Putin üçün Priqojin təhlükəsi
12-05-2023, 10:53

Ukraynadakı müharibədə qəddarlığı ilə ad çıxaran “Vaqner” özəl hərbi şirkətinin terrorçularının
lideri Yevgeni Priqojin sursat çatışmazlığından şikayətləndiyi videoda qəfildən “axmaq vəziyyətə
düşə biləcək qoca” barədə danışıb və onu rusca “mudak” adlandırıb. Və çox güman ki, söhbət
Vladimir Putindən gedir. Video yayılandan sonra hamı bir sual üzərində düşünür: bu, nə
deməkdir?
Priqojinin mətbuat xidməti 27 dəqiqəlik videomüraciəti Rusiyada qələbə gününün pafosla qeyd
edildiyi mayın 9-da dərc edib.
“Vaqner”in sahibi Rusiya Müdafiə Nazirliyini döyüş sursatlarını “anbarlarda toplamaqda”,, vəd
olunduğunun əksinə olaraq, onun döyüşçülərinə veməməkdə və bununla da “əsgərləri ölümə
məhkum etməkdə” ittiham edib.
O, videomüraciətində cəbhədəki çətin vəziyyətə baxmayaraq, “hər şeyin yaxşı getdiyini düşünən
baba” barədə danışıb. Kontekstə nəzər yetirəndə, söhbətin Putindən getdiyi şübhə doğurmur.
“Xoşbəxt baba elə hesab edir ki, onun vəziyyəti yaxşıdır. Bəs ölkəmiz bundan sonra nə etməlidir?
O haqlı çıxsa, Allah hamımıza can sağlığı versin. Bəs təsadüfən bu babanın sonu çatmış
“mudak” (aşağılayıcı ifadədir: əclaf, axmaq, sadəlövh, başdan xarab və s. mənalarda işlənir –
red.) olduğu məlum olsa, ölkəmiz, bizim övladlarımız, nəvələrimiz nə etməlidir, Rusiyanın
gələcəyi necə olacaq və müharibədə necə qalib gələcəyik?” – Priqojin bəyan edib.
Priqojin bir neçə aydır ki, sursat çatışmazlığı səbəbindən Rusiyanın müdafiə naziri Sergey Şoyqu
ilə açıq münaqişəyə başlayıb. O, yanvar ayında Putin administrasiyasını birbaşa tənqid edərək,
onun bəzi məmurlarının “satqın” olduğunu və Ukraynaya qarşı müharibədə Rusiyanın məğlub
olmasını arzuladıqlarını bildirib. Amma şəxsən Kreml rəhbərinə toxunmayıb.
Priqojin aprelin 14-də Kremlə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başa çatdığını, işğal
olunmuş ərazilərdə möhkəmlənərək “Rusiyanın planlaşdırdığı nəticələrə nail olduğunu” elan
etməyi təklif edib. Bu günlərdə isə Şoyqunu hədələyərək, guya sursat çatışmazlığı səbəbindən
mayın 10-da döyüşçülərini Baxmutdan geri çəkəcəyini bildirib. Amma Ukrayna Silahlı
Qüvvələrinin məlumatına görə, “Vaqner” tərəfindən atəşin intensivliyi azalmır.
Bəs görəsən, Priqojinin öz “ağasına” qarşı bu gözlənilməz hücumu nə deməkdir? Axı kriminal
keçmişi olan, özünün “şəxsi aşpazı” adı qazanmış bu adamı məhz Putin irəli çəkib. Priqojin bu
cür riskli bəyanatlarla nəyi iddia edə bilər?
Ukraynalı politoloq, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk
bununla bağlı fikirlərini Press Klubla bölüşüb.
O, bildirib ki, Priqojinin bu açıqlaması ilə bağlı bir neçə məqamı qeyd etmək lazımdır.
“Birincisi, onun bu bəyanatda birbaşa Putini hədəf götürdüyünü birmənalı söyləmək olmaz.
Çünki o, bundan əvvəl “Vaqner” qrupuna mərmi vermək əvəzinə, bu mərmiləri toplamaqla
məşğul olan Müdafiə Nazirliyinin məmurlarının adlarını çəkmiş və onların barəsində kifayət
qədər geniş məlumat vermişdi. Yəni, prinsipcə, elə izah etmək olar ki, o “baba” ilə bağlı
dediklərini Müdafiə Nazirliyində oturanlar və sursatların verilməsinə rəhbərlik edənlərə
ünvanlayıb. Yəni Priqojinin məhz Putini təhqir etdiyini birmənalı şəkildə deyə bilmərik.
Baxmayaraq ki, bu bəyanat birmənalı səslənmirdi və əksəriyyət bunu konkret olaraq Putinə
işarə edilməsi kimi qəbul etdi.
Priqojin niyə vəziyyəti gərginləşdirmək kursu götürüb? Bir neçə variant ola bilər. Çox güman ki,
“Vaqner” rəhbəri ondan istifadə olunduğunu və Kreml tərəfindən istifadə edilmiş bir çox insan
kimi onu da xərcləməyə hazılaşdıqlarını başa düşüb. Yəni, bundan əvvəl baş vermiş və
Moskvanın Ukrayna xüsusi xidmət orqanlarının ayağına yazdığı terror aktları təəccüblü şəkildə
Priqojinə yaxın insanlara toxunub. Bu, həm öldürülən hərbi jurnalist Tatarskiyə, həm də ağır
yaralanan təbliğatçı Prilepinə aiddir. Yəni, düşünürəm ki, Priqojin onun ətrafındakı dairənin
qapandığını hiss edir. Və ola bilər ki, guya Ukrayna xüsusi xidmət orqanlarının qoyduğu
hansısa partlayıcı qurğu günü sabah sözün əsl mənasında onu da havaya uçursun. O, belə bir
vəziyyətdə mütəmadi olaraq Müdafiə Nazirliyini və hakimiyyət orqanlarını günahlandıraraq,
vəziyyəti gərginləşdirməyə və yəqin ki, bu yolla özünü qorumağa çalışır. İstəyir ki, Tatarski ilə
baş verən terror aktı onun da başına gəlsə, əsas şübhəlilər mücərrəd Ukrayna xüsusi xidmət
orqanları deyil, Müdafiə Nazirliyinin və ümumilikdə Rusiya hakimiyyətinin konkret məmurları
olsun. Bu vəziyyət ona qarşı planlaşdırıla biləcək əməliyyatları gərəksiz edir. Çünki heç kim bu
məsuliyyəti öz üzərinə götürmək və adının çəkilməsini istəməz. Hər halda, Priqojin belə
düşünür.
Digər tərəfdən, səs-küylü terror hücumlarından başqa, müəyyən şəxsləri aradan götürməyin
səs-küylü olmayan digər yolları da var.
Amma bütün hallarda, düşünürəm ki, sonda Priqojin üçün də “Givi”, “Motorola”, Zaxarçenko
(Donbasda Ukraynaya qarşı terrorçuluqla məşğul olan və sonradan öldürülən separatçılar) və
başqaları kimi eyni rol ayrılıb. Onlar da öz rollarını yerinə yetirəndən sonra sadəcə olaraq yoxa
çıxdılar. Və yəqin, Priqojin də başa düşüb ki, hazırkı vəziyyətdə onun sağ qalmasının yeganə
yolu siyasətə qoşulmaqdan və hətta karyerasını yenidən qurmaqdan keçir. O, eyni zamanda,
lider statusuna iddia edir. Rusiyanın rəsmi təbliğatçılarının hazırda “turbopatriotlar”
adlandırdıqları lider kimi. Yəni, fikrimcə, Priqojin hazırda özünə siyasətdə sığınacaq tapmağa
çalışır”, – deyə P.Oleşuk bildirib.
Rauf Orucov