Hərbi-militarist ritorikanın iqtisadi fəsadları.

19-02-2024, 08:24           
Hərbi-militarist ritorikanın iqtisadi fəsadları.
Azərbaycanda müstəqillikdən üzü bəri hərbi ritorikanın hakim olması anlaşılan idi – torpaqlarımız işğal edilmişdi, milli qürurumuz zədələnmişdi, xalq, toplum olaraq böyük bir məğlubiyyət travması yaşayırdıq. İllər ötdükcə travma daha da genişlənirdi, hətta ən populyar yanaşmalardan biri, “əşi bizdən xalq olmaz, bir şey çıxmaz”, deyiminə qədər məsələ dərinləşmişdi.
Allaha min şükür, Əsgərimiz, Ordumuz qəhrəmanlıq dastanı yazdı, siyasi-hərbi rəhbərlik, Ali Baş Komandan doğru qərarlarla ölkəmizə qələbə nəsib etdi – 30-35 il deyil də, azı 200 illik bir problem həllini tapdı, ərazi bütövlüyümüz, suverenliyimiz bərqərar oldu. Qəddimiz düzəldi, xalq olaraq özügüvən qazandıq – Rus və Sovet İmperiyasının öz ərazilərində basdırdığı “minanı” təmizləməyi bacaran yeganə Dövlət Azərbaycan oldu, digər post-sovet ölkələrinə də Allah belə uğur nəsib etsin.
Baş verən hadisələr, böyük qələbə çox təzə və “istidir” deyə əhəmiyyətini hələ tam anlaya bilmirik, amma başqa səbəb də budur ki, böyük uğurun, möhtəşəm qələbənin iqtisadi-sosial “dividendlərini” xalq olaraq hiss etmirik. Bu qələbə bizə rifah Dövlətinin qapısını açmalı, iqtisadi yüksəlişə keçmək üçün təməl yaratmalıdır.
Amma hələ də məmləkətdə hərbi-militarist ritorika hakimdir, iqtisadi-sosial məsələlərin həlli yolları haqqında diskurs açmaq olmur. Hökumət bu ritorikadan istifadə edərək problemləri arxa plana keçirir – bunu anladıq, amma müxalif kəsim də eyni yanaşma ilə davrananda anlamaq olmur. Özü də eyni səhvləri dəfələrlə təkrarlayırlar – xatırlayın, 2020-ci ildən sonra həmin yarı-marginal qrupun nümayəndələri, “hanı Xocalı, Xocavənd, Xankəndi, iqtidar o bölgələri rusa verdi və s.”, kimi cəfəng militarist ritorika ilə meydan suladılar. İndi çıxıb öz axmaq çıxışlarına görə üzr də istəmirlər – yalan danışdıqlarını etiraf edib nəticə də çıxartmırlar və eyni yanaşmanı davam etdirirlər.
Hökumət indi Qazağın kəndləri, anklavlar və eksklavlar haqqında danışır, həmin yarı-marginal qrup da eyni mövzulara girir, güya, öz aləmlətində hökumətə irad bildirirlər ki, bəs nə oldu o torpaqlar, niyə qayıtmır – yenə “təkərə düşüblər”, çünki o kəndlər də qayıdacaq, amma yenə üzr istəməyəcəklər. Halbuki, mövzu başqa olmalıdır, demək lazımdır ki, zatən o məsələlər danışıqlarla həll olunacaq, amma ölkədə minlərlə kənd-qəsəbə var, bəlkə onların problemlərinin həlli yollarından danışaq, bəlkə hökumətə deyək ki, gəlin əvvəl əlimizdə olanları gülüstana çevirək, inkişaf etdirək, rifah yaradaq, zatən Qazağın kəndləri qayıdacaq, bu indi aktual mövzu deyil. Hökumət nədən bu mövzunu aktual saxladığını anlamaq olar – mesaj budur ki, hələ məsələlər bitməyib, bir az da dözün, sosial-iqtisadi problemləri dilə gətirməyin, görmürsüz ki, hələ kəndləri qaytarmaqla məşğuluq?! Yaxşı, bəs bu yarı-marginal qrupa nə düşüb ki, o mövzuya girib bu ritorikanı gücləndirirlər?! Anlamırlarmı ki, bu mövzuda yenə iqtidara uduzacaqlar?!
Və ya, yenə həmin yarı-marginal qrup, güya, iqtidarı vurmaq üçün siyasətdən bixəbərcəsinə, “Azərbaycan Rusiya tərəfə yıxıldı, ölkənin müttəfiqi Rusiyadır”, tezisi yayırlar, düşünürlər ki, bu ritorika ilə Qərbdən dəstək alacaqlar, bu yanaşma ilə iqtidara siyasi opponentlik edə biləcəklər – bu fonda Əliyev MDB liderləri arasında ən çox Zelenski ilə görüşən prezident olur, Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdən birinə çevrilirik, Əliyevi Qərb təbrik, Münxendə konfransa dəvət edir, ölkəyə GOP29 kimi tədbirin ev sahibi olmasına razılıq verir. Yenə sinifdə qalırlar, öz ritorikalarının mənasız olduğunu görmürlər. Anlamırlar ki, Azərbaycanın gerçək, imzalanmış və parlamentlər tərəfindən təsdiq edilmiş müttəfiqi Türkiyədir, NATO ölkəsi olan Türkiyə.
Bir ölkə daim təhlükələrdən danışırsa, hərbi-militarist ritorika hakim olursa, həmin ölkəyə nə investisiya gələr, nə də yatırım qoyan tapılar. Ona görə də, bu ritorikanı maksimum azaltmaq, sülh və rifah mövzularını hakim qılmaq lazımdır. Ölkəyə ciddi yatırım lazımdır, yaxın 10-15 ildə 100 mlrd. dollara yaxın büdcədən əlavə vəsaitə ehtiyac yaranacaq ki, həm işğaldan azad olunan torpaqlarımızı yeni iqtisadi “driver”-ə çevirə bilək, məmləkətdə rifah dövlətinin yaranmasına nail olaq – bunun üçün isə sülh ritorikası militarist yanaşmanı üstələməlidir. Təbii, heç kim demir ki, Ordumuzu gücləndirməyək, müdafiə qabiliyyətimizi artırmayaq – bunlar vacib məsələlərdir, hətta peşəkar Orduya da keçməliyik, amma bu o demək deyil ki, səhər-axşam yeni müharibələrdən, təhlükələrdən danışaq, əsas mövzumuz rifah, rifaha aparan sülh və köklü islahatlar olmalıdır.
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.