Gərginlik pik həddə: sabah nə baş verəcək?
5-04-2024, 07:24
Sabah – aprelın 5-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının başçısı Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüş Rusiyada və Azərbaycanda narahatlıq doğurub. Moskva “müttəfiqinin” Qərb liderləri ilə sürətli yaxınlaşmasını bölgədəki təhlükəsizlik maraqlarına təhdid hesab edir, Bakı isə İrəvanın Qərb tərəfindən birtərəfli qaydada dəstəklənməsini yolverilməz sayır.
Azərbaycan rəhbərliyi hesab edir ki, Ermənistana ABŞ və Avropa İttifaqı tərəfindən hərbi dəstək və təhlükəsizlik qarantiyalarının verilməsi bu ölkədə müharibədəki məğlubiyyətdən sonra daldalanmış revanişzm meyllərinin yenidən qabarmasına gətirib çıxara bilər. Habelə, İrəvanın Qərbə sürətlə yaxınlaşması Rusiyanın aqressiv müdaxiləsinə səbəb ola bilər ki, belə sonuclar Bakıda arzuolunmaz hesab edilir.
Söhbət Ermənistanda Paşinyan iqtiarının devrilməsi, Azərbaycanın “köhnə” düşmənlərinin iqtidara gətirilməsi və Kremlin regionda yenidən ənənəvi siyasətə qayıtımasından gedir. Azərbaycan ərazilərində hələ də rus hərbçilərinin qaldığını nəzərə alsaq, bu ssenari potensial təhlükələrdən xəbər verir. Məsələn, İrəvandakı yeni hökumətin Rusiya ilə əl-ələ verib Qarabağdan gedən ermənilərin geri qaytarılması kampaniyasına başlaması, şübhəsiz ki, Qərbin bir çox dairələri tərəfindən də dəstəklənəcək. Bakı belə situasiya ilə üzləşməyi qətiyyən arzulamır, gələn ilə qədər müxtəlif manevrlərlə Rusiyanın təzyiqlərindən yayınaraq “sülhməramlıların” ölkədən çıxarılmasına nail olmağı planlayır.
Əlbəttə, 5 aprel görüşündə Qərbin Ermənistana verəcəyi dəstək proseslərin mexaniki şəkildə qeyd olunan ssenari üzərində cərəyan edəcəyi demək deyil. Müxtəlif amillər prosesə təsir edir, o cümlədən, Azərbaycanın reaksiyası, Ermənistanda daxili qüvvələrin müqaviməti, Paşinyanın Rusiya təhlükəsi qarşısında nə qədər qətiyyətli olacağı və s.
ABŞ və Avropa İttifaqı daha əvvəl bəyan ediblər ki, Ermənistana təhlükəsizlik qarantiyası verə bilməzlər, amma ona dəstək olmağa hazırdırlar. Dövlət katibi Entoni Blinken də min kilometrlərlə məsafəni uçub Avropaya yalnız Paşinyanla görüşməyə gəlmir. Blinken aprelin 1-də yola düşüb, onun qrafikində Parisdə Fransa Prezidenti Emmanuel Makronla Ukrayna və Qəzza mövzularını müzakirə etmək, 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılmaq kimi vacib məsələlər var. Həmin toplantıdan bir gün sonra isə Ursula von der Leyenlə birgə Brüsseldə Paşinyanla görüşəcək.
Dünən E.Blinken Paşinyanla görüş ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, onu məlumatlandırıb.
Məlumatda deyilir ki, ABŞ dövlət katibi görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, telefon danışığı zamanı Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayıb, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini qeyd edib.
“Katib Blinken və Prezident Əliyev Azərbaycan və Ermənistan arasında bütün regiona iqtisadi fayda gətirəcək sülh prosesinin inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. Dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq”.
Dövlət katibi həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda İlham Əliyevin Blinkenə bir neçə vacib məsələni çatdırdığı xatırladılır:
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq. Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb.
Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Avropa İttifaqının Ermənistandakı missiyası əslində NATO hərbi missiyasıdır. Nazir hesab edir ki, İrəvan hərbi ittifaqdan təhlükəsizlik qarantiyası almağa çalışır və əslində 5 aprel görüşünün prioritet məsələsi bu dəstəyin verilməsidir.
Məlumdur ki, NATO-nun Ermənistana hansısa təhlükəsizlik təminatı verməsi üçün Şimali Atlantika Blokunun bütün üzv ölkələrinin, o cümlədən qurumun ikinci böyük dövləti olan Türkiyənin razılığı lazımdır. Azərbaycanın strateji müttəfiqi isə İrəvana bu dəstəyi vermək niyyətində deyil. İki ölkə regionda yürütdüyü siyasəti əsasən razılaşdırır və bir-birinin maraqlarını müdafiə edir. Amma hiss olunur ki, Türkiyə-Qərb razılaşması Bakı-Ankara xətlərində müəyyən ayrıcı xətlərin yaranmasına gətirib çıxara bilər.
Son aylarda Ankara ilə Qərb arasında mübahisəli məsələlərin (İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi, F-16-larla bağlı razılaşma və s.) sürətlə həll edilməsi Türkiyənin postsovet məkanında, Qara dəniz hövzəsində, eləcə də Yaxın Şərqdə artan rolu ilə bağlıdır. Ankara ilə Vaşinqton arasında, daha sonra Türkiyənin Qafqazda, Yaxın Şərqdə yürütdüyü fəal diplomatiya geniş razılaşmanın əldə olunduğunu göstərir. Türkiyə Vaşinqtonun İsraildə heç də məmnun olmadığı Netanyahu hökumətinə qarşı sərt kampaniyanı davam etdirir, paralel olaraq, Qərbin Cənubi Qafqazdan Rusiyanın sıxışdırılması planlarına dəstək verir. Bu kontekstdə Ankaranın Bakıdan əsas istəyi ötən ay İlham Əliyev-Ərdoğan görüşündə dilə gətirilib. Türkiyə lideri bildirib ki, ölkəsi regionda sabitlikdə və yeni hərbi toqquşmaların olmamasında maraqlıdır. Ermənistanın Qərbə sürətli inteqrasiyası Türkiyənin dəstəyi olmadan mümkün deyil, ona görə ABŞ Azərbaycanla sülh müqaviləsinin imzalanmasında Ankaranın Bakıya təsiredici roluna ümid edir. Sülh müqaviləsi imzalanarsa, Ermənistanın Türkiyə ilə 345 kilometrlik sərhədləri açıla, nəticədə İrəvan yeni məkan əldə etməklə, Rusiyadan iqtisadi asılılığını azalda bilər. Şübhəsiz, mayın 9-da Türkiyə liderinin ABŞ-a rəsmi səfəri zamanı əsas müzakirə mövzularından biri bununla bağlı ola bilər.
Aprelin 5-də Paşinyana vəd ediləcək əsas dəstək Türkiyə ilə ortaq məxrəcə gəlməyin yaradacağı yeni imkanlar ola bilər. Əlbəttə, ABŞ və Avropa İttifaqı kiçik Ermənistanı maliyyə yardımı ilə bir müddət ayaqda saxlaya bilər, amma dayanıqlı iqtisadi dəstək üçün İrəvana yeni iqtisadi məkan lazımdır. Türkiyənin qapılarının açılması, Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirə bilər.
Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi, ordusunun yenidən təchiz olunması və s. Azərbaycanı qıcıqlandıran məsələlərə gəlincə, Qərbdən görünməmiş səviyyədə addımlar atılacağı inandırıcı deyil. Bu, güc mərkəzlərinin regionla bağlı siyasətinə ziddir. Əlbəttə, Ermənistana silahlar və s. texniki dəstək verilir, amma bu Azərbaycanla güc balansı yaratmaq məqsədli deyil. Ermənistanı birtərəfli qaydada silahlandırıb Azərbaycanın üstünə yönəltmək perspektivsiz işdir. Əvvəla, yaxın illərdə bu mümkün deyil, ikincisi, Qərbin niyyəti regionun bütövlükdə Qərbə inteqrasiyasına nail olmaqdır. Əsas hədəf Ermənistanı Rusiyadan qorumaq, Azərbaycanla sülh sazişi əldə etmək və Kremlin bölgədən tamamilə sıxışdırılmasıdır. Azərbaycan da rus qoşunlarının qalıqlarının ölkədən çıxarılmasını əsas prioritet hesab edir. Deməli, strateji planlar heç də bir-birinə zidd deyil. Türkiyə də bu prosesə cəlb olunubsa, qarşıda bizi daha maraqlı, gərgin dövr gözləyir…
pressklub