Sərhəddə "atəşkəs pozulması": Azərbaycan və Ermənistan bir-birini ittiham edir

3-04-2024, 09:54           
Sərhəddə "atəşkəs pozulması": Azərbaycan və Ermənistan bir-birini ittiham edir
Çərşənbə axşamı günü Bakı və Yerevan sərhəddə atəşkəsin pozulduğunu bildirib və bunda bir-birini günahlandırıb.

Son iki gündə Azərbaycan Ermənistanı “şərti sərhədə qoşun” yığmaqda və “hücum xarakterli dayaq nöqtələri” yaratmaqda ittiham edib.

Ermənistan bu ittihamı rədd edərək bunu “müdafiə xarakterli mühəndislik, möhkəmləndirmə və tikinti işləri” adlandırıb.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası bazar günü və bazar ertəsi sərhəddə “hər hansı qeyri-adi hərbi hərəkət” müşahidə etmədiyini bildirib.
Tərəflərin "sərhəddə atəşkəs pozulması"na görə bir-birini itiham etməsindən əvvəl, bazar ertəsi keçirdiyi ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller Azərbaycan və Ermənistanı “sərhədboyu ərazilərdə gərginliyi artıran ritorikalardan” çəkinməyə çağırıb.

Azərbaycan Müdafiə Nazirliyi (MN) aprelin 2-də yaydığı məlumatda bildirib ki, bazar ertəsi axşam saatlarında təxminən 20 dəqiqə Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan MR-nın Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini "atıcı silahlardan fasilələrlə atəşə tutub".

Ermənistan Müdafiə Nazirliyi (MN) bu məlumatı təkzib edərək bildirib ki, Azərbaycanın məlumatında göstərilən istiqamətlərdə "hər hansı pozuntu qeydə alınmayıb".

Ermənistan MN-nın məlumatında deyilir ki, bazar ertəsi axşam Geğarkunik vilayətinin Kut kəndi yaxınlığında və aprelin 2-də gecə Sünik vilayətinin Teğ kəndi yaxınlığında yerləşən mövqeləri Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulub.

Ermənistan sərhədə qoşun yığır? Azərbaycan ittiham, Ermənistan təkzib edir
Moskva və Bakının qarşı çıxdığı, aprelin 5-də keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ-ın Brüssel sammiti ərəfəsində Azərbaycan-Ermənistan sərhədində gərginlik artır.

Moskva deyir ki, bu görüş Qərbin Ermənistanın Rusiya ilə müttəfiqliyini pozmaq cəhdlərinin bir hissəsidir.

Bazar ertəsi Azərbaycan MN iddia edib ki, Ermənistan “şərti sərhədboyu qoşun cəmləşdirir və hücum xarakterli dayaq məntəqələri qurur, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaradır, fortifikasiya qurğuları inşa edir”.

“Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir”, - Azərbaycan MN bildirib.

Azərbaycan MN-ın açıqlamasında deyilir ki, bunlar “xüsusi texniki vasitələr və vizual müşahidə” ilə qeydə alınıb və bu hərəkətliliyin əks olunduğu iddia edilən video kadrlar yayıb.
Ermənistan MN bu video görüntülərlə bağlı yaydığı açıqlamada Azərbaycan MN-nin ittihamlarını təkzib edərək bunu “dezinformasiya” adlandırıb.

"Azərbaycan Müdafiə Nazirliyi həmçinin son aylarda Ermənistan Respublikası Silahlı Qüvvələrinin mühafizəsi üçün arxa cəbhələrdə aparılan mühəndis-istehkam və ümumilikdə müdafiə infrastrukturunun tikintisi işlərinin montaj edilmiş kadrlarını yayıb və onları son bir neçə gündə cəbhə xəttində aktiv iş və cəmləəşmələr kimi təqdim edib", - Ermənistan MN bildirib.

Qurum bəyan edib ki, suveren ərazisi daxilində mühəndislik işləri aparmaq Ermənistanın “müstəsna suveren hüququdur”.

“Bu fəaliyyətlər sırf müdafiə xarakteri daşıyır və Ermənistanın ərazi bütövlüyünün qorunmasına yönəlib”, - Ermənistan MN bildirib.

Qurum vurğulayıb ki, Ermənistan-Azərbaycan dövlət sərhədində “son operativ vəziyyət stabildir” və sərhədin mühafizəsi üçün “əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”.

Azərbaycan xəbərdarlıq edib ki, əgər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı “hər hansı hərbi təxribat cəhdi olarsa”, onun qarşısı “qətiyyətlə alınacaq” və buna məsuliyyəti Ermənistan tərəfi daşıyacaq.
Aİ-nın Ermənistandakı müşahidə missiyası bazar ertəsi yaydığı məlumatda bildirib ki, onlar Ermənistan-Azərbaycan sərhədində yenidən patrul xidməti aparıblar və müşahidəçilər “hər hansı qeyri-adi hərbi hərəkət” müşahidə etməyib.

“Pasxa Bazar ertəsində sakitlik və dinclikdir”, - missiyanın X hesabında yaydığı məlumatda vurğulayıb.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 1-də özünün X hesabında Ermənistandakı müşahidə missiyasının bu son məlumatını paylaşaraq yazıb ki, missiya “şəffaflığı təmin etmək üçün mühüm funksiya yerinə yetirir”, Azərbaycanla da təmasa açıqdır.

O bildirib ki, əgər narahatlıqlar varsa, “bunlar təhlükəsiz mühitdə həll edilməlidir” və əlavə edib ki, Avropa İttifaqının Gürcüstandakı missiyası bütün tərəfləri “müntəzəm əlaqə” ilə təmin edə bilər.
Bu, son iki gündə Toivo Klaar-ın və Aİ-nın Ermənistandakı missiyasının Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı X hesablarında ikinci paylaşımlarıdır.

Bazar günü də Aİ-nın Ermənistandakı missiyası X hesabında yazmışdı ki, Azərbaycanla sərhəddə “hər hansı qeyri-adi hərbi hərəkət” qeydə alınmayıb.

Toivo Klaar bu bəyanatı yenidən paylaşaraq vurğulamışdı ki, müşahidə missiyasının “qeyri-adi hərbi hərəkətliliyin” olmamasını "təsdiqləməsi yaxşıdır və missiyanın məqsədi də elə budur: daha geniş şəffaflıq və inam yaratmaq”.

O əlavə edib ki, missiya Azərbaycan hakimiyyəti ilə “daha fəal qarşılıqlı fəaliyyətə açıqdır”.

ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller bazar ertəsi keçirdiyi ənənəvi brifinqdə tərəfləri “sərhədboyu ərazilərdə gərginliyi artıran ritorikalardan” çəkinməyə çağırıb.

“Bölgədə bütün tərəflərin hüquqularına hörmət edən dərin və ədalətli sülhün əldə edilməsi məqsədilə əlverişli mühitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirdiyimiz kimi, davamlı sülhün təminatı ilə bağlı yeganə yol danışıqlar masasından keçir”, - ABŞ rəsmisi qeyd edib.

Bundan əlavə, o, ABŞ, Avropa İttifaqı və Ermənistan nümayəndələri arasında bu həftə keçirilməsi gözlənilən görüş barədə Azərbaycanın narahatlığına cavab olaraq bildirib ki, planlaşdırılan müzakirələr “Ermənistanda islahatlar, demokratiya, iqtisadiyyat və dayanıqlılıq” məsələlərini əhatə edəcək.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.