İranın Zəngəzur dəhlizinə qarşı yeni planı: BRİKS-dən istifadə, tunel çəkilişi, Ermənistanın...

29-08-2023, 17:44           
İranın Zəngəzur dəhlizinə qarşı yeni planı:
İran KİV-ləri və rəsmiləri yenidən Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarla çıxış edir, sərt üslub seçiləcəyi haqda xəbərdarlıqlar edirlər. Avrasiya və Rusiya məsələləri üzrə ekspert Şüeyb Bəhmən Farazdailyə açıqlamasında İranla Azərbaycan arasında bu istiqamətdə aparılan danışıqlara qarşı çıxıb. Onun fikrincə, “Əliyevin yumşaldılması” taktikası İran rəhbərliyinin səhvidir. Çünki Azərbaycan Türkiyə və İsrail kimi regional oyunçuların, eləcə də bəzi beynəlxalq oyunçuların dəstəyi ilə əslində özünün böyük planının, yəni Zəngəzur dəhlizinin işə salınması istiqamətində addımlar atır: “İranın həssaslığına görə, bu layihə üçün dəhlizin adından istifadə etməkdən qaçmağa çalışırlar, lakin hər halda, bütün elementlər bu layihənin Bakıdan böyük intensivliklə irəlilədiyini göstərir”.

Digər iranlı ekspert Həsən Behiştipur həmin nəşrə müsahibəsində Zəngəzur dəhlizi iddia edildiyi şəkildə açılarsa, İranın maraqlarına toxunmayacağını etiraf edirdi. Jurnalistlərin yönəldici suallarına cavab olaraq isə bildirirdi ki, Bakı Təl-Əviv münasibətləri iki müstəqil ölkənin öz daxili işləridir. “Azərbaycan hər hansı başqa ölkə və ya rejimlə hər hansı münasibəti ola bilər və biz müəyyən edə bilmirik ki, hansı ölkə ilə münasibət qurmaq lazımdır, ya da əksinə. Bu siyasətlə heç yerə gedə bilmərik. Türkmənistana deyə bilərikmi ki, İsraillə əlaqəsi olmasın? Yoxsa Rusiyaya? İndiki vəziyyətdə Rusiya İsraillə ən yüksək səviyyədə münasibətlərə malikdir. Yaxud İsraillə daha çox əlaqələri olan Çindir. Hindistanlılar İsraillə əla münasibətlər saxlayırlar. Biz dünya ölkələri qarşısında vəzifələr qoya bilmərik. Biz azərbaycanlılardan ancaq düzgün və məntiqli mövqe istəyə bilərik ki, bizə qarşı düşmənimizlə birləşməsinlər”.

Lakin Ş.Bəhmənin iddiasına görə, Bakı Ankara və Təl-Əvivin dəstəyi ilə İran və Ermənistan arasında ümumi sərhəd deyilən ərazinin Azərbaycana məxsus olduğunu bəyan edib (ekspert Zəngəzurun sovet hakimiyyəti tərəfindən Ermənistana verilməsi haqda Azərbaycan KİV-lərində gedən yazıları belə təhrif edir-C.Q). “Görünür, ruslar da Bakının mövqeyini dəstəkləyir. Rusların fikrincə, dəhlizin yaradılması Rusiyanın Türkiyəyə, daha sonra isə Aralıq dənizinə, Afrika və Avropa ölkələrinə çıxış əldə etməsinə imkan verəcək. Amma Bakının öz tərəfdarlarının dəstəyi ilə bu dəhliz üzərində suverenlik istəməsinə baxmayaraq, Moskva istəyir ki, bu suverenlik Ermənistana keçsin, onun nəzarəti isə Rusiyanın öhdəsinə buraxılsın ki, NATO kimi qeyri-regional oyunçuların qarşısını alsın”.-deyə Ş. Bəhmən bildirir. İsrail Azərbaycan münasibətlərindən danışan ekspert bu tezisi təkrarlayır ki, Azərbaycanın İsraillə münasibətlərinin inkişafının səbəblərindən biri İran və İrandan gələn ümumi təhdid və qorxu hissi idi. Və bu tezisə öz yanaşmasını da əlavə edir ki, Bakı ilə anlaşmaq və ya gələcəkdə İlham Əliyevlə anlaşmaqla Azərbaycanın İsraillə münasibətlərinin azalmasına gətirib çıxaracağı fikri əsassız gözlənti və strateji səhvdir. Yəni o da sərt xətt seçilməsini təklif edir. O, İsrailin Azərbaycan ərazindən istifadə etməklə İranda çoxsaylı diversiya aktları keçirdiyi haqda ultraradikal dairələrin böhtanını təkrarlayır, bu ” faktları” gizlətdiyi üçün İran rəhbərliyini ittiham edir .

Bu günlər İranın Ermənistandakı səfiri Mehdi Sobhani erməni mətbuatına açıqlamasında sərt xətt seçiləcəyini qabardan bəyanatla çıxış edib. Erməni jurnalistləri səfirdən “Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizini açmağa cəhd edəcəyi təqdirdə” İranın nə edəcəyini, Ermənistana necə yardım göstərəcəyini soruşub. Sobhani cavabında bildirib ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinin qəti əleyhinədir, onun ərazi bütövlüyünü dəstəkləyir və “bunun təmin olunması üçün addımlar atır”. “İran bu halda hansı konkret addımlar atacaq” sualına isə Sobhaninin cavabı belə olub: “Mən deyəndə ki, İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək, hər şey aydın olur”.

Mövzunu araşdıran “Tahlilbazar” nəşri isə hesab edir ki, İranın Zəngəzur dəhlizinə həssaslığını və qorxusunu bilən İsrail Tehranı Azərbaycanla Ermənistan arasında müharibəyə qoşulmağa təhrik edir ki, İranın nüvə obyektlərinə hücum üçün lazımi bəhanə əldə edə bilsin.

İranın İtaliya və Əfqanıstandakı keçmiş səfiri, politoloq Əbülfəzl Zəhravənd Sünik (Zəngəzur) vilayətinin İran üçün strateji əhəmiyyətinə toxunaraq bildirib ki, əgər Ermənistanı İranla birləşdirmək üçün bu ərazidə 8 km-lik tunel çəkmək planı reallaşsa, İrəvana Sünik marşrutu asanlıqla açılacaq ki, bunun üçün də İranın maddi texniki dəstəyi davam etməlidir. Ermənistanın infrastruktur naziri Soren Papikyanın bəyanatına görə, bu tunelin və İranla sərhəddə Sisyan-Qacaran və Aqarak marşrutu üzrə daha bir tunelin tikintisi planlaşdırılır. Bu layihənin həyata keçirilməsi ilə Ermənistanın şimalından cənubuna gedən yol 550 km-dən 490 km-ə enəcək ki, bu da Ermənistan və İranın Qara dənizə çıxışını asanlaşdıracaq.

“Tahlilbazaar” digər təhlilində xəbər verir ki, Ermənistan bu yaxınlarda Bəsrə körfəzi-Qara dəniz dəhlizinin işə salınmasının vacibliyini dərk etdiyini və İranın son cavabını gözlədiyini bəyan edib. Keçən il Tehranda iki ölkə başçıları və bu razılaşmaların tez bir zamanda həyata keçirilməsinin zəruriliyi, xüsusilə Bəsrə körfəzi-Qara dəniz dəhlizinin aktivləşdirilməsini və iki ölkə arasında enerji mübadiləsi həyata keçirilməsini razlışadırblar.

Azərbaycanofob baxışları ilə tanınan ekspert Ehsan Müvəhhədian qeyd edir ki, Ermənistanın həyatı və ölümü bu dəhlizin yaradılmasından asılıdır, çünki bu ölkənin dənizə çıxışı yoxdur və iki düşmən qonşusu var - Azərbaycan və Türkiyə. O da Əbülfəzl Zəhravənd kimi təklif edir ki, İran öz mühəndis-texniki imkanlarını Ermənistana verməli və ermənilərlə uzunmüddətli müqavilələr bağlayaraq regionda geosiyasi mövqeyini sabitləşdirmək üçün Sünik tunelinin tikintisinə başlamalıdır.

O deyir ki, bu ölkədə daxili gərginlik, xalq etirazları və siyasi qarşıdurmaların artması riski yaranır ki, Türkiyə bundan sui-istifadə edə, Azərbaycanın isə Ermənistanın cənubunu işğal etməsi riski yarada bilər. Odur ki, İranla iqtisadi əməkdaşlığın inkişafı və dəhlizlərin yaradılması yolu ilə Ermənistanın iqtisadi vəziyyəti yaxşılaşdıqda, Ermənistanda sabitlik və təhlükəsizlik bərqərar olacaq və bu risklər azalacaq.

“Jamaran.news” də gedən təhlildə Zəngəzur dəhlizi istifadəyə veriləcəyi təqdirdə İranın Ermənistanla minillik tarixi quru əlaqəsinin kəsiləcəyi haqda Xamenyinin barmaqdansorma tezisi təkrarlanır. Daha sonra Pəhləvi zamanında Qarasu məntəqəsinin Türkiyəyə verilməsinin yanlış olması haqda (söhbət Naxçıvanla Türkiyə arasında quru rabitəsini təmin edən zolaqdan gedir) II Qarabağ savaşından sonra İran mediasının dönə-dönə təkrarladığı iddia yada salınır.

“Ensafnews”-ın n xəbərinə görə, Əli Əkbər Vilayəti Türkiyə ilə Türk Dövlətləri Təşkilatının digər üzvləri arasında quru əlaqənin qurulmasında və pantürkizm xülyasının həyata keçirilməsində bu dəhlizin rolundan yazıb: Dəhlizin açılması Türkiyənin NATO ilə əlaqələrinin miqyasını nəzərə alsaq, şimaldan İranı, cənubdan isə Rusiyanı əhatə edəcək və NATO-nun bölgədəki təsirini genişləndirəcək bir zolağın yaranmasına gətirib çıxaracaq. Ticarət və əməkdaşlığı inkişaf etdirmək əvəzinə, Naxçıvana marşrutun açılması NATO və onun bu münaqişədə iştirak edən bəzi üzvlərini İranın şimalında və Rusiyanın cənubunda bütün obyektlərinin daha ciddi və fəal iştirakına və çıxışına zəmin hazırlaya bilər.

Qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi parçalanmış vəziyyətdədir, açıq dənizlərə çıxışı yoxdur, dünya ilə əlaqəsi qonşu dövlətlərlə məhdudlaşır. İki böyük dövlətin- İran və Rusiyanın əhatəsində olduğu halda Bakı Türkiyəyə və türk dünyasına arxalanaraq bu çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa çalışır. Amma nəşr iddia edir ki, problemlərdən çıxmaq üçün Bakı yalnız bu iki qüvvə ilə (İran və Rusiya) anlaşmalıdır.

Göründüyü qədər Azərbaycan tərəfinin diplomatik təşəbbüsləri, həyata keçirilən heç bir layihənin İrana qarşı yönəlmədiyi haqda rəsmi bəyanatlar Arazdan cənubdakı rejimi qane etmir, yalnız müvəqqəti geri çəkilmələr olur. Xarici siyasət sahəsində hər hansı nisbi uğur da dərhal Azərbaycana qarşı istifadə olunma perspektivindən dəyərləndirilir. Məsələn, Tehranın BRİKS-ə qoşulmasını böyük entuziazmla qarşılayan İranın ekspert dairələri bu platformanı rəsmi Bakıya qarşı necə istifadə edə biləcəkləri haqda müzakirələr aparırlar. Təklif edirlər ki, sülh danışıqlarının İran, Rusiya və Çin - yeni şərq platforması vasitəsilə aparılması üçün Bakıya təzyiq göstərsinlər, çünki bu danışıqların Qərb platforması vasitəsilə davam etdirilməsi maraqlara ziddir və s.
PUBLİKA.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.