Rusiyalı senator Elçin Quliyevin "bostanına daş atdı": “Azərbaycanın da sərhəd təhlükəsizliyinin təminatçısı bizik”
6-04-2024, 09:36
“2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan rəhbərliyinin tələbi ilə Rusiya sərhədçiləri Azərbaycanla sərhədin bəzi hissələrində yerləşdirilib. Sabah qəfildən onların geri çəkilməsi barədə qərar qəbul edilərsə, bunu Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonraya saxlamaq daha məqsədəuyğun olardı”.
Ovqat.com-un məlumatına görə, bunu Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov mətbuata açıqlamasında deyib.
İrəvanın rus sərhədçilərini ölkədən çıxarmaq tələbinə münasibət bildirən senator bildirib ki, onlar sərhədin qorunmasında real köməklik göstərirlər, onlar heç vaxt Ermənistanın daxili işlərinə qarışmırlar. “Erməni xalqının özü də onlara kifayət qədər mehriban münasibət bəsləyir. Buna baxmayaraq, Ermənistan hakimiyyəti qərara gəlsə ki, onlar özləri öz sərhədlərini qorumağa hazırdırlar, bu, onların suveren hüququdur. Amma bütün bunlar danışıqlar masası arxasında həll olunmalıdır. Son söz isə İrəvana məxsusdur”, - Vladimir Cabarov vurğulayıb.
Xatırladaq ki, İrəvan bir neçə həftə əvvəl Moskvaya 2024-cü il avqustun 1-dən etibarən Zvartnots hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək niyyəti barədə rəsmi məlumat verib. Rusiya rəsmiləri də məhz bu bəyanatdan sonra erməniləri tənqid və təhdid atəşinə tutublar. Cabarovun mətbuat açıqlaması da həmin təhdid yağmurunun son damlasıdır.
Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci il sentyabrın 30-da İrəvanla bağlanmış “Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında dövlətlərarası saziş”ə uyğun olaraq Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində xidmət göstərirlər. Rusiya FTX-nin Ermənistandakı sərhəd departamentinə dörd sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Meqri zastavası var. Onların xidmət sahəsinə həmçinin İrəvandakı Zvartnots beynəlxalq hava limanındakı keçid məntəqəsi də daxildir.
Rus senatorun sözlərinə görə, rus sərhədçiləri Ermənistan sərhədinə özbaşına getməyiblər: “Elə bir vəziyyət yaranıb ki, ölkəni xarici təhlükələrdən qorumaq lazım idi. Və onlar ölkənin inkişafında, dövlətçiliyinin qurulmasında rol oynayaraq, üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirirlər”.
Cabbarov açıqlamasında Azərbaycanın da bostanına daş atmaqdan çəkinməyib. Onun sözlərinə görə, Rusiya sərhədçiləri indiki mövqeyində qalması təkcə Ermənistanın yox, “həm də Azərbaycanın təhlükəsizliyinin təminatıdır”.
Ümid edirik ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Quliyev Elçin onun və rəhbərlik etdiyi silahlı qüvvələrin effektiv fəaliyyətini şübhə altına alan rus senatorunun layiqli cavabını verəcək, Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymağın yanlışlığını əsaslı dəlillərlə sübut edəcək. Ən azı ona görə ki, istənilən ölkənin sərhədlərinin mühafizəsi onun suverenliyinin ən bariz nümunəsidir və ermənilərdən fərqli olaraq Azərbaycan bunu pis bacarmır.