Bağban başçının evində niyə öldü? - ŞOK İDDİA
21-05-2016, 10:39
Xəbər verdiyimiz kimi, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib. Bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyidi tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur. Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Baş vermiş ölüm hadisəsi ilə bağlı gundelik-baku.com-a şok təfərrüatlar məlum olub. Adının gizli qalmasını xahiş edən şəxsin bildirdiyinə görə, icra başçısının həyətində bağban işləyən Əlismayıl Sadıqovun ölümünə qədər ürəyindən heç bir şikayəti olmayıb. Deyilənə görə, bağban son günlər gərginlik keçirirmiş. Bunun səbəbi isə onun icra başçısının mübhəm telefon danışıqlarını eşitməsi ilə bağlıdır. Məlumatda deyilir ki, icra başçısı evdə olarkən bir neçə dəfə həbsdə olan qohumu Vidadi Zeynalovla əlaqə saxlayıb, onunla bəzi məsləhətləşmələr aparıb.
Elə bu vaxt Əlismayıl Sadıqovun başçının telefon danışığının üzərinə çıxdığı deyilir. Bildirilir ki, icra başçısı «Vidadi müəllim, səbrli ol, yaman günün ömrü az olar. İnşallah tezliklə oradan çıxarsınız. Mən tərəfdən bütün zəruri yardımı etməyə, köməklik göstərməyə hazıram. Nəyə ehtiyacınız varsa, adamlarımla əlaqə saxlayıb sifarişlərinizi verməyiniz kafidir. Kefən dəfə dediyiniz işi də yoluna qoydum» deyəndə bağban bunu eşidib. Deyilənə görə, başçı bağbanın onun kiminlə danışdığını biləcəyindən ehtiyatlandığı üçün onu işdən çıxaracağı ilə qorxudub. Bildirilir ki, bağban məhz burdan aldığı maaşla ailəsini dolandırırmış. İş yerini itirəcəyi qorxusu sonda onun ürəyinin dayanması ilə nəticələnib. Biz demirik ki, icra başçısı birbaşa bağbanın ölumündə günahkardır. Amma o müəyyən mənada bu işdə rol oynayıb. Ümid edirik ki, aidiyyəti dövlət qurumları Əlismayıl Sadıqovun ölüm işini ən incə detallarına qədər araşdıracaq. O zaman bağbanın səhhətində yaranmış problemlə əlaqədar dünyasını dəyişib-dəyişmədiyi müəyyənləşəcək.
Məsələ ilə bağlı icra başçısının da mövqeyini dərc etməyə hazırıq.
//Gundelik-baku.com