Kremldən Kadırov örnəyi – “Ömürlük hakimiyyət istəyən Moskvaya sadiq olsun”

19-02-2024, 09:17           
Kremldən Kadırov örnəyi –
Bəzən terminləri düz seçmir, gerçəkliyi doğru ifadələrlə təsbit etmirik. Məsələn, neçə vaxtdır ölkə mediasında Rusiyanın neoimperiya siyasətindən bəhs edərkən Moskvanın “SSRİ-2 planları”ndan danışırıq və bu, yanlış söhbətdir.

Moskvanın, Kremlin belə bir planı yoxdur. O mənada ki, indiki Kreml strateqlərinin Rusiya başda olmaqla keçmiş SSRİ respublikalarında kommunistləri hakimiyyətə gətirmək, bütün hakimiyyəti sovetlərə, torpağı kəndlilərə vermək, 31 ildən bəri müstəqil yaşayan ölkələri sosializm quruluşuna qaytarmaq kimi planları yoxdur.

Neoimperiya ambisiyasına dolan və əksəriyyəti milyonçu və milyarderlərdən ibarət olan bu güruh, sadəcə, dağılmış SSRİ-nin ərazisini son sovet-rus imperiyasının ərazisi sayır, bu ərazi daxilində çar üsul-idarəsini, yəni mütləqiyyəti bərpa etmək istəyirlər. Yəni niyyət budur ki, cəmiyyət ağalar-qullar formatı davam etsin, keçmiş müttəfiq respublikalar, indiki müstəqil ölkələr Moskvanın satelliti, daha yaxşı olar ki, federal subyekti olsun, hər birində daha güclü klanın ömürlük hakimiyyəti bərqərar olunsun.

Amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Putinin Lenin və Stalinə qarşı səsləndirdiyi fikirlərə diqqət edin. Putin onları indiki müstəqil dövlətlərə - keçmiş müttəfiq respublikalara muxariyyat və SSRİ-dən ayrılmaq hüququ verməkdə qınamışdı.

Yarımmüstəqil satellitlərdəki ömürlük klan hakimiyyətinin parlaq nümunəsi artıq Çeçenistanda bərqərar edilib. 30 ildir ki, bu muxtar respublika Kadırov ailəsi tərəfindən idarə olunur. Respublikanın indiki rəhbəri Ramzan Kadırov Çeçenistanda hüdudsuz hakimiyyətə malikdir, istədiyi kimi davranır, övladlarına, qohumlarına vəzifə, dövlər orden-medalları paylayır. Bu günlərdə o, 18 yaşlı oğlunu nazir təyin edib. Bu, gəncin vunderkind tay-tuşları dünyanın hər yerində hələ təhsil alırlar, 3-4 ildən sonra ali məktəbi bitirəcək, magistr təhsili alacaq, praktika keçəcək, ilk pillədən işə başlayacaqlar. Ancaq Kadırovun sarıdimdik oğlu artıq nazirdir və atası hakimiyyətdən gedəcək olsa, Çeçenistan prezidenti məhz o olacaq.

Bu, o deməkdir ki, prezident Putin Çeçenistanı kadırovlara verib. Bu şəxsin başqa postsovet ölkələrinə yanaşması da çox fərqli deyil. Putinə, eləcə də Kremldəkilərə hansısa ölkədə hakimiyyətin seçki yolu ilə formalaşması lazım deyil. Hətta Moskva bütün varlığı ilə demokratik seçkilərə qarşıdır.

Rusiyanın Gürcüstanla münaqişəsinin, Ukrayna ilə müharibəsinin, hazırda isə Ermənistanla intriqasının başlıca səbəbi hakimiyyətin seçki yolu müəyyənləşməsi, bu zaman xalqın iradəsi ilə dövlət başına gələnlərin qüdrətli xarici dövlətlərin təsiri altına düşərək, Moskvadan üz döndərməsi olub.

Rusiyaya 4-5 ildən bir hansısa postsovet ölkəsində sırf seçkiyə görə başlanacaq siyasi təlatümlər lazım deyil, o, sabitlik istəyir. Ölkə tiraniya olsun, amma sabitlik olsun, Qərbə rəğbət bəsləyən siyasi qüvvələr ya yerli-dibli olmasın, ya da dissident klubları kimi olsunlar, özləri üçün yığışıb intellektual polemikalar təşkil etsinlər, amma adi bələdiyyə şurasına seçilə bilməsinlər.

Putin Rusiyada bu rejimi bərqərar edib. Bu ölkədə artıq heç bir siyasi qüvvə hakimiyyətin ən adi instansiyasına iddia edə bilməz. Hakimiyyətə qarşı müxalif fikir söyləyən istənilən görkəmli ziyalı, məşhur sənətkar isə çox çəkmədən “xarici agent” elan edilir. Putin istəyir ki, postsovet ölkələrinin hamısında belə olsun.

Bir çoxları da sadəlövhcəsinə düşünür ki, “SSRİ-2” layihəsi yaxşı şeydir, elə bilirlər ki, rusiyalı generallar və onların müşayiəti ilə postsovet ölkələrə daraşan siyasi canişinlər gələn kimi kolxoz-sovxozlar bərpa olunacaq, istehsal müəssisələri milliləşdiriləcək, alış-veriş, xidmət-iaşə obyektləri dövlət sərəncamına keçəcək, milyonçular ötən əsrin əvvəlindəki kimi ölkədən qovulacaq, mülkədarlar qolçomaq elan ediləcək, hökumətlə hökumətlik edən, milli dövlətçilikdən-filandan danışanlar repressiya olunaraq Sibirə göndəriləcəklər.

Əslində isə bu sonuncudan başqa heç biri olmayacaq. İmperiya ambisiyası daşıyan millətçi rusların ən zəhləsi gedən adamlar məhz sonunculardır. Keçmiş SSRİ-yə daxil olan 15 respublikanın 14-də “mənim xalqım” və ya “bizim xalq” deyən, öz dilinin inkişafını istəyən hər kəs millətçidir, cəzaya layiqdir. Bu ifadəni yalnız ruslar işlədə bilər, yalnız onlar rus xalqının möhtəşəmliyindən, rus dilinin zənginliyindən danışanda millətçi deyillər, sadəcə, vətənpərvərdirlər. Düşüncə budur.

Bu günlərdə məşhur rus nəşrlərindən biri SSRİ-nin hərbi kontingentinin Əfqanıstandan çıxmasının 35-ci ildönümünə həsr olunmuş geniş reportaj dərc etmişdi. Reportajın ümumi ruhu bundan ibarət idi ki, əfqanlar “şurəvi”lərin bu ölkədə olmasını, orada çoxlu bənd, məktəb, xəstəxana, yaşayış binaları tikməsini nostalji ilə xatırlayır və Qorbaçovu qınayırlar ki, rus ordusunu Əfqanıstandan nahaq çıxardı.

Yəni Kreml hətta Əfqanıstandan da gözünün birini çəkməyib. Çətin dövlətdir Rusiya. Onunla məsafə saxlamaq lazımdır – nə çox uzaqlaşmaq, nə də çox yaxınlaşmaq.
Xalid KAZIMLI
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.