Prezident daha iki sərəncam imzaladı

25-12-2023, 12:27           
Prezident daha iki sərəncam imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydası;

- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası;

- dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı, onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası;

ADY isə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini təmin etməlidir.

xxx

Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə həyata keçiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.

Nazirlər Kabinetinə pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.