Mədəniyyət və turizm naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

22-07-2016, 17:44           
Mədəniyyət və turizm naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.
Təbrikdə bildirilir ki, mətbuat cəmiyyət həyatının, tarixi proseslərin aynası, milli düşüncənin, mənəvi dünyamızın inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. 141 yaşlı Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin idealları xalqımızın azadlıq və inkişaf ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla inam və sədaqətlə irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini minnətdarlıqla yada salır, tarixi xidmətlərini unutmuruq.
Nazirin təbrikində daha sonra deyilir: “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı böyük bir missiya yerinə yetirmişdir. Dövlətimiz də kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına, plüralizmin təmin olunmasına şərait yaratmışdır”.
Təbrikdə mədəniyyət və turizm mövzusunda yazan jurnalistlərin fəaliyyəti, media mənsublarının bu sahələrdə görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında rolu xüsusi qeyd edilir: “Mədəniyyət və Turizm Nazirliyi olaraq, mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndiririk”.
Əbülfəs Qarayev sonda bir daha bütün jurnalistləri Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin kollektivi adından təbrik edib, onlara cansağlığı, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.