Qarabağda kiminlə danışıq aparmalıyıq?

31-05-2023, 08:58           
Qarabağda kiminlə danışıq aparmalıyıq?
İlham Əliyev separatçı ların rəhbərliyi iulə danışıqlardan imtina esib...
Prezident İlham Əliyev Qarabağ ermənilərindən separatçı strukturları ləğv etmək və Azərbaycan
qanunlarına tabe olmağı tələb edib. Bu tələb yerinə yetirilərsə, qeyri-qanuni “respublikanın”
vəzifəli şəxsləri amnistiyaya ümid edə bilərlər. Dövlət başçısı mayın 28-də Laçındakı yurduna
qayıdan sakinlərin birinci qrupu qarşısında çıxış edən zaman belə bir mesaj göndərib.
Onun sözlərinə görə, Qarabağ regionunda yaşayan ermənilər aprelin 23-də Ermənistandan
Qarabağa və əks istiqamətdə hərəkəti tam nəzarətə götürməyə imkan verən “Laçın” sərhədkeçid məntəqəsinin quraşdırılmasından nəticə çıxarmalıdırlar.
“Təəssüf ki, onlar (Qarabağ erməniləri – R.O.) hələ də kiməsə ümid bəsləyir, kiminsə
Azərbaycanla müharibə aparacağını, onları xilas edəcəyini gözləyirlər. Bütün bunlar
cəfəngiyyatdır. Biz İkinci Qarabağ müharibəsi zamanı güclü iradə nümayiş etdirdik və o zaman
heç kim kənardan müdaxilə etməyə cəsarət etmədisə, indi biz yenidən torpaqlarımıza sahib
olandan sonra heç kim gəlib ermənilərin əvəzinə bizimlə vuruşmayacaq”, – Əliyev bildirib.
O, “miatsum” ideyasının da iflasa uğradığını vurğulayıb.

“Müstəqillik illüziyası da bizim İkinci Qarabağ müharibəsi zamanı lazımi yerə göndərdiyimiz
statusun ardınca getdi”, – Əliyev deyib.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin yalnız bir yolu var. “Azərbaycan qanunlarına tabe
olmaq, ölkənin normal, sadiq vətəndaşı olmaq, saxta “dövlət” atributlarını zibilliyə ataraq
“parlament”i buraxmaq”, – deyə Əliyev davam edib.
O, Qarabağ separatçılarının vəzifəli şəxslərinin məsuliyyətdən azad edilməsi şərtlərini də
açıqlayıb.
“Hamı bilir ki, bizim bu regionda (Qarabağ) istənilən əməliyyatı həyata keçirmək üçün hər cür
imkanımız var. Ona görə də separatçı “parlament” buraxılmalı, “prezident” deyilən ünsür təslim
olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrindən getməlidirlər. Yalnız bu halda
vəziyyət yüngülləşə bilər, amnistiyadan danışmaq olar”, – Əliyev vurğulayıb.
Bu bəyanatdan məntiqi sual doğur – bəs Bakı bu halda Qarabağda danışıqları kiminlə
aparacaq? Əvvəllər güman edilirdi ki, söhbət bu və ya digər şəkildə separatçı rəhbərliyi təmsil
edən şəxslərdən gedir. “Təhlükəsizlik Şurasının katibi” Balasanyanın, “prezident” Arutyunyanın
və ona tabe olan məmurların adları çəkilirdi. Əliyevin belə bir bəyanatından sonra onları kim
əvəz edəcək? Bu insanlar necə seçiləcək? Axı rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan
imtina etmir. Bu, beynəlxalq ictimaiyyətin müvafiq sorğularına cavab olaraq dəfələrlə müzakirə
olunub.
Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah Press Klubun suallarını cavablandırıb.
Onun sözlərinə görə, İlham Əliyevin Laçın şəhərinə qayıdanlarla görüşündə səsləndirdiyi fikirlər
həqiqətən də problemin həllinə yanaşmada yeni mərhələdir.
“Əgər indiyə qədər aparılan danışıqların mövzusuna nəzər yetirsək, görərik ki, rəsmi Bakı
Brüsseldə Ermənistanla danışıqlar zamanı Qarabağın keçmiş ərazisinin yerli erməni
sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi prinsipini qəbul etdiyini dəfələrlə bəyan
edib. O, onlarla bu prinsip çərçivəsində danışıqlara hazır olduğunu bildirirdi. Ancaq son
çıxışından görünür ki, İlham Əliyev onlarla dialoq haqqında deyil, Azərbaycanın şərtlərini diktə
etmək haqqında düşünür. 44 günlük müharibədən sonra danışıqlar prosesinin müxtəlif
formatlarına diqqət yetirsək, belə bir fərqi görə bilərik: Brüssel danışıqlarında sülhə olan
ümidlər Moskvadakı danışıqlarda tez bir zamanda əks istiqamət alır. Bu baxımdan, Brüssel
formatını sülh danışıqları, Moskva formatını isə “sülhdən geri çəkilmə” adlandırardım.
Bildiyiniz kimi, bu yaxınlarda Brüsseldə keçirilən danışıqlarda çox mühüm razılaşma əldə
olundu. Ermənistan tərəfi keçmiş Dağlıq Qarabağın da daxil olduğu 86,6 kvadrat kilometr
Azərbaycan ərazisini tanıdığını bəyan edib. Bu, son iki ildə aparılan danışıqların konkret uğurlu
nəticəsidir. Elə bu razılaşma sayəsində həqiqətən düşünmək olar ki, tərəflər sülhə
yaxınlaşıblar. Ancaq bir neçə gün əvvəl Moskvada Əliyevlə Paşinyan arasında növbəti
qarşıdurma dialoqunun, yəni onların “sülhdən yayınma” davranışının şahidi olduq.
İlham Əliyevin keçmiş Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə danışıqların qeyri-mümkün
olması barədə bəyanatına və yerli ermənilərlə əslində necə və hansı formatda danışacağı
sualına gəlincə, güman edirəm ki, İlham Əliyev yerli ermənilərlə danışmaq istəmir. O hesab
edir ki, indiki təzyiq siyasəti erməniləri ərazini tərk etməyə sövq etməlidir. Ola bilsin ki, bu işi
sürətləndirmək üçün hakimiyyət Xankəndi və ətraf ərazinin sakinlərinə qeyri-rəsmi şəkildə
şirnikləndirici maliyyə təklifləri göndərib. Yəni İlham Əliyev problemi həll etmək üçün bu
alətdən istifadə etməyi düşünür. Ona görə də mesaj verməyə çalışır ki, onların gələcəyi burada
qeyri-müəyyəndir”, – ekspert hesab edir.
Rauf Orucov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.