Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

8-01-2024, 08:23           
Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 6-da Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb. Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.

Bundan öncə MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hazırkı prezident İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

İndiyədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bunlar Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədli İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxandır.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Müxalifət partiyaları və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda indiyədək keçirilən seçkilərin azad və ədalətli olmadığını, beynəlxalq standartlara cavab vermədiyini bildirib.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.