Erməni türkoloq : ”Ankara Azərbaycan-Ermənistan-Türkiyə formatı yaratmağa çalışır”

20-02-2023, 09:14           
Erməni türkoloq : ”Ankara Azərbaycan-Ermənistan-Türkiyə formatı yaratmağa çalışır”
“Ankarada Mirzoyanla birgə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışını dinləyəndə məndə belə bir təəssürat yarandı ki, Ankara vasitəçi rolunu öz üzərinə götürməyə, yeni danışıqlar formatı - Azərbaycan-Ermənistan-Türkiyə yaratmağa çalışır”.

Cebhe.info xəbər verir ki, bu barədə “Force Factor” proqramının efirində akademik, türkoloq Ruben Safrastyan bildirib.

“Əminəm ki, Türkiyənin bölgəmizdəki strategiyası onu öz nəzarəti altına almaq və Rusiyanı buradan sıxışdırıb çıxarmaq məqsədi daşıyır. Onilliklər ərzində Rusiya Federasiyası həlledici rol oynayıb və indi də oynayır. İndi Türkiyə özü vasitəçi olmaq və Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir. Yaxın aylarda biz görəcəyik ki, həqiqətən də hər şey belədir, ya yox?”, - Safrastyan bildirib.

Türkoloq əmindir ki, Ermənistanın köməyinə və diplomatik addımlara baxmayaraq, Ankara münasibətlərin normallaşması üçün əməli addımlar atmağı və bunun üçün əlverişli şərait yaratmağı planlaşdırmır.

“Türkiyə, məsələn, Laçın dəhlizinin açılması istiqamətində heç bir addım atmağı planlaşdırmır. Əminəm ki, bu, təkcə Azərbaycan proqramı deyil, Türkiyə-Azərbaycan birgə proqramıdır”.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin tezliklə nizamlanmasında maraqlı deyil. “Türkiyə üçün Ermənistan Respublikası, məsələn, münasibətləri pis vəziyyətdə olan İsrail və ya Yunanıstan qədər önəmli deyil. Türkiyə bu dövlətlərlə münasibətləri tənzimləmək vəzifəsini qarşısına qoyur. İsraillə münasibətləri necə yaxşılaşdırdıqlarını gördük, Yunanıstanla münasibətlərin gərginləşməsinin qarşısını almaq üçün hər şeyi edirlər.

Ermənistan Türkiyə üçün təhlükə yaratmır. Türkiyə elitasının Ermənistanla bağlı qərarı belədir:

“İrəvan bizimlə münasibətlərin normallaşmasında bizdən çox maraqlıdır və bunun əvəzini Ermənistan ödəməlidir”. Bu, Türkiyənin strategiyasıdır. Bu yaxınlarda Ərdoğan artıq “tələb” sözünü işlədib”.

Akademik bildirib ki, Türkiyənin tələbləri var və Ermənistan onları qəbul etməyənə qədər Ankara heç bir fundamental addım atmayacaq:

“Ermənistanın Türkiyəyə yardım etməsini çox yüksək qiymətləndirirəm, bu, normal insan reaksiyasıdır, lakin bu addım siyasi dəyişikliklərə səbəb ola bilməz. Bu, humanitar sahədir, siyasi və geosiyasi sahələr isə tamamilə fərqlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru