Rusiyanı xaos və kollaps gözləyir - ölkə qışdan çıxa biləcəkmi?

8-10-2022, 11:08           
Rusiyanı xaos və kollaps gözləyir -
Ekspert: “Gələn ildən Rusiya iqtisadiyyatında böyük dalğalanmalar başlayacaq”
Rusiyanın Ukraynaya qarşı işğalçı hücumuna görə Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyaların real təsiri gözlənilən səviyyədə deyil. Bir çox ekspertlər sanksiyaların Rusiyada Qərbin planlaşdırdığı effekti verməyəcəyini gözləyirlər. Lakin nüfuzlu beynəlxalq mərkəzlərdə Qərb sanksiyalarının daha çox orta və uzunmüddətli hədəflər əsasında tətbiq olunduğunu və Rusiya üçün çox böyük mənfi nəticələrə səbəb olacağını bildirirlər.

Amerikalı məşhur filosof, yapon əsilli siyasi iqtisadçı və məşhur publisist Frensis Fukuyama isə hətta Rusiyada böyük çöküş proqnozlaşdırır. Bu barədə o, Twitter hesabında yazıb. Tanınmış alim və futuroloq bu xüsusda yazıb: “Yaxın günlərdə Rusiyada böyük kollaps olacaq”.

“Rusiya Ukraynadakı savaşda məğlub olsa, daxildə heç kəs xilas ola bilməyəcək. Bu zərbə hamıya dəyəcək”.

Bunu isə Rusiyanın “Rossiya 1" kanalında yayımlanan ”Vladimir Solovyovla axşam" proqramının efirində Karen Şahnazarov söyləyib: “Hazırda Rusiya daxilində belə Kremlin Ukraynada məğlub olmasını istəyənlər var. Biz bunu bilirik. Lakin bir acı həqiqəti qəbul etmək lazımdır: Moskva məğlub olsa, hamımız məhv olacağıq. Elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək”.

Dünya Bankı eksperləri hesab edirlər ki, Rusiya iqtisadiyyatın sürətli daralmasından qaça bilib və ilin sonuna ölkə ÜDM-i 4,5 faiz azalacaq. Lakin bu, sanksiyaların ağır nəticələrindən yayınmaq demək deyil. Belə ki, xarici ekspertlər bildiriblər ki, 2023-cü ildən Rusiya uzunmüddətli resessiya dövrünə daxil olacaq və ili 3,6 faizlik iqtisadi azalma ilə başa vuracaq. Dünya Bankı ekspertləri bu qənaətə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları, həmçinin qlobal iqtisadi durğunluq fonunda enerji qiymətlərində gözlənilən volatilliyi nəzərə alaraq gəliblər. Bu problemlərə baxmayaraq, onların fikrincə, 2024-cü ildən Rusiya iqtisadi artım yoluna çıxacaq - ili 1,6 faizlik artımla başa vuracaq. Rusiyanın özündə müstəqil ekspertlər də təxminən Dünya Bankı mütəxəssisləri ilə eyni mövqedədirlər.

Rusiya rəsmiləri isə hesab edirlər ki, Dünya Bankı ekspertləri ifrat pessimist yanaşma sərgiləyirlər. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun fikrincə, xarici ekspertlər hökumətin həyata keçirdiyi iqtisadi siyasətin prioritet tədbirlərini tam nəzərə almadan proqnozlaşdırma aparıblar: “Bu, onların hökumətin reallaşdırdığı və planlaşdırdığım strateji tədbirləri nəzərə almadan apardıqları qiymətləndirmədir. Bu qiymətləndirmə yalnız 2022-ci il üzrə bizim qiymətləndirməmizə yaxındır”.

Nazir bildirib ki, Rusiya hökumətinin proqnozu iqtisadiyyatın yeni reallıqlara sürətli keçidi və artıq 2024-cü ildən etibarən dayanıqlı iqtisadi artım dinamikasının yaranması istiqamətindədir: “Bizim Rusiyada iqtisadi azalmanın 2022-ci ildə 2,9 faiz, 2023-cü ildə isə 0,8 faiz olacağına dair proqnozumuz qüvvəsində qalır”.

Qeyd edək ki, Rusiya rəsmi statistikası iqtisadiyyatın yanvar-avqust aylarında illik ifadədə 4,1 faiz kiçildiyini qeydə alıb. İyulda bu göstərici 4,3 faiz, iyunda 5 faiz olub. Yanvar-avqust aylarında orta hesabla 1,5 faiz kiçilmə baş verib. ÜDM-in azalma dinamikasının zəifləməsi əsasən hasilat sənayesi, tikinti və kənd təsərrüfatındakı artımın hesabına baş verib. Kimya sənayesi, ağac emalı, nəqliyyat və ticarət sahələrində isə tənəzzül sürəti azalsa da, davam edib.

Rusiyalı ekspertlər xüsusilə topdan və pərakəndə ticarətdə sürətli tənəzzülü iqtisadiyyat üçün əsas problemlərdən biri olaraq görürlər. Belə ki, avqust ayında Rusiyada topdansatışın həcmi illik ifadədə 20,3 faiz azalıb. Pərakəndə ticarət, ödənişli xidmətlər və ictimai iaşə dövriyyəsinin həcmi birlikdə 5,9 faiz kiçilib. Ayrılıqda pərakəndə ticarət dövriyyəsinin həcmi illik ifadədə 8,8 faiz azalmaqla 3 trilyon 640,5 milyard rubl təşkil edib. Bu, analitiklərin gözləntilərinin əksinə olan dinamikadır. Belə ki, iyulda pərakəndə ticarət dövriyyəsinin həcmi 8,7 faiz azalmışdı. Analitiklər avqustda azalma tempinin 8,2 faizə düşəcəyini gözləyirdilər.

İstehlakçılara 3,2 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb

Rusiyalı ekspertlər ərzaq, içki və tütün məhsulları üzrə ticarət dövriyyəsinin iyuldakı 1,7 faizə qarşı avqustda 2,3 faiz, qeyri-ərzaq məhsulları üzrə dövriyyənin 145 faiz azalmasını təhlükəli tendensiya hesab edirlər. Onların fikrincə, bu dinamika ölkədə istehlakın aşağı düşməsinin göstəricisi olmaqla, ümumi tələbin, ardınca da təklifin azalmasını stimullaşdıracaq. Bütün bunlar isə sonucda iqtisadiyyatda ciddi durğunluq və daralmanı gətirə bilər.

Rusiya Maliyyə Nazirliyinin ilkin məlumatına əsasən, sentyabr ayında dövlət büdcəsinə gözləniləndən 22,7 milyard rubl az neft-qaz gəliri daxil olub. Avqust ayında dövlət büdcəsi gəlirlərinin nominal həcmi illik ifadədə 11 faiz azalıb - iyulda azalma 26 faiz təşkil etmişdi. İyuldan bəri büdcənin həm neft-qaz gəlirlərində, həm də qeyri-neft-qaz gəlirləkində azalma başlayıb. Avqusta aylıq büdcə kəsiri 344 milyard rubl təşkil edib. Səkkiz ayın yekununa görə büdcədə 137,4 milyard rublluq profisit olsa da, ilin sonuna ÜDM-in 2 faizi həcmində kəsirin yaranacağı gözlənilir.

Avqustda Rusiya büdcəsinin neft-qaz gəlirləri ötən ilin ortalarından bəri ən aşağı həddə düşərək 671,9 milyard rubl təşkil edib. Bu, iyul ayı ilə müqayisədə neft-qaz gəlirlərinin 13 faiz azalması deməkdir. Ötən ilin avqustu ilə müqayisədə isə Rusiya büdcəsi neft-qaz sektorundan 3,4 faiz az gəlir əldə edib. İqtisadi İnkişaf Nazirliyinin açıqladığı məlumata əsasən, avqust ayında Rusiyanın ixrac etdiyi Urals markalı neftin qiyməti iyuldakı 84,19 dollardan 75,94 dollara qədər ucuzlaşıb.

Bu ilin səkkiz ayında Rusiya büdcəsinə daxil olan əlavə neft-qaz gəlirləri (büdcədə nəzərdə tutulan qiymətdən yuxarı qiymətə satışdan hesablanan vergilər) proqnozdan 85,9 milyard rubl çox olmaqla 489,3 milyard rubl təşkil edib. Məlumat üçün bildirək ki, Rusiyanın 2022-ci il büdcəsində Urals neftinin qiyməti 44,2 dollardan hesablanıb.

Ümumilikdə 8 ayda Rusiya büdcəsi neft-qaz sektorundan ötənilki 5 trilyon 466 milyard rubla qarşı 7 trilyon 818 milyard rubl əldə edib. İlin yekununa bu gəlirlərin həcmi 9 trilyon 542 milyard rubl proqnozlaşdırılıb. Lakin bu göstəricinin 10,4 trilyon rubl civarında olacağı gözlənilir.

Rusiyanın qeyri-neft-qaz büdcə gəlirləri isə avqustda ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalmaqla 1 trilyon 157 milyard rubl təşkil edib. Bu zaman idxal məhsullarından toplanan ƏDV-nin həcmi 26 faiz(iyulda 40 faiz) azalıb, daxili mallar üzrə ƏDV isə 86 faiz artıb. Büdcənin digər gəlirləri isə illik ifadədə 2,3 dəfə azalma nümayiş etdirib.

Bütün hədə-qorxulara rəğmən, Qərb Rusiyanın bütün gəlir kanallarını bağlamaqda qərarlı görünür. Rusiyanın sanksiyalara qoşulmayan ölkələrlə ödənişləri təmin etmək üçün tətbiq etdiyi “Mir” sisteminin xaricdə fəaliyyətinin qarşısı tamamilə alınıb. Dekabr ayından Rusiya neftinə qiymət tavanı tətbiq olunacaq, həmçinin Avropa İttifaqı Rusiyadan dəniz yolu ilə çatdırılan neft və neft məhsullarının alışını dayandıracaq. Bundan əlavə, qiymət tavanından yuxarı satılan Rusiya neftinin daşınmasına qadağa qoyulacaq.

Rusiya qazının ən böyük alıcısı olan Avropa İttifaqı Ukraynada müharibə başlayandan keçən 7 ay ərzində bu məhsuldan asılılığını 41 faizdən 7 faizə qədər azaldıb. Bu isə Rusiyanın qaz satışından gəlirlərinin kəskin azalmasına səbəb olub. Rusiya tərəfi tavan qərarına qoşulan ölkələrə neft satmayacağını bəyan edir, lakin bunun real olmadığı hər kəsə aydındır: valyuta ehtiyatlarının mühüm hissəsi Qərb banklarında dondurulan Rusiya neft satışından əldə edə bilməyəcəyi gəlirləri əlçatan ehtiyatları hesabına uzun müddət təmin edə bilməyəcək. Qərbin Rusiyanın neft-qaz məhsullarına tətbiq etdiyi sanksiyalar 2023-cü ildən ölkənin bu istiqamətdən əldə edəcəyi gəlirləri minimuma endirəcək.

Rusiyanın Qərb sanksiyalarına dayanmaq imkanları hansı dövrə qədər yetərli ola bilər? Bu sanksiyaların təsirinin cüzi olduğunu iddia edənlər nə qədər haqlıdılar?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Qərb sanksiyalarının Rusiya iqtisadiyyatına təsirlərinin getdikcə artacağı şübhə doğurmur: “Hələlik bu sanksiyaların təsirlərini azaltmaq üçün Rusiyanın ehtiyat yastığı var. Eyni zamanda dünya bazarında enerjidaşıyıcıların qiymətinin bahalaşması Rusiyaya əlavə imkanlar yaradır. Lakin enerji, maliyyə, texnologiyalar, investisiyalar, bank sahələrindəki sanksiyalar getdikcə kəskinləşir və onların bir müddətdən sonra Rusiya iqtisadiyyatına ağır təsirləri başlayacaq. Bu təsirlərin nəticəsində ən azından gələn ildən başlayaraq Rusiya iqtisadiyyatında böyük dalğalanmalar, təlatümlər baş verəcək”.

Ekspert bildirir ki, Rusiya üçün ən təhlükəli vəziyyəti neft-qaz bazarında qiymətlərin düşməsi yarada bilər: “Təəssüf ki, zamanında bu istiqamətdə Qərb tərəfindən ciddi addımlar atılmadı. Nəticədə Rusiya böyük həcmdə əlavə gəlirlər əldə etdi və bu da onun ayaqda qalmasına kömək etdi”.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.