“ŞANSLI” NAMİZƏDLƏRİN ANLAŞILMAZ NAMİZƏDLİYİ... – Bu adamların məqsədləri nədir?

25-12-2023, 18:38           
“ŞANSLI” NAMİZƏDLƏRİN ANLAŞILMAZ NAMİZƏDLİYİ... –
Qarabağdakı parlaq qələbəmizin fonunda hazırda ən şəffaf, ən demokratik seçkidə belə hansısa namizədin İlham Əliyevə ciddi rəqib ola biləcəyini düşünmək sadəlövhlük olardı. Bunun üzərinə seçkinin növbədənkənar qaydada elan edilməsi, seçkiyə qədər qalan vaxtın azlığı və digər bir çox məlum amilləri də gəlsək, indiki situasiya ümumiyyətlə, hazırkı Prezidentə rəqib olmaq istəyən şəxslərə şans tanımır.

Ancaq buna baxmayaraq, Prezidentin qarşısına çıxmağa hazır olan “ürəkli oğlanlar” az deyilmiş kimi görünür. Onların arasında siyasi savadı olan, təcrübəli və tanınan şəxslərlə yanaşı, prezidentlik iddiaları, yumşaq desək, gülünc görünənlər də var. Bu sıraya Fuad Əliyevi, Razi Nurullayevi, Elşad Musayevi, Mətləb Mütəllimlini, Abutalıb Səmədovu və adlarını çoxumuzun ilk dəfə eşitdiyi digər 1-2 nəfəri aid etmək olar.

Əlbəttə, seçki mədəniyyətdir, inkişafdır, cəmiyyətin yetkinlik göstəricisidir və sair. Hər kəsin də bu prosesdə namizəd, yaxud seçici kimi iştirak etmək hüququ var. Ancaq bununla yanaşı, bir də siyasi, yaxud adi bir məntiq də var ki, onu nəzərə alanda, həmin bu namizədlərin bəzilərinin məqsəd və məramlarını, nəyə ümid etdiklərini, hansı nəticələri gözlədiyini anlamaq olduqca çətindir. Çünki seçki həm də mübarizədir, sözün yaxşı mənasında savaşdır.

Mübarizə isə rəqiblər arasında olur, eyni fikirdə, mövqedə, dünyagörüşündə olanlar arasında yox. Bu baxımdan uzun illərdir Azərbaycanın indiki başçısına qarşı açıq müxalif mövqe nümayiş etdirən adamlar öz namizədliklərini irəli sürərsə, onları hardasa anlamaq olar. Bu günə qədər hakimiyyəti xarici və daxili tənqiddən qoruyan, onun daxili və xarici siyasətini beşəlli dəstəkləyən, bir sözlə, onun yanında olan fiqurların bu gün özlərini İlham Əliyevə rəqib kimi təqdim etmələri isə anlaşılmaz və mənasız görünür və Azərbaycanın seçki və siyasi sistemini gözdən salır.

Məntiqlə adlarını çəkdiyimiz bu adamların əksəriyyəti hazırda Prezidentin qarşısında yox, yanında olmalıdır. Paradoks ondadır ki, böyük ehtimalla elə bu cür də olacaq. Onların indiyə qədərki fəaliyyətindən, mövqeyindən və xarakterindən çıxış etsək, həmin şəxslərin ölkə başçısına qarşı nəinki kəskin, hətta loyal müxalif rolunda çıxış etməsi belə ağlabatan deyil. Belə olan halda bu şəxslərin namizəd kimi seçkidə iştirakının onların seçki bülletenlərində, təbliğat plakatlarında yer alan şəkillərinə sərf olunan boyaya çəkilən xərcə belə dəyib-dəymədiyi barədə sual yaranır...

Məlum məsələdir ki, prosedurun tələb etdiyi kimi, bu seçkidə də Pezidentin seçki qərargahı olacaq. Məqsəd ona kömək etmək, onu dəstəkləməkdirsə, sözügedən şəxslər həmin qərargaha qoşulsalar, orada iş aparsalar, daha faydalı olmazlarmı? Bu, ən azından onların seçki kampaniyasına sərf olunan vəsaitlərə qənaət olardı...

Zatən beynəlxalq platformalarda Azərbaycanın seçki institutlarına, seçkinin təşkili və keçirilməsi mühitinə, proseslərinə münasibət birmənalı deyil. Bunun da obyektiv və eyni zamanda subyektiv səbəbləri var ki, onların üzərində xüsusi dayanmağa lüzum görmürük. Ancaq istənilən halda bu cür, yəni, statistika xatirinə namizədliklərin verilməsi kənardan xalqı, dövləti, ümumilikdə seçki prosesini ələ salmaq kimi görünür və seçkiyə münasibətdə tənqidləri daha da artırır, kəskinləşdirir.

Məsələn, namizədlərdən biri – Elşad Musayev ölkə başçısının ad günü ilə bağlı təbrik məktubunda yazıb: “Fürsətdən istifadə edərək, Vətən müharibəsində qazandığımız qələbəyə verdiyiniz töhfəyə və tarixi xidmətlərinizə görə Sizə öz təşəkkürümü bildirirəm.” Yaxşı, necə olur ki, bir şəxs ölkə başçısı haqqında bu qədər yüksək fikirdə olur, onun gerçəkdən də danılmaz tarixi xidmətlərini qeyd edir və eyni zamanda da seçkidə ona rəqib olur? Digər yandan, prezident olmaq istəyən şəxs hazırkı ölkə başçısından daha artığını etmək imkan və bacarıqlarına malik olmalı, bunu hansısa formada izah və nümayiş etdirməlidir. İndi hansı namizədin bu potensialı var?

Bu adamların bəziləri əvvəlki prezident seçkilərində də iştirak ediblər və 0.7 faizdən 3 faizə qədər səs toplayıblar. Məsələn, Fuad Əliyev əvvəllər də prezidentliyə namizədliyini irəli sürüb və cəmi 0,77% səs toplayıb. Üstəlik, seçkinin nəticələrini də qəbul edib. Yaxud, olsun Abutalıb Səmədov. Dəfələrlə deputatlığa namizəd olsa da, cəmi bir dəfə, o da uzaq 2001-ci ildə “seçilib”.

Yaxşı, bu arada, ötən illərdə nə baş verdi – bu adamların reytinqi kəskin artdımı, xalqın onlara böyük məhəbbəti, inamı, etimadı yarandımı, yoxsa hakimiyyət böyük uğursuzluğa düçar oldumu? Ümumiyyətlə, ölkədə onların şansını artıran nə baş verdi axı? Heç nə. Əksinə, Azərbaycanın illər, əsrlər boyu boynunda yük olan ağır bir problem tam aradan götürülüb və bu, ölkənin hazırkı başçısını rəqabətdən birmənalı şəkildə azad edir.

O zaman bir sual açıq olaraq qalır - “xala xətrin qalmasın” prinsipi əsasında “mübarizə” aparmaq istəyən bu “şanslı” namizədlər nəyə, kimə güvənir və məqsədləri nədir?...

C. Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.