Millət vəkili Azərbaycanın Birinci xanımına təşəkkür etdi
23-05-2016, 10:10
Azərbaycan Respublikasının Milli Məclisinin “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının təşəbbüsü Heydər Əliyev Fondundan, onun prezidenti, ölkənin birinci xanımı çox hörmətli Mehriban xanım Əliyevadan gəlib.
Heydər Əliyev Fondu indiyədək də belə hümanist aksiyalarla yadda qalıb. Fondun və rəhbərliyinin fəaliyyətinin fövqündə insan amili, insana diqqət və qayğı durur. Qurum təkcə ölkəmizdə deyil, dünyanın bir çox bölgələrində ədalət və humanizm prinsiplərinin təbliğ edir, mövcud istiqamətdə çoxşaxəli tədbirlər reallaşdırır. Bütün bunlar isə bütövlükdə ali dəyərlərin dərinləşməsinə dünya miqyaslı töhfələrdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik ənənələrimizin bərpası idi. Cümhuriyyət eyni zamanda Azərbaycan toplumuna yeni dəyərlər qazandırdı. Bu dəyərlər XX əsrin sonlarına doğru vüsət almaqda olan milli özünüdərk proseslərinin katalizatoruna çevrildi. Ümummilli Liderimiz Heydər Əliyev xalq cümhuriyyətinin tarixi rolunu əsas tutaraq müasir, müstəqil Azərbaycan Respublikası quruculuğunda azadlıq və demokratiya ideyalarını bəyan etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin ənənələrinə sadiqlik nümayiş etdirərək eyni dəyərləri bir qədər də inkişaf etdirib, humanizmi dövlət siyasətinin vacib elementinə çevirib. Dövlət başçısı dəfələrlə əfv fərmanları imzalayıb. Bu fərmanların nəticəsində minlərlə insan yenidən cəmiyyətə inteqrasiya olunub, azad yaşamağın anlamını dərk edib. Ümumən möhtərəm Prezidentimizin mövcud kontekstdə qaldırılan məsələlərə həssas yanaşması mövcuddur.
Mehriban xanımın, Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək 3 dəfə amnistiya aktı həyata keçirilib. Bu amnistiya aktı da 10 minədək insana şamil edildi. Layihə bilavasitə 3500 insanı azadlıqdan məhrumetmə cəzasından qurtardı. Zənnimcə, çox az ölkə olar ki, belə miqyaslı amnistiya həyata keçirilsin.
Qeyd etdiyim kimi, Azərbaycanda indiyədək nəhəng amnistiya aktları, əfv fərmanları icra olunub. Bizim üçün bu, bəlkə də adiləşib. Ancaq hesab edirəm ki, bunlar tarixdə qalacaq hadisələrdir. Hesab edirəm ki, zaman keçdikcə belə sənədlərin mahiyyəti daha sistematik şəkildə öyrəniləcək, tarix onlara daha layiqli qiymətini verəcəkdir.
Sonda bir daha vurğulayım ki, Mehriban xanım Əliyevanın 28 may Respublika Günü münasibətilə amnistiya təşəbbüsü həm də dövlətçilik tariximizə ehtiramdır. Bu ehtiram nümunəsi minlərlə insanı, onların minlərlə doğma və əzizini gələcəyə səsləyən dövlətə və xalqa sadiqlik çağırışıdır. Bu nəcib missiyaya, xeyirxahlıq və insanpərvərliyə görə ona dərin minnətdarlığımı bildirirəm.