Yeni idarəetmə sisteminə keçid şansı – Yeni Konstitusiya.

5-06-2023, 09:34           
Yeni idarəetmə sisteminə keçid şansı – Yeni Konstitusiya.
Göydə Allah, facebook-da da dostlar, izləyicilər şahidsiniz ki, illərdir məmləkətdə yeni Konstitusiyanın qəbulunu təbliğ və təşviq edirik - əminik ki, ölkənin sosial, iqtisadi, siyasi problemlətrinin həlli yolu ilk olaraq yeni “oyun qaydalarının” təsisindən, yeni idarəetmə fəlsəfəsindən, yeni “ictimai sazişdən” keçir. Hətta 44 günlük Qələbənin yeni Konstitusiyada təsbitinə, sülh prosesinin özündə ehtivasına da ehtiyac yaranıb. Azərbaycanın inzibati-ərazi vahidlərinin yenidən təsisi, İcra Hakimiyyətləri institunun, Naxçıvanın presedent yarada biləcək statusunun ləğvi, proporsional seçki sistemi, hökumət və dövlət idarəetməsinin bir-birindən ayrılması – bütün bunlar üçün mütləq yeni Konstitusiya olmazsa-olmazdır.
Bu günlərdə Milli Məclisə 2023-cü il büdcəsinə əlavələr və təkliflər edilməsi üçün yeni sənəd daxil olub, maraqlı fakt odur ki, seçkilərlə bağlı xərclər 50%-ə yaxın artırılaraq 46,7 mln. manata çatdırılıb. Müqaisə etsək 2018-ci ilin prezident seçkisinin təşkilinə 53 mln. manat, 2019-cu ildə bələdiyyə seçkisinə 41 mln. manat, 2020-ci ildə parlament seçkisinə 50 milyon manat ayrılmışdı və heç bir seçki olmayan 2021-ci ildə büdcənin seçki komissiyaları ilə bağlı xərcləri 13 milyon manat ətrafında olub. Əgər 2023-də büdcədən seçki xərcləri üçün 46,7 mln. manat ayrılırsa, çox güman, bu gözlənilən referendumla bağlı ola bilər.
Əgər hakimiyyət gözləntilərə uyğun yeni bir Konstitusiya dəyişiklikləri sənədi təqdim etsə, məmləkətdə ilk dəfə olaraq müxalifət partiyaları da sənədi dəstəkləyə, iştirakçılığa və sənədin qəbuluna səs verməklə bağlı çağırış edər, bu da məmləkətdə yeni siyasi dönəmin başlanğıcı kimi çox pozitiv qarşılana bilər.
Gözləntilərimiz isə belədir: 1) Ölkənin inzibati-ərazi vahidlərinin yenidən təsisi, Prezidentin fərmanla yaratdığı Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan iqtisadi rayonlarının inzibati ərazi vahidlərinə çevrilməsi, 2) Böyük Şəhər Bələdiyyələrinin və Mer İnstitutunun normal səlahiyyətlərlə və birbaşa seçkilərlə təsisi, beləliklə də hamı tərəfindən ciddi və haqlı tənqid edilən İcra Başçıları institutunun ləğvi, 3) Proporsional seçki sisteminə keçid və nəticə olaraq iqtisadi və sosial məsələlərə baxacaq hökumətin parlamentdən çıxması, 4) Prezidentin Dövlət başçısı statusununa keçməsi – Prezident 14 inzibati-ərazi vahidinə öz səlahiyyətli nümayəndəsini təyin edir, XİN, Müdafiə Nazirliyi, xüsusi xidmət orqanları və Daxili İşlər Nazirliyi birbaşa onun tabeçiliyində olur, bu vəzifələrə özü şəxsləri təyin etmək və vəzifədən azad etmək səlahiyyətləri olur. Belə olanda Prezidentin parlamentdən çıxacaq və iqtisadi-sosial məsələlərlə məşğul olacaq hökuməti tənqid etmək, tərkibinin dəyişdirilməsi ilə bağlı Parlamentə səsvermə üçün təkliflər göndərmək səlahiyyəti və məntiqi də yaranır, 5) Məhkəmə-hüquq sisteminin parlament tərəfindən daha sıx nəzarətə götürülməsi, bütün səviyyəli hakimlərin 33%-nin Prezident, 33%-nin Parlament tərəfindən təyinatı, 33%-nin isə hüquq camiyyası tərəfindən seçilməsinin təmin edilməsi təsis edilə bilər. Hakimlər uzunmüddətə və çox yüksək maaşla təyin edilməlidirlər, 6) Biznesin azad rəqabət şəraitində işləməsi və yeni səhifənin açılması üçün “Maliyyə Amnistiyasının” elanı və bu addımdan əldə ediləcək vəsaitin büdcəyə deyil də, Parlament və İctimai qurumlar tərəfindən nəzarət mexanizmi ilə idarə edilən yeni yaradılacaq Tərəqqi Fonduna köçürülməsini təmin etmək lazım olacaq. Bu Fonddan ancaq və ancaq təhsil və əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq layihələr maliyyələşdirilə biləcək.
İdayalar çoxdur, amma “sütün” və fəlsəfi olaraq bu yazdıqlarım olsa, məmləkətimiz çox sürətlə inkişaf tempinə çıxacaq, ədalətli rifah dövləti modelinə keçə biləcək. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.