Xarici banklar Azərbaycana buraxılmır: Banklar da birləşib əhalini "soyur" - FAKT BUDUR!

6-06-2023, 16:21           
Xarici banklar Azərbaycana buraxılmır: Banklar da birləşib əhalini "soyur" - FAKT BUDUR!
“Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır”.

TEREF.AZ bildirir ki, bunu Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib:

"Hazırda ölkədə kredit faizləri ikirəqəmlidir və bu vəsaitləri real sektora qoymaq mümkün deyil. Bunlar ancaq ticarətdə 2-3 aylıq müddətdə effekt göstərə bilər. Amma istehsala qoyula bilməz. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı inflyasiyanı endirirsə, bank faizləri də aşağı enməlidir".

“Hər hansı xarici bank ölkəyə gəldiyi təqdirdə strategiya vacibdir. O bazara hansı məqsədlər üçün gəlir?”

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov iclasda çıxışı zamanı bildirib:

“Əlavə istehlak kreditlərinin verilməsi o qədər də maraqlı deyil. Çünki 24 bankımız bu sahədə çalışır. Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya bankı olması çox maraqlıdır. Bu, birinci şərtdir. İkinci məsələsə, bizə hansı innovativ həllər gətirirlər?

Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”.

Qeyd edək ki, vətəndaşlar da daim kredit faizlərinin yüksək olmasından şikayətlənir. Ancaq etirazlara baxmayaraq, kredit faizlərində heç bir dəyişiklik müşahidə edilmir. Ölkədə yeni xarici bank isə fəaliyyətə başlamır.

Bəlkə xarici banklar daha aşağı faizlə kredit verəcək və bu, əhalinin xeyrinə olacaq?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda kredit faizləri iki səbəbdən yüksəkdir:

“Birincisi, ölkəmizdə qanunçuluğun vəziyyəti ürəkaçan deyil, bərbaddır. Məhkəmə-hüquq sistemi və məhkəmə qərarlarının icrasının vəziyyəti pisdir. Yəni kredit riski yüksəkdir. Banklar bilir ki, vətəndaş krediti qaytara bilmədiyi halda xərcləri artacaq. Yəni onların məhkəmədə, vəkilə, icra məmuruna və s. xərci çıxır. Banklar ona görə də faizi yüksək edirlər ki, həmin xərclərini bağlasınlar.

İkincisi, Azərbaycanda pulun özü belə bahadır. Yəni banklar əmanətçilərdən 10-12 faizlə pulu cəlb edirlər. Bir də əmanətin özü ikirəqəmlidir və bu pul da bahadır. İkinci mənbə isə Mərkəzi Bankın kreditləridir və birrəqmli olsa da, hər banka kredit vermir. Buna görə də banklar üçün pul bahadır və buna görə də kredit də bahadır.

Ancaq Azərbaycanda inhisarçı böyük banklar üçün bu problemlər o qədər də dərin deyil. Onların kreditlə bağlı müştərilərlə problemləri olduqda onlar nəinki məhkəmə yolu ilə, hətta hüquq-mühafizə orqanlarını da işə cəlb edib borc alanın başına oyun aça bilirlər, heç bir əlavə xərcləri də çıxmır.

Eyni zamanda həmin banklar Mərkəzi Bankdan da ucuz kredit də götürə bilirlər. Ancaq kiçik bankların belə imkanı yoxdur. Onların məhkəmədə xərcləri çıxır, ucuz pulu yoxdur, Mərkəzi Bank kredit vermir, əmanətlər bahadır. Əslində iri bankların faiz dərəcəsi bir qədər aşağıdır. Ancaq istədiyimiz səviyyədə aşağı deyil.

Buna görə də Azərbaycanda faizləri endirmək üçün nə etmək lazımdır?

Birincisi, Mərkəzi Bank üçün dəqiq qaydalar müəyyən edilməlidir ki, o bütün banklara kredit versin. İkincisi, Azərbaycanda qorunan əmanət faizini endirmək lazımdır ki, əmanət faizi ucuzlaşsın. Üçüncüsü, ölkədə məhkəmə-hüququ sisteminin vəziyyətini yaxşılaşdırmaq lazımdır”.

Xarici bankların Azərbaycana gəlməməsinə gəlincə, ekspertin bildirib ki, dünən Mərkəzi Bankın sədrinin dediyi o ifadə qanunsuzluğun pik həddi idi:

“Mərkəzi Bank istənilən şərtdə, azərbaycanlı, istərsə də xarici olsun, o Azərbaycanda bank açmaq istəyirsə, bizim qanunla tələb olunan şərtlərə riayət etməlidir. Məsələn, kapitalı, ixtisaslı işçiləri, binası olmalıdır, vəssalam. Bu tələblərə riayət edən hər kəsə lisenziya verilməlidir. Ancaq MB rəhbərinin fikirləri hamımız bildiyimiz məlum həqiqətlərin elanı idi. Yəni biz kimə istəyirik lisenziya veririk, kimə istəyirik vermirik.

Qanunda strategiya yoxdur. Ancaq bu bir daha onu sübut edir ki, Azərbaycana xarici bankları buraxmamalarının səbəbi onların ucuz pulu olmasıdır. Onlar gəlib nisbətən ucuz kredit verə biləcək. Düzdür, Azərbaycanda qanunçuluğun səviyyəsi də təsir edəcək. Ancaq ən azı qeyd etdiyim iki səbəbdən biri onlar üçün aktual deyil və buna görə də onlar ucuz kredit verə biləcək. Azərbaycana buraxmırlar ki, iri inhisarçı banklara onlar rəqabət yaratmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.