Azərbaycan qlobal güclərin toqquşma məkanına çevrilməmək üçün addımlar atır... - ekspert danışır

10-12-2023, 10:44           
Azərbaycan qlobal güclərin toqquşma məkanına çevrilməmək üçün addımlar atır... - ekspert danışır
Azərbaycan daxili sabitliyə görə nümunə hesab olunacaq ölkələrdən biridir.

Xalq, dövlət birliyinin ən yüksək səviyyədə olduğu Azərbaycan məhz bunun sayəsində xaricdən idxal oluna biləcək bütün təhlükələri asanlıqla önləyə bilir.

Xüsusilə də Qarabağ işğaldan azad edildikdən sonra bu birlik daha da güclənmiş durumdadır. Hazırda bəzi pozuculuqla məşğul olan qüvvələr var, amma onların fəaliyyəti görünməyəcək dərəcədədir. Çünki xalq Azərbaycanda daxili sabitliyi pozmaq istəyən güclərə etimad etmir və bunun bütün dönəmlərdə açıq şəkildə göstərir.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə daxildə risklərin olmadığını bəyan etməsi də ölkə başçısının xalq, dövlət birliyindən razı olduğunun göstəricisi kimi qəbul edilir.

“Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Göründüyü kimi, bu məsələ dövlət tərəfindən xüsusi diqqətdə saxlanılır. Bəzi məqamlarda xalqı narazı sala biləcək məmur davranışlarının dövlət tərfindən sərt şəkildə alınması da bu məqama dövlətin verdiyi əhəmiyyətin göstricisidir.

Xüsusilə də icra başçıların rüşvət, korrupsiya və yerli əhalinin incidilməsin görə həbs edilməsi bu məqama xidmət edən və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilən addımlar oldu. 44 günlük Vətən müharibəsində xalqın bütün təbəqələri vahid şəkildə birləşərək dövlət və orduya verdiyi birmənalı dəstək də uzun illər bu istiqamətdə aparılan siyasətin nəticəsi idi.

Mövzu ilə bağlı “Cebhe.info”ya danışan siyasi-şərhçi Oqtay Qasımov deyib ki, Prezident o fikirləri söyləyəndə qlobal oyunçular kimi məhz ABŞ, Rusiya və Avropa İttifaqını nəzərdə tuturdu:

“Xüsusilə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Avropa İttifaqı Azərbaycanı özünün etibarlı tərəfdaşı adlandırıb ki, bu həqiqətə də belədir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində əsas rolu oynayan önəmli ölkədir.

Digər tərəfdən təbii ki, Rusiya ilə bizim münasibətlərimiz bütün tarixin ziqzaqlarına baxmayaraq sınaqdan çıxıb və hazırda münasibətlərimiz kifayət qədər normal səviyyədədir. Nəzərə alsaq ki, tərəflər dünyada gedən qlobal rəqabətdə mübarizə aparsa da, Azərbaycan bundan kənarda qalmağa çalışır.

Azərbaycan qlobal güclərin toqquşma məkanına çevrilməmək üçün addımlar atır. Təbii ki, belə bir güc dedikdə həm də Qoşulmama Hərəkatı nəzərdə tutulur. Azərbaycan Qoşulmama Hərəkatına 4 ilə yaxındır sədrlik edir və kifayət qədər də uğurlu bir fəaliyyət yürüdüb.

Azərbaycanın sədrliyi dönəmində bu təşkilat beynəlxalq səviyyədə rolunu artırıb. Azərbaycan hansısa qlobal gücün yanında birmənalı mövqe tutmur. Hansısa təsir altında qərarlar vermir, siyasət yürütmür. Nəzərə almaq lazımdır ki, qlobal güclər arasında balansı qorumaq çətin bir məsələdir, amma Azərbaycan bunun öhdəsindən gələ bilib.

Bu baxımdan Azərbaycan həmin güclər tərəfindən də etibarlı tərəfdaş kimi dəyərləndirilir. Son olaraq ciddi sıxıntı yaşadığımız ABŞ-la münasibətlər də qısa zaman ərzində normal məcraya qayıda bildi”.

Müəllif: Vilayət Muxtar - Mənbə: “Cebhe.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.