Onlar da yaşayır, sən də, mən də...- Səxavət Məmməd yzır...
20-02-2024, 16:57
Cəmiyyət, cəmiyyət deyirik. Bu cəmiyyət durduğu yerdə belə olmayıb. Cəmiyyəti kim yaradır, formalaşdırır? Yüzlərlə şey saya bilərik, ancaq ən son gedib dayanacağı yer dövlətdir. Dövlətlər yönün hara tutursa, cəmiyyət də yönün ora tutur. Serblə albanın arasında durmuşdum. Söhbət edirdik. Birdən alban dedi ki, illər öncə bizim aramızda sən yox, polis dura bilərdi. Sual verdim, nə dəyişdi? Dedi, heç nə, dövlətlər yaxınlaşdı. Yəni, dövlətin münasibəti həlledicidir.
Məmur da cəmiyyətdən gileylənsin, mən də, sən də. Məmur qəbul etdiyi vətəndaşı təhqir edəndə, alçaldanda, dövlətin gücün arxasına alıb Allahlıq edəndə, sabah o vətəndaş da özündən zəifi əzir, alçaldır, aşağılayır.
Baş redaktor da cəmiyyətdən gileylənir, sən də, mən də. Həyatı boyu yaltaqlan, yalan sat, informasiyaya "partlatma" dərəcəsinə görə qiymət ver sonra cəmiyyəti danla. Bir ölkənin mediasının gündəmə və sosial şəbəkələrə təsir gücü yoxdur, ancaq ortada dönən pul milyonladır. O gün prezidentin andiçməsində manşet Əhmət, dünən Türkiyə səfəri bu günki manşet yumurta.
Nəşriyyat rəhbərləri də cəmiyyətdən gileylənsin, sən də,mən də. O lotu-potu kitablarını kim çap edir? Hansı normal yazıçıya qonorar verib normal kitab çap etdirdiniz və insanlar oxumadı? Mədəniyyət nazirliyi hansı film çəkdi, yaxud şərait yaratdı, insanlar Türkiyənin birbaşa ailə institutunu dağıdacaq seriallarına baxmadı? Hansı mutfilm çəkdiniz, uşaqlar gic-gic şeylərə baxmadı. Dostum tanışının dediklərini nəql edir: Uşaq hansısa multikə baxıb. Multikdə hansısa qəhrəman qapıya kəllə vurub o üzə keçib. Ona baxan uşaq da qapıya kəllə vurub, başı partlayıb. Nə vermisiniz bu cəmiyyətə, qarşılığını da fərqli istəyirsiniz?
Qaziyə, əlilə, pensiyanerə pul verməyən də cəmiyyətdən gileylənsin, sən də, mən də. Yaxınlarda bir məclisdə idim. Xaricdən gələn bir pensiyaner pensiyaya çıxandan sonra gəzdikləri ölkələri və orada yaşadıqlarını danışırdı, bizim pensiyaner qəfil durub ayağa az qaldı onu vursun, sonra xahiş etdi ki, mövzunu dəyişsin. Nə gözləyirsiniz?
Azərbaycan telekanallarında meymunluğun əsasını qoyan adamlar da telekanalları tənqid etsin, sən də mən də. Azərbaycan mediasında reketçiliyin kitabını yazmış adamlar da reketçiliyi tənqid etsin, sən də, mən də.
Müharibə vaxtı cəbhəyə ən yaxın getdiyi ərazi mənim arxaya gəldiyim yer olub, ona Müdafiə Nazirliyi mükafat versin, sən otur mal-mal bax. Müharibədən o da üərklə danışsın, sən də, mən də.
Yaxınlarda Xocalı soyqırımının ildönümü gəlir. Xocalının yerini xəritədə tapsa it olub ulayaram, bildikləri də ibtidai sinif dərsliklərində yazılanlardan o yana keçməyənlər də xaricdə bu hadisədən danışıb, erməniləri təcavüzkar adlandırsın, sən də, mən də.
15 ildir eyni şəxs gənclər günündə mükafat alsın, sonra çıxıb gənclikdən ağız dolusu danışsınlar. O mükafatı verən biri də demir ki, başqa gənc yetişmədi bu ölkədə? Gənclikdən o da gileylənsin, sən də, mən də.
Səsi olan müğənni, yaza bilən jurnalist, danışa bilən politoloq, ədaləti olan hakim, siyasətlə məşğul olan deputat, partiya sədri. Onlar da yaşayır, sən də, mən də...
Səxavət Məmməd
TEREF