. Sizcə, Amerika Azərbaycana qarşı buna gedəcəkmi?

- Amerika buna gedə bilər, istisna etmək olmaz. Beləliklə, ABŞ Ermənistanda Rusiyanı əvəzləyəcək. Əslində, Amerikanın buradakı əsas hədəfi Azərbaycan da yox, Rusiyadır. Amerikalılar elə düşünürlər ki, Ermənistan və separatçılara dəstək verməklə Rusiyanı regiondan sıxışdıra biləcəklər. Amma məsələ budur ki, bu nöqtədə zərbə alan ölkə kimi Azərbaycan görünür. Bu kimi addımlar atılsa, Azərbaycan ABŞ-la hərbi əməkdaşlığını və digər birgə layihələrini nəzərdən keçirmək məcburiyyətində qalacaq.

ABŞ hərbi yardım etsə, Ermənistan bununla KTMT-nin nizamnaməsini və Rusiya ilə müttəfiqliyinin şərtlərini pozmuş olacaq. Buna görə də, Rusiyadan Ermənistana təzyiqlərin artacağını düşünürəm. Rusiyanın da Ermənistana kifayət qədər təzyiq imkanları var.

Ermənistan rəhbərliyi çox təhlükəli oyun oynayır. Ermənistan düşünür ki, Rusiya zəifləyir və başı Ukraynada qarışıb, belə oyun oynaya bilər. Amma hesab edirəm ki, bu oyun çox çəkməyəcək, Rusiyadan sərt addımlar atılacaq. Eyni zamanda, Ermənistanın daxilində ictimai-siyasi gərginlik yarana bilər. Bu fonda rusiyapərəst qüvvələrin fəallaşacağı istisna deyil. Amma bir məsələ də budur ki, Ermənistandakı rusiyapərəst qüvvələrin fəallaşması bizim xeyrimizə deyil. Çünki bunlar revanşist qüvvələrdir.

Düşünürəm ki, bütün hallarda Ermənistan veriləcək belə “dəstək” regionda vəziyyəti qarışdıracaq və təhlükə xeyli artacaq. Siyasi təhlükədən çox hərbi təhlükə çoxalacaq.

- ABŞ, Fransa və Böyük Britaniyanın bu günlərdə verdikləri bəyanat da diqqət çəkdi. Bəyanatda bu üç ölkənin vətəndaşlarına Ermənistanın Azərbaycanla sərhəd zonalarına getməmələri tövsiyə olundu. Sizcə, buna Ermənistandan Azərbaycana qarşı müharibəyə yol aça biləcək təxribatların ola biləcəyinin anonsu kimi də baxmaq olarmı?

- Həmin bəyanatlara bununla bağlı mesaj kimi baxmaq mümkündür. Ermənistan rəhbərliyinin özü də aşkar şəkildə bildirir ki, gərginlik arta bilər. Onlar yeni təxribat törətməklə bunun məsuliyyətini Azərbaycanın üstünə atmağa çalışa, bundan sonra Fransa və ABŞ-dan yardım istəyə bilərlər. İndi həmin ölkələr belə bəyanatlar verirlərsə, demək ki, buna əsaslar var. Belə əsasları da Ermənistan rəhbərliyi yaradır.

Ermənistan rəhbərliyinə bölgədə daim gərginlik lazımdır. Çünki bununla “status” və digər məsələləri gündəmdə saxlamaq istəyirlər. Bu dəst-xətti davam etdirməklə Rusiyadan əl çəkən ABŞ və Fransanın yardımına nail olmağa çalışırlar. Buna görə də Fransa, ABŞ və Britaniya bilir ki, Ermənistan bu xətti davam etdirəcək və bu da gərginliyə gətirib çıxaracaq. Həmin bəyanatların arxasında da Ermənistanın növbəti təxribatlarının olacağı ehtimalının olduğunu düşünürəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.