Brüssel prosesinə həlledici təkan: sülh müqaviləsi yaxında - Moskva sürpriz hazırlayır?

8-10-2022, 10:38           
Brüssel prosesinə həlledici təkan: sülh müqaviləsi yaxında -
Ermənistan rəhbərinin yenə öz imzasının arxasından qaçmayacağına zəmanət yoxdur; Rusiyanın Praqa görüşünə qısqanc reaksiyası tormoz rolu oynaya bilərmi?
Oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” liderlərinin sammiti çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. İlham Əliyev görüşdə deyib ki, Azərbaycan Brüssel formatını dəstəkləyir. Öz növbəsində Şarl Mişel bununla bağlı ona minnətdarlığını bildirib.

Dövlət başçısının bu fikri Avropa Birliyi, konkret olaraq Mişelin vasitəçiliyi ilə gedən sülh prosesinə rəsmi Bakının tam etibar eləməsinin təzahürü sayıla bilər. Şübhə yox ki, səbəb prosesin müstəsna olaraq Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, məlum 5 prinsip əsasında aparılması ilə bağlıdır.

Əliyev-Mişel görüşü zamanı o da bəlli olub ki, gələn ay Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Bildirilib ki, söhbət zamanı həmin görüşün gündəliyi müzakirə olunub. Buradaca yada salaq ki, 31 avqustda Brüsseldə baş tutmuş sonuncu Əliyev-Mişel-Paşinyan görüşü zamanı bu formatda növbəti dəfə noyabrın sonunda bir araya gəlmək barədə razılıq əldə olunmuşdu. Ona qədər Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsinin mətnini razılaşdırmalı idilər. Ancaq indi aydın olur ki, görüş təxminən 1 aya qabağa - oktyabra çəkilir. Bu sülh danışıqlarının intensivləşdiyi qənaətini yaratmaqla yanaşı, gələn ay iki ölkə arasında “Brüssel variantı” üzrə sülh müqaviləsinin imzalanması ehtimalını artırır.

Gözlənildiyi kimi, sammit çərçivəsində, tarixi Ərdoğan-Paşinyan görüşü də keçirilib. Kuluarlarda baş tutan görüşdə İlham Əliyev də iştirak edib. Daha sonra söhbətə Fransa prezidenti E.Makron qatılıb. Bir qədər sonra isə nümayəndə heyətləri də daxil olmaqla, ayrıca Ərdoğan-Paşinyan görüşü keçirilib. Daha sonra Əliyev-Mişel-Paşinyan-Makron 4 tərəfli görüşü baş tutub.

“Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq”.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlət başçısı deyib: “Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq”.

“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni bizim niyyətimiz bundan ibarətdir”.

Bunu da Azərbaycan Prezidenti söyləyib.

Beləliklə, görünən budur ki, Praqada Brüssel prosesinin tezliklə məntiqi sonluğa çatması, yəni Bakı və İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanması üçün qardaş Türkiyənin də qatıldığı böyük bir diplomatik həmlə reallaşıb. Qalır nəticə...

Maraqlıdır ki, Rusiya Şarl Mişelin moderatorluğu ilə reallaşan və Praqada intensivləşən budəfəki sülh danışıqlarına da qısqanc münasibət sərgiləyib. “Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir. Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya verilib. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Bizim rolumuzu şübhə altına almağa, hərəkətsizliyimizdən danışmağa çalışanlar mənə elə gəlir ki, arzularını reallığa çevirməyə çalışırlar”.

Bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. Zaxarova iddia edib ki, Rusiya praktiki işlə məşğuldur: “Və Rusiya bunu hansısa tarix və ya hansısa gözəl format üçün deyil, konkret nəticələri birləşdirəcək şəkildə edir. Rusiya heç bir xüsusi reklam fəaliyyəti ilə məşğul deyil, bunun altında heç nə yoxdur. Sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, açığını desək, davam edən danışıqların təfərrüatını açıq şəkildə şərh etməyi yersiz hesab edirik. O ki qaldı Bakı və İrəvanın mövqeyinə, bu suallar daha çox, onlara ünvanlanmalıdır. Amma biz nəticəyə köklənmişik”.

Qəribə yanaşmadır. Söhbət öz hərbi kontingentini sülhməramlı qismində Qarabağda yerləşdirən ölkənin rəsmisinin mövqeyindən gedir. Hər halda bu mövqe prosesi irəli aparmır, əksinə, tormozlayıcı funksiya rolunu oynaya bilər. Bəs Rusiya Bakı-İrəvan arasında sülh anlaşmasına gerçəkdənmi səmimi şəkildə çalışır? Elədirsə, Rusiya XİN sözçüsü Brüsselin vasitəçiliyini niyə qısqanır? Kreml prosesi İrəvanın əli ilə poza, öz əlaltıları vasitəsilə tutaq ki, sərhəddə təxribatlar törədə bilərmi? Bütövlükdə Praqa görüşlərinin regionda sülh prosesinin irəli aparılması baxımından önəmi nədir? Bütün bu suallara müxtəlif cavablar var.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin 6 oktyabr tarixli Praqa görüşü 5 saat çəkib və yekunda tərəflər bəyanat yayıblar. “Yeni Müsavat” həmin bəyanatın özətini təqdim edir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək. Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb. Azərbaycan sözügedən missiya ilə ona aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib. Missiya maksimum 2 ay müddətli olmaqla, oktyabr ayında işə başlayacaq. Missiyanın məqsədi güvən yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarına kömək etmək olacaq”.

Ancaq N.Paşinyanın görüşdən bir neçə saat sonra kommunikasiyalarla bağlı rəsmi Bakını günahlandırmağa cəhd göstərməsi, üstəlik onun Praqa görüşündən narazı qaldığı aydın görünən Rusiyaya səfəri rəsmi İrəvanın növbəti dəfə öz vədinə xilaf çıxa biləcəyi ehtimalını ortaya çıxarır. Bu gedişlə Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına neçə görüşün qaldığını söyləmək olar? Birmənalı şəkildə Ermənistanın ərazi bütövlüyümüzü tanıdığını demək olarmı?


Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Brüsseldə keçirilən və Praqada baş tutan görüşlər Rusiyanın vasitəçiliyi ilə imzalanan sənədlərdə yer alan prinsipləri inkar etmir və məhz bu baxımdan, Moskvanın Brüssel formatına etiraz etməsi üçün heç bir hüquqi-siyasi əsas yoxdur: “Bu gün Azərbaycanın mövqeləri hər zaman olduğu kimi açıqdır və rəsmi Bakı qütblərarası manipulyasiyalara yol vermədən öz maraqlarını müdafiə edir. Bizim maraqlarımız isə ərazi bütövlüyümüzün, hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan torpaqlarımız da daxil olmaqla, bütün ərazilərimiz üzərində suveren hüquqlarımızın tanınması, sərhədlərimizin toxunulmazlığının, Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı bütün məsələlərin istisnasız olaraq ölkəmizin daxili işi olduğunun qəbul edilməsi, bölgədə davamlı sülhün, əminamanlığın mövcudluğu, işğaldan azad edilmiş yaşayış məntəqələrimizin bərpa edilməsi, minalardan təmizlənməsi və məcburi köçkünlərin öz evlərinə qayıdışının təmin edilməsidir. Bütün bunlar isə Azərbaycanın beynəlxalq hüquqla, BMT Nizamnaməsi ilə qorunan təbii haqqıdır. Bu haqqı vasitəçiliyə iddialı olan hansı qütb istisnasız olaraq qəbul edirsə və prosesə beynəlxalq hüququn norma və prinsipləri müstəvisindən dəstək verirsə, təbii ki, bu, bizə hər hansı narahatlıq yaratmır. Yetər ki, davranışlar şəffaf və ümumi prosesin faydasına olsun”.

Rusiya XİN sözçüsünün Praqa görüşünə reaksiyasına gəldikdə, E.Mirzəbəyli bunları söylədi: “Mariya Zaxarova gözəl danışır, amma gəlin real mənzərəni dəyərləndirək. Brüssel formatını, razılaşdırılan prinsipləri bir kənara qoyaq. Tutaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərdə fundamental irəliləyiş baş verməyib. Amma bu görüşlərdə sənəd də imzalanmayıb, sadəcə, şifahi razılaşmalar olub. Rusiyanın vasitəçiliyi ilə isə bir sıra sənədlər imzalanıb. Onların hansı yerinə yetirilib? Bəlkə, 10 noyabr 2020-ci il bəyanatında qeyd olunduğu kimi erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tamamilə tərk ediblər? Bəlkə, Zəngəzur dəhlizi və digər kommunikasiyalar açılıb? Bəlkə, sərhədlərin delimitasiyasında hansısa razılaşmalar əldə olunub?

Ermənistan, mahiyyət etibarilə Rusiyanın vasitəçiliyi ilə imzalanan sənədlərdə yer alan heç bir öhdəliyini sonunadək yerinə yetirməyib və buna görə də rəsmi İrəvana zəmanətçi ölkə tərəfindən real təzyiqlər olmayıb. İndi kimsə Fransanın, ABŞ-ın qeyri-konstruktiv, qərəzli oyunlarını nümunə gətirib, Rusiyanın fəaliyyətsizliyini “təmizə çıxarmağa” cəhd göstərə bilər. Tutaq ki, Fransa və ABŞ ilə bağlı məsələ aydındır, onlar dolayısıyla, yaxud birbaşa Ermənistanı himayə etməyə çalışır və kapitulyantın xilasına çalışırlar. Bəs Rusiya? Bu müddət ərzində Rusiya hansı işləri görüb və əgər görübsə, niyə ortaqlıda nəticə yoxdur? Zənnimcə, Mariya Zaxarova süzgəcdən keçirilmiş media nümayəndələrinin iştirak etdiyi brifinqlərdə bu suallara aydınlıq gətirməli, ümumi ifadələrlə diqqəti real vəziyyətdən yayındırmağa cəhd göstərməməlidir".

Siyasi şərhçi qeyd etdi ki, Praqa görüşünün ən önəmli nəticəsi, Ermənistanın və onun “böyük bacısı” Fransanın bütün cəhdlərinə baxmayaraq, prosesin Azərbaycanın irəli sürdüyü prinsiplər üzərindən inkişaf etdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün BMT Nizamnaməsinin prinsiplərinə uyğun tanınmasıdır: “Bu, Azərbaycanın bütün əraziləri, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan yaşayış məntəqələri üzərində suveren hüquqlarının tanınması deməkdir. Digər mühüm amil sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasının tezliklə keçirilməsi ilə bağlıdır. Başqa bir məqam, bütün cəhdlərə baxmayaraq, Avropa İttifaqı və Fransanın birgə sərhəd monitorinq qrupunun Ermənistan ərazisində yerləşdirilməsi və Azərbaycanın heç bir missiyanı öz ərazisinə buraxmamasıdır. Ermənistanın öz ərazilərinə başqa ölkələrin təmsilçilərini buraxması isə, indiki halda Rusiyanı daha çox narahat etməlidir. Çünki bu, Ermənistanın Rusiyanın əleyhinə atdığı yeni və kifayət qədər ciddi addımdır. Məhz bu aspektdən, Mariya Zaxarova növbəti dəfə ölkəsinin sərhədlərinin delimitasiyası ilə bağlı atdığı konkret addımlardan danışarsa, daha doğru olar”.

İndi bizə Paşinyanın Rusiyadan qayıtdıqdan sonra hansı mövqe sərgiləyəcəyini gözləmək qalır...

E.PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.