İqbal Ağazadə seçkidə iştirak etməyəcək - Səbəbini bəyan etdi

19-12-2023, 00:11           
İqbal Ağazadə seçkidə iştirak etməyəcək -
Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı qərarını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə öz “Facebook” hesabından paylaşım edib.

Maraqlıdır ki, əvvəlki prezident seçkilərində namizədliyini irəli sürən İ. Ağazadə bu dəfə seçki prosesindən kənarda qalmaq qərarına gəlib.

Həmin paylaşımın bir hissəsini təqdim edirik: “Yaşadığımız 30 illik işğal tarixi və onun acı nəticələri bir daha sübut edir ki, ölkənin maraqları naminə hər kəs partiya və fərdi istəklərindən geri durmağı bacarmalı, tarixin verdiyi imkan və şansların düzgün dəyərləndirilməsi üçün rasional qərarlar qəbul etməlidir. Ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpası keçən 3 il ərzində məhz İlham Əliyevin siyasəti və adı ilə bağlıdır. Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır.

Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqsədəuyğun hal olardı. Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırki Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.

İlham Əliyevin torpaqlarımızı işğaldan azad edərək 200 illik bir təhdidə son qoyması ölkə seçiciləri içərisində onun kifayət qədər yüksək reytinqini formalaşdırmışdır. Biz vətəndaşlarımız, seçicilərimiz ilə birlikdəyik. Ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətimizi, prinsip və düşüncələrimizi yenə də ardıcıl və sistemli davam etdirəcəyik. Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.