Rəsmi qurumlar oyanıb bəyanat hazırlayana qədər artıq Ermənistanın nəinki Müdafiə Nazirliyi

12-05-2023, 16:47           
Rəsmi qurumlar oyanıb bəyanat hazırlayana qədər artıq Ermənistanın nəinki Müdafiə Nazirliyi
O qədər regionu bilməyib, prosesləri görməzdən gəlib, militarlığa kor olub, optimist adam olmalısan ki, qısa zamanda sülhə inanasan.
Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Gerçəkci olaq, bu danışıqlar sülhdən daha çox kimin regionda ağa olması uğrunda gedir. Nəinki Rusiya, heç ABŞ və Avropa İttifaqını da iki ölkə arasındakı sülh maraqlandırmır. Rusiya regionda qalması üçün sözdə sülh danışıqlarına vasitəçilik edir, digərləri də regiona yerləşmək üçün. Heç kim erməni və azərbaycanlının qara qaşına, qara gözünə vurulmayıb.
Şərti sərhəddə baş verən atışmaya gəlməzdən öncə bir neçə şeyi qeyd etmək lazımdır.
Danışıqlar üç masada gedir – Vaşinqton, Brüssel və Moskva. Vaşinqton raundu bitdi, qaldı Brüssel və Moskva. Moskva nöqtənin qoyulacağı yer olacaq.
Mayın 10-u axşam saatlarında erməni tərəfi Zod istiqamətindən snayperdən atəş açaraq bir Azərbaycan hərbçisini ağır yaralayır. Sonradan yaralanan hərbi qulluqçu şəhid olub. Bundan sonra sözügedən istiqamətdə tərəflərin bölmələri arasında mövqe döyüşləri gedib. Səhər saatlarına qədər davam edən atışmada təkcə atıcı silahlardan yox, minaatanlardan da istifadə olunub. Qarşı tərəfin 4 hərbçisi yaralanıb.
Hadisə dünən axşam saatlarında baş versə də, Azərbaycan mediası və rəsmi qurumları yalnız ayın 11-dən başlayaraq hərəkətə keçib. Rəsmi qurumlar oyanıb bəyanat hazırlayana qədər artıq Ermənistanın nəinki Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, hətta Baş naziri Nikol Paşinyan belə kameralar önünə çıxmışdı. İstər əlbəyaxa davada, istərsə də informasiya savaşında birinci zərbəni vuran üstünlük əldə edir. Gördüyümüz kimi dəyişən heç nə yoxdur.
Hadisədən dərhal sonra düşmən axtarışına çıxılıb. Rusiyanın əli var, Ermənistandakı revanşistlərin barmağı var, İran dronları başımıza od ələyir…
Yuxarıda qeyd etdiyim ki, bu işdə hər kəsin əli ola bilər. Elə birinci üstünə toz qondurmaq istəmədiyiniz Paşinyanın da.
Bu qədər kiçik regionda maraqları olan ölkələrin sayı həddindən artıq çoxdur. Heç Suriya və İraqda bu qədər ölkə maraq göstərmirdi. Rusiya qalmaq istəyir. Ona görə də əlində olan bütün imkanlardan istifadə edir ki, söz sahibi özü olsun. Regiona daxil olmaq niyyətində olan ABŞ tərəflərin xarici işlər nazirlərini bir neçə gün Vaşinqtonda ağırlayır. Ardınca ölmüş kimi görünən Brüssel masası yenidən dirilir, Moskva isə həmişə gündəmdə öz yerini qoruyur.
Regionda əgər 2-3 ökənin marağı olsaydı, hardasa uzlaşmaq mümkün görünə bilərdi, indiki məqamda bir birinə zidd olan bir neçə ölkənin marağı regionda toqquşub. Bu güclər regiondan o qədər böyükdür ki, Azərbaycan və Ermənistan kimi ölkələr rahatlıqla safını seçə bilmir. Çünki kənarda qalacaq gücün qisas almaq üçün əlində kifayət qədər rıçakları var.
Ermənistan tərəfdən Avropa İttifaqının missiyası sərhəddə müşahidə aparır. Həmin müşahidə missiyası son dönəmlər atışmaların olduğu istiqamətə bir dəfə də olsun yaxın gəlməyiblər. Harada oturublar? Məhz Zəngəzur dəhlizinin keçəcəyi istiqamətdə. Dolayısı ilə humanist görünən Avropa İttifaqı belə deyir ki, bizim marağımız olan istiqamətdə dalaşmayın, gedin,o biri tərəfdə, kobud deyəcəm, nə hoqqadan istəyirsinizsə çıxın. Maraqları olmadıqları yerə yaxın belə durmurlar. Təkrar edirəm, heç bir gücə nə Azərbaycan, nə Ermənistan, nə xalqların hüququ, nə ölkələrin suverenliyi, ərazi bütövlüyü maraqlıdır. Sadəcə olaraq yol, pul, qazanc..!
Azərbaycan mətbuatında və sosial şəbəkələrdə istənilən bir atışma zamanı İran dronlarını qabardırlar. Hansısa bir ölkə silah satırsa və digəri o silahı pulla və yaxud başqa yolla alıbsa, o silah əldə edənə məxsusdur. Azərbaycan müharibə zamanı İsrail, Türkiyə istehsalı olan doranlardan istifadə edirdi. “İsrail və Türkiyə dronları ilə erməni ordusunu dağıtdıq” deyə bilərik? Bunu erməni tərəfi deyəndə belə basıb gözün çıxarırdıq. Bizimdir, müqavilə imzalayıb almışıq. O zaman sual yaranır İran sərhədindən uzaqda hadisə baş verir, İran dronları niyə görə mövzu olur? Sanki ölkədə hansısa üçüncü bir əl Azərbaycanla İranı hərbi konfliktə çəkmək istəyir. Bunun üçün əlindən gələni edir.
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru