NATO Azərbaycanı seçir və ya bədxassəli aktorlara qarşı birgə “əməliyyat” - TƏHLİL
19-03-2024, 09:04
NATO-nun Baş katibi Yens Stoltenberq Cənubi Qafqaz regionuna səfərini Azərbaycandan başladı.
Qərb təhlükəsizlik və hərbi sisteminin qarantı olan NATO-nun Azərbaycanla əlaqələri onun Cənubi Qafqazdakı proseslərdəki iştirakçılıq dairəsini cızmaqda mühüm rol oynayır.
Bu mənada NATO-nun regionda Alyansın məntiqinə uyğun təhlükəsizlik çərçivəsi çəkmək səyləri Azərbaycanla münasibətlərin filtrdən keçirilməsinə təşviq edir.
Düzdür, hələ ki NATO-nun Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində birbaşa rolu yoxdur. Buna baxmayaraq, baş katibin Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələrini Bakı-İrəvan sülh proqramı fonunda qiymətləndirmək zəruridir.
Bu məntiqlə Əliyevlə Stoltenberqin danışıqları:
- Azərbaycan-NATO əlaqələrində yeni bacarıqların və qarşılıqlı fəaliyyətin qurulması istiqamətlərini təşkil edib;
- NATO ilə Azərbaycan arasındakı “əməliyyat”ların potensial gələcək missiyalar üçün digər imkanlar hazırlamasını şərtləndirir;
- Cənubi Qafqazda yaranmış geosiyasi reallıqların enerji təhlükəsizliyi, yaşıl enerji sferalarına inteqrasiyasını təşviq etmək məqsədlərini daşıyır.
NATO-nun qlobal siyasətində enerji infrastrukturunun inkişafı və qorunması, o cümlədən kritik dənizaltı marşrutların təhlükəsizliyinin təmini yeni bir istiqamət deyil.
Hərçənd ki, NATO enerji institutu deyil. Amma enerji sahəsindəki hadisələr beynəlxalq təhlükəsizlik mühitinə təsir etdiyindən Alyansın geniş imkanlar axtarışına başlaması başadüşüləndir.
Təzə istiqamətə gəlincə, o, bundan ibarətdir ki, NATO Azərbaycanın yaşıl enerji sahəsindəki potensialının geosiyasi təsir gücünü araşdırır.
Görünür ki, NATO Azərbaycanın Avropaya ənənəvi enerji resurslarının ixracı marşrutlarının mühafizəsini təşviq etməklə yanaşı, rəsmi Bakının yaşıl bazar potensialının şaxələnməsi üzərində təhlükəsizlik çətiri açmağı hədəfləyir.
Ancaq Azərbaycanın qlobal enerji bazarına keçiddə növbəti şaxələnməsi bir sıra məsələlərin həllini də tezləşdirməlidir.
İlk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin sağlamlaşdırılması istiqamətində Bakının tələb və şərtləri, təhlükəsizlik üçün ideyaları nəzərə alınmalıdır.
Çünki Ermənistanın sülh proqramındakı ikibaşlı yanaşmaları və ara-sıra revanşizm mövqeyində dayanması regiondakı təhlükəsizliyə, sabitliyə mənfi təsir edir.
Söz yox ki, Azərbaycan Ermənistanın mövqeyini və bunun arxasında duran tendensiyaları yaxından izləyir və strateji məlumatlılığını artırmağa çalışır.
Bu məlumatlar əsasında perspektiv regional çertyoj çəkilir. Lakin həmin məlumatların bolluğu Bakı üçün daha çox lazımdır, bu mənada Azərbaycana NATO-nun kəşfiyyat qiymətləndirmələri maraqlıdır.
NATO üçün də Azərbaycanın strateji gündəliyi cəlbedicidir, deməli, bu iki məsələ qarşılıqlı ehtiyac formalaşdırır.
Bu ehtiyacın böyük ölçüdəki təmini Azərbaycanın gündəliyinin təməl daşı ilə əlaqəli formada inkişaf edir.
Təsadüfi deyil ki, İlham Əliyev Yens Stoltenberqlə mətbuata birgə bəyanat zamanı Azərbaycan-Ermənistan sülh gündəliyi fonunda regionda çox ciddi dəyişikliyin ola biləcəyini qeyd etdi.
Bu, Azərbaycanın enerji sektorundakı rolu ilə yanaşı, onun geosiyasi oyunçuluq qabiliyyətinin genişlənə biləcəyini qeyd edir.
Başqa sözlə, Azərbaycan Zəngəzur dəhlizi layihəsinin reallaşacağı təqdirdə regionda geniş və dayanıqlı əməkdaşlıq formatının qurulacağını bəyan edir.
Stoltenberq isə mətbuata birgə bəyanat zamanı Cənubi Qafqazdakı sülhün Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu vurğulamaqla Bakının burada tutduğu və tuta biləcəyi rola işarə etdi.
Baş katib burada prosesləri Rusiya-Ukrayna müharibəsi fonunda diplomatik olaraq şərh etməyi də unutmayıb.
Belə ki, Stoltenberq:
- Azərbaycanın Ukraynaya humanitar dəstəklərini alqışlayıb,
- İqlim dəyişikliyinin yaratdığı beynəlxalq strateji rəqabət fonunda Azərbaycanla enerji sektorundakı əməkdaşlığı qiymətləndirib.
NƏTİCƏ
Bütün bunlar regionda bədxassəli aktorları neytrallaşdırıb, onların səmərəli əməkdaşlıq formatına cəlb edilməsinə hesablanmış addımlardır.
Azərbaycanla NATO addımlarını konkretləşdirməkdən və cərəyan edə biləcək mənfi ssenarilərə çevik reaksiya verməkdən ötrü əməkdaşlıq dairəsini genişləndirirlər.
Gələcək illərdə Azərbaycanla NATO Bakı-İrəvan münasibətlərinin tənzimlənməsinin müşayiətində təhlükəsizlik risklərinin qiymətləndirilməsinə diqqətlərini davam etdirəcəklər.
Stoltenberqin səfərindən sonra Alyans Cənubi Qafqaz üzrə əməkdaşlıq istiqamətlərində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını prioritet olaraq qeydə alacaq.
Azərbaycanın regional tablodakı rolu NATO-nun Cənubi Qafqazdakı seçim imkanları zamanı Bakının maraqlarını önə çəkməsi ilə nəticələnə bilər.
Aqşin Kərimov,
Siyasi təhlilçi