Ermənistan Parlamentində gərginlik: Azərbaycan əleyhinə bəyanat niyə qəbul olunmadı?

3-12-2022, 09:44           
Ermənistan Parlamentində gərginlik:
“Mülki müqavilə” “Ermənistan” fraksiyasının layihəsindən “Artsax” sözünü çıxardı: müxalifət Paşinyanı ittiham etdi

Ermənistan hakimiyyəti ilə müxalifəti arasında gərginlik yaranıb. Belə ki, “Ermənistan” müxalifət bloku fraksiyasının təşəbbüsü ilə dekabrın 2-də Milli Assambleyanın növbədənkənar iclası çağırılıb. Ermənistan Parlamentinin iclasının gündəliyinə “Azərbaycan Milli Məclisinin 8 noyabr 2022-ci il tarixli bəyanatı ilə bağlı Ermənistan Milli Assambleyasının Bəyanatı” layihəsi daxil edilib.

Müzakirə zamanı Baş nazir Nikol Paşinyanın hakim “Mülki müqavilə” Partiyası ilə müxalifət bir sıra məqamlarda razılığa gələ bilməyib. Bununla da layihənin qəbulu mümkün olmayıb.

“Bir çox məsələlərdə konsensusa gəlmək imkanı var idi, amma təəssüf ki, hər iki tərəf üçün də bir neçə prinsipial məqamlar iki fraksiya adından bəyanat verməyə əngəl yaratdı”. Bu sözləri Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının iclasında onun rəhbəri, hakim “Mülki müqavilə” Partiyasından olan deputat Eduard Ağacanyan bildirib.

Deputat qeyd edib ki, müxalif “Ermənistan” blokundan olan həmkarları ilə əsaslı müzakirələr aparılıb: “Təklif olunan layihənin işlək qaydada müzakirəsi ilə bağlı “Mülki müqavilə” Partiyasının fraksiyaları ilə “Ermənistan” blokunun fraksiyası arasında razılıq əldə olunub. Amma nəzərə alsaq ki, layihə Milli Assambleya adından olmalı idi, razılaşdırılmış varianta gəlmək məntiqli idi. Lakin həmkarlarımız bizim fikirlərimizlə razı olmadılar.

“Layihədə dəyişikliklərlə razılaşmadılar. Səsvermə ilə bağlı mövqeyimizə gəlincə, mən komissiyamızın üzvlərini bu layihənin dəstəklənməsinə dair səsvermədə bitərəf olmağa çağırdım”, - Ağacanyan bildirib.

“Vətəndaş müqaviləsi” fraksiyasının deputatı E.Ağacanyan Ermənistan Parlamentindəki çıxışı zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsindən danışıb. Bu zaman Ağacanyan qondarma qurumun adını çəkməyib. Deputat "Artsax" əvəzinə “Qarabağ erməniləri” ifadəsini işlədib və qeyd edib ki, onların təhlükəsizliyinin təminatçısı bundan sonra Ermənistan yox, Rusiya sülhməramlılarıdır: “Bu gündən etibarən Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı və onların təhlükəsizliyinə cavabdeh olan əsas qurum Rusiya sülhməramlı qüvvələridir”.

Ağacanyan onu da deyib ki, müxalifətin Qarabağ məsələsi ilə bağlı təklif etdiyi formulalar yeni risklərə səbəb ola bilər: “Əlbəttə, layihədə tərəflərin müəyyən razılıq əldə edə biləcəyi müddəalar az deyil. Amma bunlarla bağlı yekun razılığa gəlmək mümkün olmadı. Bəzi düsturlar var ki, hər iki tərəfin mövqelərinə kökündən ziddir. Müxalif “Ermənistan” fraksiyasının təklif etdiyi düsturlar müharibədən əvvəlki xarici siyasətin məntiqinin davamı və təkrarıdır. Müxalifətin təklif etdiyi formulalar konsolidasiyaya töhfə verməyəcək, əksinə, yeni risklər yaradacaq”.

“Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan isə deyib ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası müxalif deputatların Azərbaycan əleyhinə hazırladıqları bəyanatda Qarabağla bağlı düzəliş edib.

“Hakim fraksiyanın üzvləri “Ermənistan” blokunun hazırladığı bəyanatdan “Artsax” sözünü çıxarıblar. Bəyanatın mətni “Vətəndaş müqaviləsi” fraksiyasına təqdim edilib, onlar da öz tövsiyələrini veriblər. Təkliflərində “Artsax Respublikası” ifadəsini silib, əvəzinə “Qarabağ erməniləri ifadəsini əlavə ediblər. “Öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyin bir hissəsini də siliblər. Yəni bəyanatın mətni tamamilə dəyişdirilib”, - Saqatelyan əlavə edib.

Deputat bununla Baş nazir N.Paşinyanın rəhbərlik etdiyi fraksiyanın Azərbaycan əleyhinə bəyanat verməkdən faktiki olaraq, imtina etdiyini söyləyib: “Fransa Milli Assambleyası və Senat bəyanat verir, Ermənistan Milli Assambleyası isə bəyanat verməkdən imtina edir. Fakt budur. Belə addım bizə əsas verir ki, Paşinyanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərin icra etdiyini söyləyək”.
ayna.az
Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.