`Prezident qarşımıza ciddi vəzifələr qoyub` - Nazir

22-07-2016, 18:08           

Bu gün Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara və 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.



Maliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs edib. Nazir qeyd edib ki, hazırda qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda yaranmış yeni iqtisadi şəraitdə prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, habelə idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilib.

Qeyd olunub Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətlər kimi sənaye istehsalını və kənd təsərrüfatının inkişafını önə çəkib, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, iqtisadi səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına dair hökumət qarşısında mühüm vəzifələr qoyub.

Bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6 mlrd. 133,8 mln. manat daxilolma qeydə alınıb, xərclər 6 mlrd. 821,5 mln. manat təşkil edib. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.

Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin 2016-cı ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd etmişdir ki, yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam və vaxtında maliyyələşdirilib. Nazir qeyd edib ki, cari ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

2016-cı ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrindən danışan kollegiyanın sədri 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və büdcə zərfini hazırlanıb aidiyyəti üzrə təqdim edilməsini xüsusilə qeyd edib. Bildirilib ki, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib.

2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin layihəsində prioritet xərclərin əsas istiqamətlərindən danışan nazir bu sırada sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin və bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, ölkə daxilində və xaricində icrasına başlanılıb və prioritet hesab edilən investisiya layihələrinin icrası, regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması, aqrar sektora dövlət qayğısının artırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi, sənaye və kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi və bu sahələrə birbaşa məqsədli subsidiyaların verilməsi, yeni istehsal və xidmət sahələrinin genişləndirilməsi, habelə ölkə ərazisində və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin, dövlətin borc və öhdəlikləri və dövlət proqramlarının həyata keçirilməsi üçün maliyyə təminatlarının yaradılmasını önə çəkib.

Ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, bəzi aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün ölkə prezidenti tərəfindən hökumət qarşısında ciddi vəzifələr qoyulduğunu qeyd edən S. Şərifov bu kontekstdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, hər bir xərc maddəsi üzrə ciddi nəzarətin və qənaət rejiminin tətbiq edilməsinin əsas strateji xətt olaraq müəyyənləşdirildiyini bildirib.

Kollegiya iclasında Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı dinlənilib. Maliyyə nazirinin müavini, Apelyasiya Şurasının sədri Azər Bayramov bildirib ki, cari ilin birinci yarısında Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub.

İclasda həmçinin, Maliyyə Nazirliyində struktur dəyişikliklərin aparılması tədbirləri və kollegiyanın yeni tərkibinin təsdiq edilməsi, “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin müvafiq qərarına dəyişikliklər, dövlət vəsaitinin təyinatdan kənar istifadəsinə və büdcə təşkilatlarının fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Sonra Azərbaycanda uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşına medallar təqdim olunub.

AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.