Namizədlər maliyyə hesabatlarını açıqladılar: 250 min, 19 min....

8-01-2024, 10:56           
Namizədlər maliyyə hesabatlarını açıqladılar:
Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

İndiyədək 17 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Modern.az-ın məlumatına görə, indiyədək 7 nəfər imza vərəqələrini geri qaytarıb.

İmza vərəqələrini geri qaytaran şəxslərdən 3 nəfərin namizədliyi artıq qeydə alınıb. Belə ki, namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən Prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev və Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Orucun namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib.

Mövcud qanunvericiliyə görə, namizədliyi qeydə alınan şəxslər MSK-ya seçki fondlarının gəlir və xərcləri əhatə edən maliyyə hesabatları təqdim etməlidir.

Qeyd edək ki, namizədliyi qeydə alınan 3 nəfər sözügedən heabatı təqdim edib. Hesabatlarda namizədlər seçki fondlarının gəlir və xərclərini qeyd etməlidirlər.

YAP-ın təqdim etdiyi hesabatda Prezident İlham Əliyevin seçki fonduna 250 min manat daxil edildiyi göstərilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd olunub. Hesabatın xərclər hissəsi boşdur.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur.

Vəsaitin 8 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin mliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib.

Razi Nurullayev isə hesabatda fiziki şəxslərdən 3 min manat gəlir əldə etdiyini qeyd edib. O, xərclər hissəsində heç bir rəqəm təqdim etməyib.

Qeyd edək ki, seçkilər fevralın 7-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.