Qarabağ erməniləri evakuasiya edilir

25-09-2023, 11:54           
Qarabağ erməniləri evakuasiya edilir
Qarabağdan 377 erməni əsilli sakin evakuasiya edilib, Ermənistan hökuməti bildirib.

Rəsmi Bakı isə şənbə günü axşam saatlarında açıqlayıb ki, Xankəndi şəhərinin enerji sistemi Azərbaycanın enerji sisteminə qoşulub.

Şəhərin elektrik enerjisi indiyə kimi Ermənistandan gəlirdi.

Azərbaycan sentyabrın 19-da 6 vətəndaşının Xocavənd rayonu ərazisində minaya düşərək həlak olmasını “terror aktı” kimi qiymətləndirmişdi və bu hadisənin Qarabağdakı Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini bildirmişdi. Rəsmi Yerevan isə Bakının bu ittihamlarını rədd edərək, Qarabağda hər hansı qoşunun və ya əsgəri birliyinin olmadığını deyib.
Mina partlayışından sonra Azərbaycanın Müdafiə Nazirliyi beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağda “konstitusiya quruluşunu bərpa etmək və təhlükəsizliyi təmin etmək” məqsədi ilə “antiterror tədbirləri” keçirib.

Azərbaycan sentyabrın 20-də Qarabağdakı “qanunsuz silahlıların təslim olduğunu” elan etdikdən sonra “antiterror tədbirlərinin” başa çatdığını bildirib.

Daha sonra Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə rəsmi Bakı arasında baş tutan dialoqda tərəflər reinteqrasiya və humanitar məsələlərlə bağlı müəyyən razılığın olduğunu bildiriblər.
"Azərbaycan vətəndaşlığı almaq istəyənlər də var"
Separatçı DQR İnformasiya Mərkəzinin İnformasiya Facebook sosial media hesabında birinci mərhələdə evsiz qalan və öz arzusu ilə Ermənistana getmək istəyənlərin göndəriləcəyini diqqətə çatdırıb.

“Son hərbi tədbirlərdən sonra evsiz qalan ailələr, eləcə də öz arzusu ilə respublikanı (Qarabağı-red) tərk etmək istəyənlər Ermənistana göndəriləcəklər. Hökumət (separatçı DQR hökuməti-red) digər əhali qruplarının da köçürülməsi ilə bağlı tezliklə məlumat verəcək”, - separatçı DQR İnformasiya Mərkəzinin bəyanatında deyilir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacyev BBC-yə bildirib ki, Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər də var.

Onun sözlərinə görə, həmin şəxsləri daha çox təhlükəsizlikləri və sağlamlıqları ilə bağlı məsələlər maraqlandırır.

Qurumun rəsmisi vətəndaşlıqla bağlı müraciət edən erməni əsilli şəxslərin müraciətinə müvafiq qaydada baxılacağını diqqətə çatdırıb.

Prezident İlham Əliyev şənbə günü Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla müzakirələr zamanı Qarabağdakı ermənilərin “bütün hüquqlarının – təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını” bildirib, president.az saytı yazıb.

Azərbaycan hökuməti Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli ilə bağlı işçı qrupu yaradıb, Prezident İlham Əliyev deyib.
Paşinyan: "Qarabağ ermənilərini qəbul etməyə hazırıq"
Bundan əlavə, rəsmi Bakı Qarabağda mövcud olan Ermənistan Silahlı Qüvvələrinin üzvlərinin də sərbəst şəkildə Ermənistana keçidinin təmin olunacağını elan edib. Azərbaycan tərəfinin bununla bağlı yeganə şərti həmin şəxslərin silahı yerə qoymalarıdır.

"20 sentyabrda antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilən razılaşma çərçivəsində Azərbaycan açıq şəkildə bildirib ki, İkinci Qarabağ müharibəsində, eləcə də son hərbi əməliyyatlıarda iştirak edən şəxslər silahı yerə qoyarlarsa, onlar azad olacaqlar. Bu, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı üzvlərinə də aiddir. Əgər onlar silahı yerə qoysalar, onların Ermənistana geri qayıtmaları təmin ediləcək", - Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Al Jazeera-yə müsahibəsində deyib.

Ermənistanın İctimai Radiosunun verdiyi məlumata görə, Azərbaycan vətəndaşlığı almaq istəməyən və Qarabağı tərk etməyə qərar verən erməni ailələr Rusiya sülhməramlılarının müşayiəti ilə Ermənistana yola salınır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bazar günü etdiyi müraciətində Qarabağdan olan erməniləri qəbul etməyə hazır olduqlarını bildirib.

“Əgər Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinə təminatın verilməsi ilə bağlı edilən cəhdlər nəticə verməsə, o zaman Ermənistan Respublikası Dağlıq-Qarabağdan olan qardaş və bacılarına qucaq açacaq”, - Paşinyan deyib, Ermənistanın İctimai Radiosu yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.