Azərbaycanda terror hazırlığında İran izi: - “Bu ehtimal çox yüksəkdir, amma...”
28-03-2024, 00:06
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizdə terror hazırlığının qarşısının alınması barədə məlumat yaydı. Məlumatda qeyd edilir ki, aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.
Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı AYNA-ya danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, siyasətçi Sərdar Cəlaloğlu deyib ki, bəzi beynəlxalq qüvvələr terrordan mübarizə vasitəsi kimi istifadə edirlər:
- Terrordan ayrı-ayrı dövlətlər və təşkilatlar istifadə edə bilər. İstisna deyil ki, maraqlı qüvvələr Azərbaycanda terror aktları törətmək istəsinlər. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dəfələrlə terror aktları həyata keçirilib. Və həmin terror aktlarının aşağı-yuxarı kimlər tərəfindən həyata keçirildiyini də biz bilirik.
Mən DTX-nın terror təhlükəsi ilə saxladığı şəxsin istintaqa verdiyi ifadənin videosuna baxdım, dinlədim. Açığını deyim ki, bu adam o qədər sərbəst, rahat, sakit danışırdı ki, sanki böyük cinayətə hazırlaşmırmış, böyük cinayəti planlaşdırmırmış. Söhbət bu adamın cinayətkar dəstə yaratmaq istəklərindən gedirsə, onun təmkinli davranışı qəribədir. Adətən terrora hazırlaşan şəxs, terror törədən şəxs psixoloji cəhətdən anormal olur.
Elmi psixologiyada təhlillər aparılıb və “terrorçu kimlərin sırasından çıxa bilər?” sualına cavab axtarılır. Cavabın əksəriyyəti göstərir ki, adətən terrorçuların heç biri normal psixoloji vəziyyətdə olmur. Onların hansısa problemi olur ki, onları terrora, cinayət törətməyə cəlb etmək asan olur. Amma DTX-nın həbs etdiyi şəxs o qədər sakit, təmkinli danışır ki, sanki özünə aid olmayan məsələ barədə söhbət edir. Bu, mənə qəribə gəldi. Hər halda DTX-nın apardığı istintaqın nəticəsini gözləməkdə fayda var.
- Saxlanılan şəxs terroru necə planlaşdırdığını, kimlərin hədəf götürüldüyünü bildirir və etiraflar edir...
- Hüquqda vətəndaşın etirafı dəlillərdən biridir, amma yeganə dəlil deyil. Etiraf varsa, bu, adamın həbs edilməsi üçün yeganə dəlil deyil. Məsələn, sabah bir cinayət törətmiş şəxs desə ki, cinayət törətməyib, o zaman bu, dəlil kimi götürülə və o, sərbəst buraxıla bilməz. Eləcə də cinayət törətdiyini etiraf edirsə, o zaman tək bunu dəlil kimi qiymətləndirmək düzgün deyil. Əlavə dəlillər, sübutlar olmalıdır, istintaq tədbirləri həyata keçirilməlidir, məsələnin digər tərəfləri aydınlaşmalıdır ki, ondan sonra kimisə cinayətdə ittiham etmək mümkündür.
Mən demirəm ki, DTX-nın saxladığı şəxs terror planlaşdırmırmış. Sadəcə demək istədiyim odur ki, terror şübhəsi ilə saxlanılan şəxsin davranışları qəribə görünür. Hər halda DTX əməliyyat keçirib, bu şəxsi saxlayıb. Görünür, bu adamın fəaliyyəti izlənilib, haradan gəlməsi, hara getməsi, kimlərlə təmas qurması araşdırılıb. Görünür, bu adam hansısa əməli ilə terror törətmək, terror planlaşdırmaq niyyətində olub. Bu adama kim, hansı qüvvə, hansı təşkilat terror əməli törətməyi tapşırıb, bunlar qaranlıq qalır. İndi DTX istintaqı davam etdirir, yəqin ki, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
- Ekspertlər bildirirlər ki, Lənkəranın icra başçısına sui-qəsd planı, ABŞ vətəndaşı olan bir ingilis müəlliminin öldürülməsi niyyəti əslində Azərbaycanda terror törətmək istəyən ölkənin hansı olması təəssüratını yaradır. Və bu anda cənub qonşumuz İranın adı çəkilir...
- Təbii ki, İran Azərbaycanda belə hadisələrdə maraqlı ola bilər. Bir neçə il əvvəl yazıçı Rafiq Tağının öldürülməsində də İranın əli olduğu ehtimal edilirdi. Ekstrasens ata-oğulun öldürülməsində də “İran izi” güman edildi. Alim Ziya Bünyadova qarşı sui-qəsd hadisəsində də İran ittiham olundu. Söhbət rəsmi yox, qeyri-rəsmi mülahizələrdən gedir. Bir il bundan əvvəl deputat Fazil Mustafaya qarşı sui-qəsd hadisəsində də oxlar İranı göstərirdi. Bununla yanaşı, Tehranda günün günortasında Azərbaycan səfirliyinə silahlı şəxs daxil oldu, terror törətdi. Bu mənada ekspertlərin gümanlarında İran adının hallandırılması təsadüfi deyil.
Təbii ki, İranın bu hadisələrin arxasında dayanması ehtimalı çox yüksəkdir. Nəzərə almaq lazımdır ki, son vaxtlar İrandan Azərbaycana qarşı ağılagəlməz ittihamlar səsləndirilir. İran özünü bizə düşmən görən, Ermənistanı özünə qardaş hesab edən bir dövlətdir, hər nə desən, gözləmək olar. Amma istintaqın nəticəsi vacibdir. Sübut olunmalıdır ki, saxlanılan şəxs terror təlimatını İrandan alıb, İranın hansısa kəşfiyyat orqanı ilə əməkdaşlıq edir və s. Əks halda, terror hazırlığında İranı ittiham etmək doğru olmazdı. Çünki bu, çox ciddi və ağır ittihamdır.