Parkinq tariflərini 170% bahalaşdıran AYNA maliyyə hesabatlarını niyə gizlədir? - TƏHLİL
27-03-2024, 18:14
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının mərkəzi hissələrində - Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələrində parkinq tariflərini kəskin artırır. Qış parkında günlük tariflər 0-2 saat – 1 manat, 2-4 saat – 2 manat, 4-6 saat – 3 manat, 6-10 saat – 4 manat, 10-12 saat – 5 manat, 12-24 saat – 8 manat müəyyən edilib. Aylıq tariflər isə bir günə 12 saat üzrə– 80 manat (köhnə tarif 30 manat), bütün günü (24 saatlıq) – 120 manat (60 manat), qonşular tarifi üzrə isə 50 manata (20 manat) kimi artırılıb. Bu isə tariflərin 100-170% artılması deməkdir.
1 aprel tarixindən etibarən isə Azadlıq meydanındakı yeraltı dayanacaqda parkinq tarifləri 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN müəyyən edilib. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 AZN ödəniləcək.
AYNA qeyd edir ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur.
Bununla belə, maraqlıdır ki, AYNA sözügedən xidmət səviyyəsinin artırılması və əlavə xərclərin qarşılanması üçün indiyədək nə qədər vəsait xərclədiyini açıqlamayıb.
İqtisadiyyat.az-ın araşdırmasına görə, 2024-cü il olmasına baxmayaraq qurumun sonuncu maliyyə hesabatı 2021-ci ilə aiddir. 2021-ci ildə qurum apardığı əməliyyatlardan 5,04 milyon manat gəlir əldə edib.
Bu isə illik müqayisədə 26% və ya 1,05 milyon manat artım deməkdir. Bu gəlirin 2,1 milyon manatı göstərilən xidmətin maya dəyərini təşkil edib. Qurumun ümumi mənfəəti isə 2,93 milyon manata bərabər olub ki, bu da 2020-ci ilə nisbətən 58,9% çoxdur. İnzibati xərclərini 20% artırıraq 2,5 milyon manata çatdırmasına baxmayaraq AYNA 2021-ci ildə zərərdən mənfəətə keçib.
Belə ki, 2020-ci ili 346,5 min manat zərər açıqlasa da, 2021-ci ildə 247,8 min manat xalis mənfəət əldə edib. AYNA-nın satınalamlar bölməsi isə adı kimi şəffafdır. Qurum indiyə kimi keçirdiyi hər hansı bir tenderi öz rəsmi səhifəsində açıqlamayıb.