MANATA QARŞI YENİ `SUİ-QƏSD PLANI`... - Hər şey buna doğru gedir...

3-02-2023, 12:42           
MANATA QARŞI YENİ `SUİ-QƏSD PLANI`... -
Təxminən 7 il əvvəlki devalvasiyadan sonra manat nisbətən sabit qrafik cızır. Elə təəssürat yaranıb ki, Azərbaycanın milli valyutası balansı hələ uzun müddət qorumaq gücündədir. Maliyyə müstəvilərindəki müşahidələr isə devalvasiya ehtimalının az olmamasına işarə vurur. Onsuz da hökumət manatın məzənnəsinin qorunması üçün prosesə süni müdaxilə edir. Üstəlik, baş verənlər nikbinliyə əsas olmadığını göstərir.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, manat devalvasiyanın bir addımlığındadır. Əlbəttə, hökumətin prosesi yeni süni yollarla uzatması mümkündür. Amma bu istiqamətdə işlər qaydasında deyil.

2022-ci ildə əhali banklardan nağd 2 milyard 357 min dollar alıb. Xüsusilə ilin sonunda fəallıq olub. Düzdür, əvvəllər əhalinin daha çox dollar əldə etdiyi illər qeydə alınıb. Məsələn, 2022-ci ildə ölkə vətəndaşları 3 milyard dollardan çox vəsaitin bankdakı prosedurdan sonra sahibinə çevrilmişdi. Lakin nəzərə almaq lazımdır ki, onda Azərbaycan nefti ağır günlərini yaşayırdı. “Azerilight”n barelinin 16 dollardan ucuz təklif edildiyi məqamlar olmuşdu. Əhali devalvasiya olacağını gözləyirdi. Hamı əlindəki son vəsaiti də güvəndiyi dollara çevirməyə çalışırdı.

Devalvasiyaya şərait yaradacaq məsələlərdən biri Azərbaycanda yenidən əhalinin banklardakı əmanətlərinin vergiyə cəlb olunmasıdır. 2016-cı il fevralın 1-dən pulunu banklarda saxlayanlar əmanət vergisindən azad olunmuşdu. Amma hökumət daha güzəşt üçün yer qalmadığını düşünür. Bu isə banklardakı əmanət payının kəskin azalmasına səbəb olacaq. Onsuz da bu maliyyə institutlarına Azərbaycanda inam böyük deyil. Gəlir faizləri son illər çox aşağı düşüb. Vergi ödəmək öhdəliyi qayıdırsa, onda əmanətçilərin kütləvi şəkildə pulunu geri çəkməsini müşahidə edəcəyik. Bunu proqnozlaşdırmaq üçün münəccim olmaq lazım deyil. Beləcə, manata inam bir az da azalacaq.

Manat üçün daha bir pis xəbər ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırmasıdır. Əlbəttə, federal agentlik hər il belə addım ata bilər. İş orasındadır ki, federal fondların faiz dərəcəsi üçün hədəf diapozonunun yüksəldilməsi qərarı həm də dolların gücləndirilməsinə xidmət edir. Müşahidələr hökumətin xüsusilə ABŞ valyutasının ölkədəki məzənnəsinə kökləndiyini göstərir. Deməli, xəbər bizim üçün ürəkaçan deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.