Dron hücumları və sərhədi keçmək: Ukrayna Rusiyanı necə və niyə aldadır? – FT

31-05-2023, 08:34           
Dron hücumları və sərhədi keçmək:
Ukrayna Rusiya komandanlığının diqqətini çaşdırmaq və ya yayındırmaq və əks-hücum üçün özünə əlverişli zəmin yaratmaq üçün “vəziyyəti formalaşdırmaq məqsədli əməliyyatlar” həyata keçirir.
Bu barədə Britaniyanın “Financial Times” nəşri yazır.
“Əvvəlcə Kremlə müəmmalı dron zərbəsi oldu. Sonra “işğal” oldu, bunun Moskva üçün əlverişsiz nəticələri onu cəbhə bölgəsindəki qoşunları sərhədyanı rayonlara yerləşdirməyə məcbur edə bilərdi. Çərşənbə axşamı səhər onlarla dron Moskvaya hücum etdi.
Kiyevin işğal olunmuş əraziləri geri qaytarmaq üçün çoxdan gözlənilən əks-hücum əməliyyatı ərəfəsində bu cür hücumlar Ukraynanın bu ay başlatdığı getdikcə daha cəsarətli “formalaşdırma əməliyyatlarından” (shaping operations) yalnız dördüdür.
Simvolik zərbələrdən tutmuş strateji hücumlara qədər bu formalaşdırma əməliyyatları standart hərbi təcrübənin bir hissəsidir. Müdafiə rəsmilərinin və analitiklərin fikrincə, onların məqsədi düşməni aldatmaq, onun düşüncəsinə müdaxilə etmək və böyük hücumdan əvvəl döyüş meydanını “formalaşdırmaq”dır.
Nəşr mayın 3-də Kremlin günbəzi üzərində iki pilotsuz uçuş aparatının partlamasını və mayın 30-da səhər saatlarında dronların Moskvaya hücumunu xatırladır ki, bu da Rusiya paytaxtının zəifliyini nümayiş etdirir. Həmçinin, mayın 22-də Rusiya Federasiyasının sərhəd Belqorod vilayətinə ifrat sağçı rus partizanlarının iki qrupunun yeridilməsi Rusiyanın sərhədlərinin “keçilməz olmadığını” göstərdi.
“Uğurlu hücum uğurlu psixoloji hücumdan başlayır. Onların əhval-ruhiyyəsi heç də yüksək səviyyədə deyil”, – yüksək rütbəli Ukrayna rəsmisi deyib.
“İdeya rusiyalı komandirlər üçün çoxsaylı dilemmalar yaratmaqdır. Sərhədi keçmək kimi problemlər diqqəti cəlb edir. Dilemmalar, əksinə, hərəkəti iflic edir”, – Britaniya ordusunun keçmiş zabiti və “Müharibəni necə aparmaq lazımdır” kitabının müəllifi Mayk Martin deyir.
Vest Poynt-da Müasir müharibə institutunda şəhər müharibəsi kafedrasına rəhbərlik edən ABŞ ordusunun keçmiş mayoru Con Spenser qeyd edir ki, “aldatma əməliyyatları” həmişə müharibənin bir hissəsi olub, lakin indi onların təsiri sosial media tərəfindən gücləndirilir.
“Bunlar boz zonada Ukrayna əməliyyatlarıdır ki, Rusiyadan istər qoşunlar, istərsə də informasiya əməliyyatları olsun, resurslar tələb edir. Bunlar sehrbazın fokuslarına bənzəyir: tamaşaçını aldadır və onu diqqətini başqa şeyə yönəltməyə məcbur edir”, – Spenser deyir.
FT qeyd edir ki, formalaşdırma əməliyyatları Moskvada müəyyən psixoloji təsir göstərib, onlar Kremldə və blogosferdə şərh edilib.
Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi bildirib ki, Belqorod vilayətinə basqın və buna bənzər əməliyyatlar “ruslara mənəvi zərbə vurmaq və onları sərhəd boyu qoşunları yerləşdirməyə məcbur etmək” məqsədi daşıyır, baxmayaraq ki, “biz bunun hələ heç bir əlamətini görmürük”.
Spenserin sözlərinə görə, “Ukrayna Rusiyaya qarşı Rusiya senarisindən istifadə edir”. Moskva Belarus ərazisindən hücum senarisini təbliğ etdi və Ukraynanı yaxınlıqda qoşun yerləşdirməyə məcbur qoydu və “indi ukraynalılar da Rusiyanın diqqətini yayındırırlar”.
FT qeyd edir ki, Ukrayna ötən yay oxşar taktikadan uğurla istifadə edib: Ukrayna bir neçə həftə cənubda əks-hücum ideyasını müzakirə etdi və Rusiya qoşunları ora yerləşdirildikdən sonra Kiyev şimalda, Xarkov vilayətində blitskriqi başlatdı.
Qərb rəsmiləri deyirlər ki, hazırkı əks-hücumun nə dərəcədə effektiv olacağı bəlli deyil, lakin Ukrayna Rusiyanın hərbi aktivlərini və imkanlarını sarsıtmaq məqsədi daşıyan dəqiq hücumlarla birləşdirərək “formalaşdırma əməliyyatlarını” davam etdirəcək.
Bunlar “Storm Shadow” qanadlı raketlərindən istifadə etməklə uzaq mənzilli zərbələr, həmçinin “İvan Xurs” kəşfiyyat gəmisi kimi “yağlı hədəflərə” PUA hücumları ola bilər.
“Onlar [Ukraynalılar] nəyin işlədiyini və nəyin yaramadığını öyrənmək üçün sınaqlar keçirir və araşdırırlar”, – yüksək rütbəli Qərb rəsmisi deyib.
“Bu əks-hücumun bütün mahiyyəti ondan ibarətdir ki, onun əslində nə vaxt başladığını nə Rusiya, nə də Qərb müttəfiqləri bilir. Bizim indi gördüyümüz odur ki, onlar rusları daim təxmin etməyə məcbur edirlər”, – rəsmi bildirib.
FT belə qənaətə gəlir: Ukrayna nöqteyi-nəzərindən bu “əsəbi qeyri-müəyyənlik” əsas amildır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.