Erdoğan Naxçıvana gəldi: Niyə indi?

26-09-2023, 08:38           
Erdoğan Naxçıvana gəldi: Niyə indi?
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu gün Naxçıvana gəlib.

O, azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan Təbii Qaz Boru Xəttinin təməlqoyma mərasimində və müasirləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcək, - BBC Türkcə yazıb.

Erdoğanın Azərbaycana səfərinin məhz indiyə, Qarabağda keçirilmiş "antiterror əməliyyatı"ndan sonraya təsadüf etməsinə diqqət çəkən bəzi siyasi təhlilçilərə görə, rəsmi Bakı Qarabağa nəzarəti ələ aldıqdan sonra növbəti hədəfinə - Zəngəzur layihəsinin açılmasına yönəlmək istəyir.

Amma keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Erdoğanın Azərbaycana səfəri əvvəldən planlaşdırılıb, sadəcə, baş verən hadisələr bu səfərin əhəmiyyətini artırır.
Tofiq Zülfüqarov deyir ki, müxtəlif ölkələrin Zəngəzur dəhlizi məsələsinə marağı böyükdür və Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsinin yaradılması vacibliyi ilə yanaşı, digər məsələlər də var: “İlk növbədə, Azərbaycanla Türkiyə arasında kommunikasiyaların möhkəmlənməsinə xidmət edəcək”.

Keçmiş nazir deyir ki, Zəngəzur dəhlizi layihəsində Orta Asiya ölkələrinin, Çinin də marağı var və ona görə də o hesab edir ki, Erdoğanın Naxışıvana bu səfəri zamanı Zəngəzur dəhizi ilə bağlı hər hansı mesajlar verilə bilər.

Tofiq Zülfüqarov Qarabağdakı hadisələrlə Zəngəzur layihəsi arasında paralellik aparmaq istəmir, deyir ki, Qarabağ Azərbaycanın daxili işi idi, Zəngəzur dəhlizi isə Azərbaycanla Ermənistan arasında mövzudur: “Bu mövzu və buna aid danışıqlar davam edəcək”.

Türkiyə Prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Erdoğanla Əliyev görüşdə "Türkiyə-Azərbaycan münasibətləri, Qarabağdakı son vəziyyət də daxil olmaqla regiona və dünyaya dair məsələləri" müzakirə edəcəklər.

Səfər ötən həftə Azərbaycanın Dağlıq Qarabağdakı erməni separatçılarına qarşı başladığı və atəşkəslə bitən "antiterror tədbirləri"ndən sonra "Azərbaycana dəstək məqsədi daşıyır", - BBC Türkcə yazıb.

İki ölkə rəhbərinin Naxçıvanla Azərbaycanın digər bölgələrini quru yolla birləşdirməyi hədəfləyən Zəngəzur dəhlizi ilə bağlı da mesajlar verəcəyi gözlənilir.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.