Erməni general “bir neçə saat sonra yeni müharibə” dedi – Nə baş verir?
27-03-2024, 09:21
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan parlamentdə jurnalistin Tavuş vilayətindəki 4 kəndin (Qazaxın işğal altındakı anklav olmayan kəndləri – red.) qaytarılması ilə bağlı sualına cavab verərkən əraziləri təhvil verməyəcəklərini deyib:
“Mən silahlı qüvvələrə rəhbərlik edirəm, silahlı qüvvələr də onlara verilən tapşırıqları yerinə yetirirlər. Müharibə bir saata, iki saata, üç saata, bir ildən, 5 ildən sonra baş verə bilər. Biz torpaqdan əl çəkmirik”.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistanla Azərbaycan arasında sülh perspektivinə mane olan bir neçə məqam var:
“Bunlardan biri də Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndidir. Belə ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi hələ də erməni tapdağı altındadır.
Rəsmi İrəvan son vaxtlara kimi bu məsələni unutdurmağa çalışırdı. Amma Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl etiraf etdi ki, həmin yaşayış məntəqələri işğal altındadır. Paşinyan bildirdi ki, ermənilər ölkə sərhədlərinin haradan başlanıb, harada bitdiyini bilməlidirlər. Bu, etiraf idi. Əslində təkcə etiraf yox, həm Ermənistanı yeni toqquşmaya təhrik edən Qərb dövlətlərinə, xüsusilə Fransaya cavab idi. Çünki rəsmi Paris bu məsələdə də “üç meymun”u oynayır: görmək, eşitmək, anlamaq istəmir.
Paşinyan isə başa düşür ki, artıq nəinki onun hakimiyyəti, həm də Ermənistanın dövlətçiliyinin gələcəyi mübahisə predmetidir. Əlbəttə, Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Prezident İlham Əliyev və digər rəsmilər bunu dəfələrlə bəyan ediblər.
Amma məsələ burasındadır ki, Ermənistan ABŞ, Fransa, Rusiya, İran kimi dövlətlərin maraqlarına xidmət etməklə riskli addımlar atır”.
Ekspert deyib ki, Qərbin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri Ermənistan iqtidarı üçün dərs olmalıdır:
“Paşinyan, yəqin, başa düşür ki, bu gün onu destrukriv mövqeyə sövq edən ABŞ və Fransa sabah asanlıqla Ermənistan hakimiyyətinin “qələmini qıra” bilər. Belə bir vəziyyətdə rəsmi İrəvana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun yeganə yolu Bakı və Ankaranın regional əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bu isə o deməkdir ki, sülhə gedən yolda heç bir əngəl olmamalı, o cümlədən 8 kəndin taleyinə aydınlıq gətirilməlidir.
Mümkündür ki, Paşinyan 8 kəndin Azərbaycan ərazisi olduğunu deməklə vaxtı uzatmağa çalışır. Çünki bu bəyanat hələ heç nə demək deyil. Biz Ermənistan baş nazirindən əvvələr də belə ritorika görmüşük: bir sıra hallarda rəsmi İrəvanın sözü ilə əməli üst-üstə düşmür”.
Ekspert qeyd edib ki, Paşinyan artıq həqiqəti anlayır və həm xalqını, həm daxildəki müxalifəti, həm də ona havadarlıq etmək istəyən gücləri 8 kəndin qaytarılmasına hazırlayır:
“Bunlardan hansının doğru olduğunu zaman göstərəcək, ancaq zaman Ermənistanın əleyhinə işləyir. Paşinyan öz hakimiyyətini və dövlətçiliyini düşünürsə, sözünü əməldə təsdiqlənməli, 8 kəndi qeyd-şərtsiz qaytarmalıdır. Əks halda nə olacağını Ermənistan da, beynəlxalq ictimaiyyət də yaxşı bilir: Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Bunun üçün cəmi bir sutka bəsdir. Azərbaycan oxşar təcrübəni əvvəl də ortaya qoyub.
Ola bilsin, Azərbaycanın kəndləri hərbi yolla azad etməsi həmişə “suların bulandırılmasına” çalışan Qərbin maraqlarına cavab verir. Elə buna görə də yaşayış yerlərinin danışıqlarla qaytarılması üçün Ermənistana çağırış etmir. Amma İrəvan Qərbi yox, öz maraqlarını düşünməlidir. Çünki Azərbaycan Ordusu həmin kəndlər uğrunda hərbi əməliyyatlara başlasa, bunun nəticəsi Ermənistan üçün ağır olacaq. Hər şeydən əvvəl Ermənistanın səmimiliyi sual altına düşəcək, sülh imkanlarına zərbə dəyəcək. Bu isə İrəvanın arzuladığı yeni təhlükəsizlik sisteminin puç olması ilə nəticələnə bilər”.
Turan Rzayev
Globalinfo.az