Silah-sursat əvəzinə tankerlərlə neft – Putin imza atdığı BMT sanksiyalarını necə pozur?
27-03-2024, 09:43
BMT-nin nüvə silahı sınaqlarına cavab olaraq 2017-ci ildə Pxenyana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya Şimali Koreyaya birbaşa neft tədarük etməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb. Nəşrin məlumatına görə, neft satışı martın 7-də başlayıb - bunlar BMT sanksiyalarının tətbiqindən sonra ilk dəfə sənədləşdirilmiş tədarüklərdir. Peyk çəkilişlərinə görə, mart ayında Rusiyanın Uzaq Şərqdəki “Vostoçnı” limanından ən azı beş Şimali Koreya neft tankeri çıxıb. “Financial Times” yazır ki, iki gəmi daha sonra Şimali Koreyanın Çonjin limanına doğru yola düşüb, görünür, orada boşaldıblar.
Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçısı Cozef Birnin sözlərinə görə, bu gəmilərin bəziləri BMT-nin sanksiya siyahısındadır, yəni onlar hətta xarici limanlara belə girə bilmirlər.
BMT-nin Şimali Koreyaya qarşı sanksiyalara nəzarət edən qrupunun keçmiş koordinatoru Hugh Griffiths bildirib ki, bu neft daşımaları dağılmaq ərəfəsində olan sanksiyalar rejiminə qarşı tammiqyaslı hücum deməkdir.
Ötən ilin avqustunda Şimali Koreya Rusiyanı Ukraynaya qarşı işğalçı müharibədə sursatla təchiz etməyə başlayıb. “Vostoçnı” limanı həm də silah daşınmalarında iştirak etdiyi iddia edilən Rusiya gəmiləri üçün yükdaşıma məntəqəsi kimi istifadə edilib.
Hugh Griffiths: "İndi gördüyümüz açıq-aşkar neft müqabilində silah-sursat barteri ilə bağlı razılaşmadır ki, bu, Vladimir Putinin özünün şəxsən imzaladığı sanksiyaları açıq şəkildə pozur".
Qəzetin yazdığına görə, Kremlin sözçüsü Dmitri Peskov məlumatı şərh etməkdən imtina edib.
Fevral ayında “The New York Times” yazıb ki, Rusiya döyüş sursatı müqabilində KXDR-ə qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin Şimali Koreyanın BMT-nin sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb. Bundan əlavə, mənbələr bildirir ki, Moskva Pxenyana işğalda olan Cənubi Osetiya ərazisində bank hesabı açmağa icazə verib.
2023-cü ilin oktyabrında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi Şimali Koreyanın Rusiyaya silah-sursat göndərdiyini bildirib. Ağ Ev KXDR-dəki anbardan döyüş sursatı göndərildiyini əks etdirən foto yayımlayıb. Silahlar Rusiya bayraqlı gəmiyə yüklənərək Rusiyanın cənub-qərb sərhədindəki anbara göndərilib.
BMT Təhlükəsizlik Şurasının yeddi üzvü Rusiyanı Pxenyanla hərbi-texniki əməkdaşlığa qoyulan embarqonu pozmaqda ittiham edib.