Vladimir Putin: Rusiya KQB-sindən Ukrayna müharibəsinə gedən yol
19-03-2024, 10:37
Vladimir Putin 2000-ci ildən bəri hakimiyyətdədir, bu, Sovet diktatoru İosif Stalindən sonra istənilən Kreml liderininkindən daha uzun müddətdir.
Putinin 71 yaşında beşinci dəfə prezident seçkilərinin qalibi elan olunmasına qədər müddətdə, Rusiyada müxalifətə bənzər nə varsa, yox olub. Və istərsə, hətta 2036-cı ilə qədər də, onun hakimiyyətdə qalmasına mane olacaq çox az şey var.
Bununla belə, bir zamanlar az tanınan bu keçmiş KQB işçisi Kremlə təsadüfən seçilib: sadəcə olaraq, lazımi anda lazımi yerdə sələfi Boris Yeltsinin yaxın çevrəsində olmaqla.
Vladimir Putin gənclik illərini kommunist Leninqradda kommunal mənzildə və ya “kommunalka”da keçirən və küçə döyüşlərində iştirak edən bir oğlan idi.
O, liberal, demokratik Rusiyadan bəhs etsə də, sonralar Sovet İttifaqının xaotik çöküşünü “[20-ci] əsrin ən böyük geopolitik fəlakəti” adlandırdı.
Ukraynanın Rusiyanın orbitindən çıxmasının qarşısını almaqda israrlı olan Putin 2022-ci ilin fevralında İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük müharibəsini başlatdı.
Putinin tarixə təhriflə baxışı
NATO-ya olan dərin nifrətilə yanaşı o, tez-tez öz hərəkətlərini tarixin təhrif olunmuş versiyasına istinad edərək əsaslandırır.
Ukraynaya hərbi müdaxiləyə qədər və sonra Putin yalandan Ukraynanın neonasistlərin məskunlaşdığı süni dövlət olduğunu iddia etdi. Və Ukraynanın NATO ilə yaxınlaşmasının qarşısını almağa başladı.
Onu ən yaxşı tanıyan Qərb liderlərindən biri Almaniyanın keçmiş kansleri Angela Merkel idi. O, bir zamanlar Putini “reallıqdan uzaqlaşmış və başqa bir dünyada yaşayan adam” adlandırmışdı.
Merkel dəfələrlə onunla danışıqlar aparmağa çalışmışdı. Kiyevə girmək üçün qoşun göndərməsindən sonra isə o, Putin haqqında belə qənaətə gəldi: “Avropanı məhv etmək istəyir”.
Vladimir Putin İkinci Dünya müharibəsinin başa çatmasında yeddi il – böyük qardaşının ölümü və valideynlərinin güc-bəla ilə sağ qalmasına səbəb olan Leninqrad mühasirəsindən sonra - anadan olub.
O, həyatının qalan hissəsinə təsir edəcək ağır uşaqlıq keçirib.
“İlk yumruğu sən vurmalısan”
O, 2000-ci ildə verdiyi müsahibəsində yaşadığı yataqxananın pilləkənində böyük bir siçovulu küncə sıxışdırdığını xatırlayır.
Qaçmağa yeri yox idi. Putin siçovulun özünü ona necə çırpdığını təsvir edib: “Oradaca küncə sıxışdırılmaq sözünün mənası ilə bağlı tez və uzunömürlü dərs aldım”.
2000-ci ildə 10 yaşlı yaponiyalı qız Putini yerə sərmişdi.
Gənc Putin tez-tez daha iri və güclü olan yerli oğlanlarla dava edirdi. Sonralar həmin vaxtı xatırlayıb özünü “xuliqan” kimi qələmə verirdi.
O, prezidentliyi dövründə qara kəmər ustası kimi davam etdirdiyi cüdo ilə yanaşı, rus döyüş sənəti sambo ilə məşğul olub və uşaqlıq dostları Arkadi və Boris Rotenberqlə yaxınlığını davam etdirib.
2015-ci ildə, o, indiki Sankt-Peterburqun küçələrindəki erkən təcrübələrini belə təsvir edib: "Əlli il əvvəl Leninqrad küçələri mənə bir qayda öyrətdi: döyüş qaçılmazdırsa, ilk yumruğu sən vurmalısan!"
Leninqrad Dövlət Universitetində təhsil aldıqdan sonra, 1975-ci ildə, o, birbaşa sovet kəşfiyyat xidməti olan Dövlət Təhlükəsizlik Komitəsinə getdi.
Hüquq fakültəsi məzunu üçün, bu, təbii addım idi və ona çox uyğun idi.
Bu, həm də faşist Almaniyasında gizli rus casusunun cəsurluqlarından bəhs edən “Qılınc və Qalxan” kimi sovet teleserialları ilə böyümüş bir gəncin arzusu idi.
"Mən sovet vətənpərvərlik tərbiyəsinin saf və son dərəcə uğurlu məhsulu idim", - o deyib.
Putin 1985-ci ildə Şərqi Almaniyanın Drezden şəhərinə göndərilir. O bu vaxta kimi artıq almancanı yaxşı öyrənmişdi. Orada qalır və 1989-cu ildə kommunist dövlətinin dağılmasını öz gözlərilə görür. Yolun digər tərəfindəki DTK qərargahından izdihamın Şərqi Almaniyanın məxfi polisinin - Ştazinin qərargahına hücumunu seyr edir.
Kiçik bir qrup onun binasına yaxınlaşanda Putin Qızıl Ordunun tank bölməsini müdafiəyə çağırır, ancaq başa düşür ki, Rusiyadan kömək olmayacaq.
"Moskvadan əmr gəlmədən nəsə edə bilmərik. Moskva isə susur", ona belə deyirlər.
Növbəti il, o, sərbəst siyasətə qayıdır. Putin DTK-da heç vaxt xüsusi fərqlənməsə də, ona polkovnik-leytenant rütbəsi verilir.
Rəhbərlərindən biri Nikolay Leonov onu “orta səviyyəli agent” hesab edirdi.
Azsaylı sirdaş çevrəsi
Putin Leninqraddan olan keçmiş DTK həmkarlarından çox az bir qismini bu gün də çoxdankı müttəfiqləri və yaxın sirdaşları kimi öz yanında saxlayır. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev kimi.
Amma "qara gözünə, qara qaşına görə yox", Putinin cüdo məşqçisi olmuş Anatoli Raxlin xatırlayırdı, "ona görə ki, özünü sübut etmiş insanlara inanır".
Putin inandıqlarını həm də, zənginləşdirir.
O, uşaqlıq dostu Arkadi Rotenberqə ilhaq etdiyi Krıma körpü çəkmək üçün 3,5 milyard dollar dəyərində (təxminən, 6 milyard manatlıq) müqavilə verib.
Putin şəxsi həyatını mümkün qədər gizli saxlayır. 30 illik evlilikdən sonra, həyat yoldaşı Lyudmila ilə 2013-cü ildə boşanıb.
Onların ictimaiyyət tərəfindən tanınan iki qızı var. Onlardan biri akademik fəaliyyətlə, eyni zamanda bizneslə də məşğul olan Mariya Vorontsova, digəri isə bir tədqiqat fondunun rəhbəri Katerina Tixonovadır.
1991-ci ildən Vladimir Putin Leninqradın (indiki Sankt-Peterburq) yeni meri Anatoli Sobçakın köməkçisi, eyni zamanda çox dəyərli məsləhətçisi olur. Sobçak vəzifəsindən kənarlaşdırılanda onun köməkçisi Moskvada Prezident Administrasiyasında işləmək üçün çağrılır.
Bu, Boris Yeltsin administrasiyasının süqutu, Putinin meteorik yüksəlişi idi.
Prezidentliyə “super namizəd”
1999-cu ilin avqustun 9-da xəstə Yeltsin öz Baş nazirini istefaya göndərir, yerinə isə az tanınan, 46 yaşlı “proteje”sini gətirir. O, 2000-ci il prezident seçkisi ərəfəsində islahatlar həyata keçirməli idi.
Yeltsinin indi varisə ehtiyacı vardı.
“Putin özünü bazar islahatlarını davam etdirmək istəyən liberal və demokrat kimi təsdiq edib”, - Yeltsinə Putinin “super namizəd” olacağını demiş Valentin Yumaşov qeyd edirdi.
Yeltsinin prezidentliyinin süqutu ərəfəsində Moskva bir sıra ölümcül, lakin izahı olmayan partlayışlara məruz qaldı.
Vladimir Putin Rusiyanın, əsasən müsəlmanların yaşadığı Çeçenistan Respublikasını separatçı üsyançılardan geri almaq üçün qurudan geniş miqyaslı hücumla cavab verdi.
Onun məşhurluğu artdı və 31 dekabr 1999-cu ildə Putin Prezidentin vəzifələrini icra etməyə başladı, üç ay sonra isə o, ilk prezidentliyini qazanacaqdı.
“Çeçen kampaniyası”nda minlərlə dinc insan həlak oldu və Vladimir Putin tez-tez etdiyi kimi, üsyançıları "hətta tualetdə" də necə yox edəcəyini təsvir etmək üçün qəddar dildən istifadə etdi.
Paytaxt Qroznı viran qaldı; Rusiya lideri öz qələbəsini qazanmışdı.
Onun ilk ölkədaxili problemi 2000-ci ildə yarandı. "Kursk" adlı nüvə sualtı qayığı Barents dənizində qəza nəticəsində batdı və 118 ekipaj üzvü həlak oldu.
Prezident Putin tətildəydi və istirahətini yarımçıq kəsmədi.
O, əvvəlcə beynəlxalq yardım təkliflərini qəbul etməkdən imtina etdi. Ekipaj üzvlərinin çoxu xilas olunmaq üçün kömək gözləyə-gözləyə öldü.
Televiziya tamaşaçıları yas içində olan qadınların Prezidentin üstünə qışqırmasını izlədilər.
Dörd il sonra çeçen üsyançılar Şimali Osetiyanın Beslan şəhərindəki bir məktəbdə əksəriyyəti uşaq olmaqla min nəfəri əsir götürdülər. Rusiya xüsusi qüvvələri binaya girəndə 330 nəfər həlak oldu. Sonradan bəlli oldu ki, Rusiya planlaşdırılan hücumla bağlı məlumatlı olsa da, hərəkətə keçməyib.
Putinin prezidentliyinin ilk illəri qanlı və təlatümlü oldu. Lakin alovlu neft qiymətləriylə isinən Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə idi.
O, ictimai dəstəyi 90-cı illərdə Rusiyada çiçəklənən milyarder oliqarxlarla mübarizə aparmaqla qazandı.
Həmin illərdə Putin onları Kremlə toplayaraq, ona dəstək olduqları və siyasətdən uzaq durduqları müddətdə pullarını əllərində saxlaya biləcəklərini bildirdi.
O, şərtinə əməl etməyənlərə qarşı cəld davrandı və o vaxt Rusiyanın ən varlı adamı olan Mixail Xodorkovskini silah gücünə həbs edərək Sibirə, həbsxanaya göndərdi.
Rusiya Prezidenti Qərblə sanki bal ayı keçirirdi. O, Əl-Qaidə terror təşkilatının Amerika Birləşmiş Ştatlarına 11 sentyabr hücumundan sonra Prezident George Bush-a zəng etmiş ilk xarici liderlərdəndir. O, hətta ABŞ-a Əfqanıstanda növbəti kampaniyasını başlatmağa da kömək etmişdi.
"Mən adamın gözünün içinə baxdım. Mən onun çox düzgün və etibarlı olduğunu gördüm", - Prezident Bush demişdi.
Lakin tezliklə ABŞ və onun tərəfdarları Putin üçün məyusluğa çevriləcəkdi.
Böyük Britaniya ilə münasibətlər keçmiş DTK agenti və Kremlin tənqidçisi Aleksandr Litvinenkonun Londonda radiaktiv polonium-210 maddəsi ilə zəhərlənməsindən sonra kəskin pisləşdi.
Böyük Britaniyanın təhqiqatı nəticəsində sonradan bəlli oldu ki, Rusiya lideri DTK-nın bu əməlyyatını, öncədən “ehtimal ki, təsdiqləyib”.
2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Putin ABŞ-la bağlı düşüncələrini açıq ifadə etdi.
“Bir dövlət - Birləşmiş Ştatlar öz milli sərhədlərini hər mənada aşıb, keçib”, - o şikayətləndi.
Soyuq Müharibə barədə bu buz kimi soyuq xatırlatma həm də, ABŞ-ın Mərkəzi Avropada raket hücumundan müdafiə sistemi ilə bağlı davam edən planına Rusiyanın acığının ifadəsi idi.
“Berlin divarının daşlarının suvenir kimi paylanmasından uzun zaman keçib. Və indi onlar bizim aramıza yeni bölücü xətlər və divarlar inşa etməyə çalışırlar”, - Putin demişdi.
Putinin hərbi güc nümayişi
Putinin keçmiş Sovet ölkələrinin qərbyönlü liderlərini sıradan çıxarmaq üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu göstərməsi çox vaxt almadı.
2008-ci ildə Rusiya qüvvələri Gürcüstan ordusunu məğlub edərək ölkənin iki separatçı bölgəsini - Abxaziya və Cənubi Osetiyanı ələ keçirdi.
Bu, Gürcüstanın o vaxtkı NATO-ya meyilli Prezidenti Mixeil Saakaşvili ilə çox şəxsi toqquşma idi.
Vladimir Putin onda Baş nazir idi, çünki Rusiya Konstitusiyası ona ardıcıl üçüncü dəfə prezident seçilməyə imkan vermirdi, lakin onun hakimiyyət rıçaqlarını əlində saxladığı bəlli idi.
Bu gün bu problem artıq yoxdur. 2021-ci ildə limitini sıfıra endirən qanun qəbul etdi və indi o, birbaşa beşinci, hətta altıncı müddətə prezident ola bilər.
2024-cü ildə Rusiya Putinin üçüncü müddətliyə prezidentliyi ərəfəsində narahat olan ölkədən çox fərqli bir yerdir.
BBC