Qərb Ermənistanı himayəsinə götürdü, ancaq Qarabağ ermənilərini…

6-04-2024, 09:24           
Qərb Ermənistanı himayəsinə götürdü, ancaq Qarabağ ermənilərini…
Bakıdan qəzəbli reaksiya: “Bu görüşün məqsədini Azərbaycanın təcrid olunması kimi qəbul edirik”

Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının ali rəhbəri Ursula von der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüşqabağı ajiotaj olsa da, mətbuat konfransında səsləndirilən bəyanatlardan qeyri-adi bir nəticə olmadığı aydınlaşdı.

Görünür, Rusiyanın, Azərbaycanın və Türkiyənin narazılığı, habelə Aİ-nin aparıcı ölkələrindən İtaliyanın bu formata etiraz etməsi təsirini göstərdi. Hər halda, Ermənistan üçün fövqəladə hərbi dəstək və təhlükəsizlik qarantiyası barədə diqqətçəkən ifadə eşidilmədi.

Müzakirə masasına əyləşməzdən əvvəl Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirdi ki, Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşmasına sadiq qalır. O, vurğulayıb ki, bugünkü yüksək səviyyəli dialoq Ermənistanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlığının genişlənməsi deməkdir.

Ermənistanın Baş naziri əlavə edib: “Bu məqsədə nail olmaq üçün biz qonşu ölkələrlə və onun hüdudlarından kənarda əlaqə və dialoqu təşviq etmək məqsədi daşıyan “Sülh qovşağı” təşəbbüsünü təqdim etdik. Daha geniş regionda sinerjiləri gücləndirmək üçün biz təşəbbüsümüzü Aİ-nin “Qlobal Gateway” strategiyası ilə birləşdirməyə çalışırıq və bu istiqamətdə tərəfdaşlarımızın dəstəyini gözləyirik”.

Görüşdən sonra Paşinyan sosial şəbəkədə yazıb:

“Ermənistanın iqtisadi, humanitar və demokratik çevikliyini gücləndirmək, əməkdaşlığı genişləndirmək məqsədilə ABŞ və Aİ-dən olan tərəfdaşlarla əla məsləhətləşmələr apardıq”.

Baş nazir ofsinin görüşdən sonra yaydığı açıqlamada isə bu ifadələr yer alıb:

“Avropa İttifaqı və ABŞ Ermənistan Respublikası və region üçün sabit, dinc, təhlükəsiz, demokratik və firavan gələcəyi dəstəkləyir. Bu kontekstdə biz siyasi islahatlar, iqtisadi inkişaf və humanitar yardım kimi əsas istiqamətlər də daxil olmaqla, Ermənistan Respublikasında sabitliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığı genişləndirməyi hədəfləyirik. Biz, məsələn, mobillik, idarəetmə, hüquq-mühafizə, ticarət, rabitə, kənd təsərrüfatı, enerji və texnologiya kimi sahələrdə tərəfdaşlığımızı genişləndirməyə çalışacağıq. Bu əsas sahələri dəstəkləmək üçün Avropa İttifaqı və ABŞ Ermənistanla daha sıx əməkdaşlıq etməyi planlaşdırır”.

Blinken: “Ermənistan üçün regional inteqrasiya təhlükəsizlik və rifahın açarıdır”

ABŞ dövlət katibi Entoni Blinken görüşdən əvvəl mətbuat konfransında deyib ki, Vaşinqton Ermənistanın təşəbbüsü ilə həyata keçirilən “Sülh qovşağı” layihəsini dəstəkləyir: “Biz “Sülh qovşağı” layihəsinin arxasında duran ideyaları dəstəkləyirik. Yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı və kommunikasiyalar ilə daha inteqrasiya olunmuş Cənubi Qafqaz görürük. Bu, iqtisadiyyatı şaxələndirməyə, imkanları genişləndirməyə və sülh və barışıq səylərini təşviq etməyə kömək edəcək”.

Dövlət katibi onu da deyib ki, ABŞ Ermənistana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır. “Biz istəyirik ki, Ermənistan güclü, müstəqil dövlət kimi qonşuları ilə sülh şəraitində, region və dünya ilə münasibətdə öz yerini tutsun. Birləşmiş Ştatlar və Avropa İttifaqı hər ikisi bu səydə tərəfdaş olmaq istəyirlər və hesab edirəm ki, bu gün bunun sübutudur. Biz 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq ki, bu da iki il əvvəlkindən 50 faiz çoxdur. Biz, cənab Baş nazir, “Sülh qovşağı” təklifinizin əsasını təşkil edən fikirləri dəstəkləyirik”, – o, vurğulayıb.

“Biz Qarabağdan didərgin düşmüş 100 min etnik erməniyə dəstəyimizi davam etdirəcəyik. Bu, Ermənistanın uzunmüddətli sabitliyi və rifahı, həmçinin regional təhlükəsizliyi üçün çox vacibdir. Ermənistan üçün regional inteqrasiya təhlükəsizlik və rifahın açarıdır”, – deyə ABŞ dövlət katibi yekunlaşdırıb.

Avropa İttifaqı 270 milyon avro ayıracaq

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Brüssel yaxın 4 ildə Ermənistana iqtisadiyyatın inkişafı, xüsusən də kiçik və orta biznesin dəstəklənməsi üçün əlavə 270 milyon avro yardım göstərməyə hazırdır.

“Biz Ermənistanın iqtisadiyyatını və cəmiyyətini daha güclü və sarsıntılara davamlı etmək üçün investisiyalar edəcəyik. Biz sizin biznesinizi, istedadınızı, xüsusən də kiçik və orta müəssisələrinizi dəstəkləyəcəyik ki, siz onların böyüməsinə, innovasiyalarına və yeni bazarlara çıxmasına kömək edəsiniz. Və biz imkanlarla dolu bir ötürmə marşrutu olan Qara Dəniz Elektrik Kabeli kimi əsas infrastruktur layihələrinə sərmayə qoyacağıq. O, xüsusilə Avropaya təmiz, bərpa olunan enerji gətirə bilər”, – deyə fon der Lyayen bildirib.

Avropa Komissiyasının rəhbəri Ermənistanın islahatlarını, eləcə də Rusiyaya qarşı sanksiyalardan yan keçmək istiqamətində atılan addımları yüksək qiymətləndirib. Ursula fon der Lyayen, “Bu, bizim eyni fikir və dəyərləri paylaşdığımızı göstərir” deyib. “Biz istəyirik ki, Ermənistan qonşuları ilə sülh şəraitində güclü, müstəqil dövlət kimi öz yerini tutsun“, – o, əlavə edib”.

Borel: “Bu gün yeni saziş haqda söhbət olmayıb…”

Avropa İttifaqının xarici işlər naziri Jozep Borel də inteqrasiya proqramı haqqında danışıb. O, qeyd edib ki, Ermənistanla münasibətlərin dərinləşməsi artıq mövcud mexanizm, hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq çərçivəsində baş verir. Bu gün hər hansı yeni saziş və ya onun mümkünlüyü barədə heç bir söhbət olmayıb:

“İki ay əvvəl burada, Brüsseldə bizim Ermənistanla Tərəfdaşlıq Şurasının iclası oldu və artıq aydın idi ki, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir, daha güclüdür və onların daha da inkişaf etdirilməsində qarşılıqlı maraq var. Bu gün biz amerikalı dostlarımızla bu tərəfdaşlığı yeni səviyyəyə qaldırırıq, Ermənistanın suverenliyinə, demokratiyasına və möhkəmliyinə dəstəyimizi göstərmək üçün güclərimizi birləşdiririk”.

İlham Əliyev: “Bu görüşün məqsədini Azərbaycanın təcrid olunması kimi qəbul edirik”

Azərbaycan Prezidenti İlham Əliyev də Brüsseldə keçirilən üçtərəfli görüşə münasibət bildirib. Bakıda Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən dövlət başçısı bəyan edib ki, Ermənistanı Cənubi Qafqazda silahlı forpost etmək cəhdləri gələcəkdə çox ciddi mənfi nəticələrə gətirib çıxaracaq. O, vurğulayıb ki, Cənubi Qafqazda daha bir təhlükə mənbəyi yaradılır.

“Bununla bağlı biz ABŞ və Avropadakı tərəfdaşlarımızı xəbərdar etmək üçün bəyanatlar vermişik”, – Əliyev deyib.

Dövlət başçısı vurğulayıb: “Son günlər ABŞ və Avropa İttifaqının yüksək rütbəli rəsmiləri ilə onların təşəbbüsləri ilə baş tutan telefon danışıqları zamanı Brüsseldəki görüşün Azərbaycana qarşı yönəlmədiyinə inandırmağa çalışsalar da, biz bu görüşün məqsədini ayıran xətlərin yaradılması və Azərbaycanın təcrid olunması kimi qəbul edirik”.

Ekspert: “ABŞ və Avropa İttifaqı Ermənistanı himayəsi altına aldığını elan edir”

Görüşün yekunlarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ və Aİ rəhbərləri mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər. “Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib“, – o, qeyd edib.

Politoloq xatırladıb ki, ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağı tərk etmiş ermənilərə maliyyə ayıracaqlarını bildiriblər.

Onun sözlərinə görə, bu maliyyənin Qarabağı tərk etmiş ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı: “Elə bizə də o lazımdır ki, Qarabağı tərk etmiş ermənilər Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib“.

E.Şahinoğlu deyir ki, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan edir: “Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə, kəsərsə, İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil“.

Ekspert təəssüflə qeyd edir ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər. “Onlar Paşinyanın “sülh kəsişməsi” ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər.

Ursula von der Leyen onu da söylədi ki, Ermənistan Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar.

“Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik” – deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki, Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda, Qara dənizin dibi ilə ikinci sualtı kəməri çəkiləcək” – deyə, E.Şahinoğlu vurğulayıb.
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.