Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır

1-12-2023, 08:47           
Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır
Hakan Fidan: “Təhlükəsizlik Şurası dəfələrlə öz öhdəliklərini yerinə yetirməkdə uğursuzluğa düçar olur”

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasını Qəzza zolağında vəziyyətin deeskalasiyası üçün təsirli addımlar ata bilməməsinə görə tənqid edib. Türkiyəli nazirin sözlərinə görə, belə çətin anlarda beynəlxalq hüququn nüfuzunu bərqərar etmək və bəşəriyyətin mənəvi kompasına idarə etmək üçün qlobal qurumlara ehtiyac var.

“Təəssüflər olsun ki, BMT Nizamnaməsinə görə bunu etməli olan Təhlükəsizlik Şurası dəfələrlə öz öhdəliklərini yerinə yetirməkdə uğursuzluğa düçar olur”, - Fidan hesab edir.

Türkiyə XİN başçısı əlavə edib ki, BMT Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs elan edə bilmədi: “Üstəlik, Şura fələstinlilərin onilliklər ərzində məruz qaldığı tarixi ədalətsizliyi düzəltmək üçün vasitəçiliyi təmin edə bilmir. Bu iflic vəziyyət şübhəsiz ki, yeni böhranlar zamanı daha da pisləşəcək və bəşəriyyət tərəfindən Təhlükəsizlik Şurasına inam səviyyəsini aşağı salacaq”.

Fidan hesab edir ki, İsrailin hərəkətləri müharibə cinayəti kimi qiymətləndirilir: “Türkiyə problemin həlli üçün qarant mexanizmi təklif edib. Rəsmi Ankara bəzi dövlətlərin bunu həyata keçirməyə hazır olduğuna dair siqnallar alır”.

Nazir 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd edib. Eyni zamanda, bildirib ki, əvvəlki dövrlərdən fərqli olaraq, Fələstinin yaradılmasına əmin olmaq lazımdır”.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi “Əl-Əqsa tufanı” əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS-ın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə sızıblar. Orada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açılıb, həmçinin 200-dən çox insanı girov götürülüb. İsraildə səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam ölüb. Bu sayı mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar əhatə edir. Beş mindən çox adamın da yaralandığı bildirilir.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhəddəki bütün yaşayış məntəqələrini nəzarətə götürüb və sektorun ərazisində mülki şəxslər də daxil olmaqla obyektlərə hava zərbələri endirməyə başlayıb. Həmçinin, İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik enerjisi, dərman və yanacaq tədarükü dayandırılıb.

Oktyabrın sonunda İsrailin anklavda əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav əslində cənub və şimal hissələrə bölünüb.

İsrailin zərbələri başlayandan Qəzza zolağında həlak olanların sayı 16 min nəfəri keçib. 35 mindən çox yaralı var.

Qətər və Misirin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında humanitar atəşkəs edlan edilib. İlkin olaraq 10 günlük atəşkəs müddəti sonradan 4 gün artırılıb. Bu gün isə İsrail atəşkəs rejiminin daha 1 gün uzadılmasına razılaşıb. Humanitar atəşkəs müddətində HƏMAS-ın əlində olan israilli əsir və girovlar İsrailə, İsrail həbsxanalarında olan fələstinli əsirlər isə Fələstinə qayıdıblar. Razılaşmaya əsasən ilkin mərhələdə qadınlar, uşaqlar və qocaların mübadiləsi aparılıb. Atəşkəs rejimi bitdikdə İsrailin hərbi əməliyyatları davam etdirəcəyi gözlənilir.

Təkcə Türkiyə deyil, bir sıra müsəlman ölkələri də BMT Təhlükəsizlik Şurasından Qəzza məsələsində dişsizlik göstərdiyi qənaətindədirlər. Müsəlman ölkələri hesab edirlər ki, BMT İsrailin və İsraili dəstəkləyən digər dövlətlərin əlində alətə çevrilib. Xüsusilə, Fələstin problemində dişsizlik nümayiş etdirdiyinə görə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr tənqid edilir.

Müəllif: Turan Abdulla
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.