Azərbaycan: quru sərhədlər niyə açılmır?

11-05-2023, 11:28           
Azərbaycan quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxacaq.
Yerli medianın yazdığına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov
quru sərhədlərinin açılması ilə bağlı sualları cavablandırarkən deyib. Azərbaycan koronavirus
pandemiyasına görə xüsusi karantin rejimini iyulun 1-nə kimi uzadıb.
Xüsusi karantin rejiminə görə ölkənin quru sərhədləri bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 5-də “Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin
sona çatdığını elan edib.
ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyb ki, ölkələr xüsusi karantin rejimindən
COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.
Amma o, eyni zamanda vurğulayıb ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq
sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə
səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola
biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.

Onlarla adam icazə almağa çalışır
Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısı qələbəlikdir: onlarla adam ölkəni quru yolla tərk
etmək üçün icazə almağa çalışır.
Koronavirus pandemiyasına görə, iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb,
ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür, bircə Naxçıvanla Türkiyə arasındakı quru
sərhəd açıqdır.
Nazirlər Kabinetinin son qərarına görə, ölkədə pandemiyaya görə tətbiq edilən bir sıra
məhdudiyyətlər aradan qaldırılsa da, yerüstü sərhədlərin bağlı qalması iyulun 1-nə kimi uzadılıb.
37 yaşlı Bakı sakini Sahibə Allahverdiyeva səhhətinə görə İrana getməlidir, amma təyyarə ilə
getməyə maddi imkanı yetmədiyindən bu ölkəyə quru yolla keçmək üçün icazə almalıdır. Deyir,
ayağı amputasiya olunmalıdır: “Azərbaycanda bunu etdirmək üçün həkimə getməyə imkanım
yoxdur. Amputasiyadan başqa, bir də protezə pul verməliyəm. Ona görə də İrana getmək
istəyirəm. Orada ucuzdur”.
Nazirliyin binası qarşısında uzun növbə bura yığışanlara ünsiyyətə başlamaq üçün mövzu olub:
“Neçənci adamsan?” – bir-birlərindən soruşurlar. “Səhər saat 6-dan buradayam, 13-cü adamam”,
“Saat 9-da gəlmişəm, 133-cü adamam”, cavablar müxtəlifdir. Növbədə 180-ci olan da var.
Gəncədən gəlmiş Afaq Rzayeva da İrana getmək istəyir, azyaşlı övladını ora müalicəyə aparır:
“Pandemiya başlayandan getməmişik. Uşağa burada xəstəxanada ağır kimyəvi dərmanlar
verildiyi üçün beynində problem yaranıb. Bura etibarım yoxdur, ona görə də uşağı İrana aparmaq
istəyirəm”.
O bu gün Bakıya məhz icazə dalınca gəlib, əgər sənədi ala bilməsələr, məcbur olub Bakıda
qalacaqlar.
“Samalyot“da adam virus tutmur?”

Növbə gözləyənlər arasında bəzən narazılıq səsləri ucalır. Kimsə gözləməkdən bezib, kimsə
yorulub, ayaq üstə dayana bilmədiyini deyir. Kimsə saatlardır gözlədiyini, növbəsinin niyə hələ də
gəlib çatmadığını sorğulayır.
“İrana göz əməliyyatına getməliyəm, açıq göz əməliyyatı olunmuşam. İndi bu birisi olmalıdır.
Təyyarə qiymətləri çox bahadır. Mənim hər gedişdə 1000 dollar pulum çıxır, üstünə də
təyyarənin qiymətini gələndə çox olur”, – Bakı sakini, Əzizə adlı qadın BBC müxbirinə deyib.
Onun sözlərinə yanındakı Məleykə adlı bir qadın dəstək verir:
“Ay bala, bax, mən həm həkimə gedirəm illərdir, həm də alverə. Nə gizlədim? Çörəyimi ordan
qazanırdım. Uşaqlarımı ordan gətirib satdıqlarımla oxutmuşam, ərə vermişəm, evləndirmişəm.
İki ildir ruzumuzu kəsiblər. Başa düşdük ki, “korona”dır oturduq, gözlədik. İndi ki, hər yer açıb
sərhədləri. Bunların bağlamaqda məqsədləri nədir? İşə düşmüşük. Samalyotda adam virus
tutmur?”
“Səhər saat 6-dan gəlib burada oturmalıyam ki, növbə
tuta bilim”
Səhər saat 11 olur. Birdən narazı səslər ucalır. Növbədə gözləyənlər arasında İkinci Qarabağ
müharibəsində yaralanmış bir gəncin olduğunu bilənlər onun növbəsiz keçməsini istəyirlər.
Keçmiş müharibə iştirakçısı içəri keçəndən sonra səs-küy yatır.
Xanımı ilə birgə icazə almaq üçün bura gəlmiş Rəşad Sadıqovun həyat yoldaşı və uşaqları
Rusiya vətəndaşlarıdır. O deyir ki, Azərbaycana pandemiyadan əvvəl gəlsələr də iki ildir ölkədən
çıxa bilmirlər.
“Çətinliyimiz odur ki, yoldaşım Rusiya, mənsə Azərbaycan vətəndaşıyam. Təyyarə ilə getmək
imkanımız yoxdur. Quru sərhəddi ilə getmək istəyirik, onda da mənə icazə vermirlər. Ancaq
təyyarə ilə getsək icazə olar”.
Müsahibimiz deyir ki, Azərbaycanda yaşamaq üçün heç bir səbəbləri yoxdur.
“Ev yox, eşik yoxdur burada. İş də yox. Üstəlik uşaqlar orada təhsilə başlayacaq, getməliyik.
Bilmirdim ki, burada belə bir növbə var. Beşinci gün səhər saat 6-dan gəlib burada oturmalıyam
ki, növbə tuta bilim”.

“Üç aydır ilişib qalmışam burda”
Adının çəkilməsini istəməyən vətəndaşlardan biri deyir ki, mart ayının əvvəllərində ölkəyə
maşınla giriş edib. İndi isə sənəd alıb çıxa bilmir.
“Üç aydır ilişib qalmışam burda. Ayın 22-nə Polşadan Kanadaya uçuşum var. Maşını aparmalı
olmasaydım, təyyarə ilə uçardım. Quru yolla çıxmağa da bir dəfə imtina veriblər. İndi bilmirəm nə
olacaq. Gözləyirik”.
Adının çəkilməsini istəməyən, növbə gözləyən digər bir qadınsa deyir ki, ölkəyə qayıdarkən
maşınla girişə icazə verilməyib. Bir neçə sərhəd keçib gəlsələr də, Gürcüstandan Azərbaycana
keçiddə maşını sərhəddə qoymalı olublar. İndi “aylardır sənədi düzəldə bilmədiyi üçün maşın
sərhəddə qalıb”.
Naxçıvandan yol açıqdır
Ancaq ölkəni quru yolla Naxçıvan üzərindən tərk etmək olar. Türkiyənin Dilucu sərhəd-keçid
məntəqəsindən BBC News Azərbaycancaya bildirilib ki, bu ilin martından istər Azərbaycan, istər
də Türkiyə vətəndaşları hər iki istiqamətə maneəsiz gedib-gəlirlər, onlardan hər hansı icazə
sənədi istənilmir.
Elə Azərbaycandakı bəzi turizm şirkətləri də Türkiyəyə Naxçıvan üzərindən turlar təşkil edirlər.
Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin təmsilçisi BBC-yə bildirilib ki, onlar
Türkiyəyə turistləri maneəsiz aparırlar, sadəcə, müştəriləri özləri Naxçıvana getməlidirlər: ” Girişçıxışda, sadəcə Covid pasportu yoxlanılır. Əlavə heç bir sənəd tələbi yoxdur. Pandemiyadan
əvvəl Gürcüstandan gedirdik. İndi isə Naxçıvandan heç bir problem olmadan gedib-gəlirik”.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq edilməsini
Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabinetindən BBC News Azərbaycancanın sərhədlərin hansı zərurətdən hələ də bağlı
qalması ilə bağlı sualını cavablandırmayıblar.
“Sanitar-epidemioloji sağlamlıq haqqında” qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət
tətbiq etməyə birbaşa səlahiyyəti var”, – Baş Nazir Əli Əsədov bu ilin martında Mİlli Məclisdə
çıxışı zamanı bildirmişdi.
Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, ölkədə koronavirusa görə xüsusi karantin
rejimi tamamilə ləğv edilmədiyindən, quru sərhədlərin bağlı qalması vacibdir: “Bu məsələ ilə
bağlı mütəxəssis deyiləm, amma karantin rejiminin tətbiqi üçün xəstəliyin yayılması,
yayılmasının intensivliyi, hansı formada daha çox yayılır və bu kimi amillərə baxılır. Əksər
ölkələrdə bu proses gedir. ÜST-ün dünyada pandemiyanın bitməsi ilə bağlı yekun rəyi yoxdur”.
Onun fikrincə, “söhbət insanların sağlamlıq məsələsindən getdiyi üçün həssas yanaşma tələb
edir”.
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə, son həftələrdə
koronavirusa ən çox günlük yoluxma sayı 33 olub. Mayın 11-nə olan məlumata görə, hazırda
aktiv xəstə sayı 70 nəfərdi, mayın ilk 10 günündə ölkədə koronavirusdan ölüm faktı qeydə
alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru