Sürücü olmayacaq: Pulunu ver, özün sür...

22-04-2024, 10:54           
Sürücü olmayacaq: Pulunu ver, özün sür...
Azərbaycana bahalı və sirli “karşerinq” xidməti gətirilir

Avtomobil ixtira olunana qədər insanlar bir yerdən başqa yerə, xüsusən də uzaq məsafəyə getmək üçün daha çox atlardan istifadə edirmişlər. Amma hazırda hamının avtomobil almaq imkanı olmadığı kimi, o zaman da hamının at almaq, at saxlamaq imkanı yoxuymuş. Odur ki, şəhərlərdə indiki taksinin rolunu oynayan at arabaları – faytonlar işləyirmiş. Faytonçu müəyyən məbləğ müqabilində sərnişini onun istədiyi yerə çatdırırmış.

Eyni zamanda, nəqliyyatın başqa bir növü da inkişaf edibmiş – atların kirayəsi. Bu xidmət növü, xüsusən də, uzaq məsafələrə üz tutanlar arasında populyar olub. İnsanlar bir nöqtədən (daha çox mehmanxanalar, meyxanalardan) atı kirayəyə götürərək, mənzil başına çatandan sonra eyni təyinatlı başqa yerdə təhvil verirlərmiş. Xidmət növü “horse sharing” (at kirayəsi) adlanırmış.

Zaman keçdikcə atları avtomobillər əvəz edib. Kirayə nəqliyyat növbəsi isə avtomobillərə çatıb. Əvvəlcə taksi, sonra “rent a car”, indi isə “car sharing” (karşerinq).

“Karşerinq” dəqiqəlik və saatlıq qiymətlərlə qısamüddətli avtomobil icarəsi, yəni, avtomobil paylaşımı deməkdir. Xidmətin mahiyyəti ondan ibarətdir ki, bir (və ya bir neçə) şirkət, yaxud fiziki şəxs çoxlu sayda avtomobil gətirərək, şəhərin müxtəlif ünvanlarındakı xüsusi dayanacaqlarda yerləşdirir. İnsanlar da yaxınlıqdakı dayanacağa gedərək, avtomobili sifariş edir. Amma bu prosesdə taksi sürücüsü olmur. Vətəndaş “karşerinq” xidməti zamanı avtomobili özü idarə edir və A nöqtəsindən B nöqtəsinə gedir. Ödəniş isə nağdsız formada zamana və ya məsafəyə görə həyata keçirilir.

“Karşerinq” xidməti Azərbaycanda olmasa da, dünyada geniş yayılıb. Bu xidmət növü dünyanın 40-dan çox ölkəsində mövcuddur. Xidmət əsasən böyük şəhərlərdə, turistik yerlərdə və müxtəlif kurortlarda fəaliyyət göstərir.

“Karşerinq” ilk dəfə nə zaman və harada yaranıb?

“Karşerinq” termini ilk dəfə 1948-ci ildə İsveçrənin Sürix şəhərində yaranıb. Öz avtomobil parkı olan bir şirkət işçilərinə müəyyən ödəniş qarşılığında qısa müddətdə bu avtomobillərdən istifadə etməyə icazə verib. Lakin sonra texniki imkanlar (sabit rabitənin olmaması, avtomobilləri izləmək imkanı və s.) bu ideyanın inkişafına imkan verməyib. 1970-ci illərin əvvəllərində isə ilk tam sistemli “karşerinq” layihələri ortaya çıxıb. İllər sonra da 1991-ci ildə “karşerinq” fəaliyyətlərini dəstəkləmək üçün Avropa Avtomobil Paylaşımı Assosiasiyası yaradılıb.

“Karşerinq” Azərbaycana da gəlir?

Bir çox Avropa ölkələri üçün köhnə, ölkəmiz üçün isə yeni olan “karşerinq” sisteminin yaxın gələcəkdə Azərbaycana da gəlməsi gözlənilir. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Hətta bunun üçün taksi şirkətlərindən birinin ölkəyə xeyli avtomobil gətirməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə mətbuata bildirib ki, bu, Azərbaycan üçün yenilikdir. Və bununla bağlı kompleks araşdırma aparılır.

Bəs “karşerinq”in Azərbaycana gəlməsi nə dərəcədə doğrudur? Nəqliyyat sisteminin bərbad olduğu ölkəmizdə bu sistem özünə yer tapa biləcəkmi? “Karşerinq”in istifadə qaydaları, ödəniş üsulu necə olacaq? Nəhayət, “karşerinq” sistemi Azərbaycanda taksi bazarını öldürə bilərmi?

Qeyd edək ki, xidmətdən istifadə üçün sürücülük vəsiqəsinin müddəti ən azı iki il olmalıdır. Əks halda “karşerinq”dən istifadə etmək mümkün olmayacaq.

Hələlik xidmətin qiyməti bəlli deyil. Bəzi mənbələr gediş haqqının 1 dəqiqə üçün 20 qəpik, digərləri isə 60 qəpik olacağını bildirirlər. Əgər qiymət belə olsa, onda 1 saat üçün təxminən 35 manat ödəməli olacağıq.

Azərbaycanda “karşerinq” sistemi artıq indidən mübahisələrə səbəb olub. Xidməti bəyənənlər ilk növbədə onun rahatlığını önə sürürlər. Onların sözlərinə görə, hətta avtomobili olmayanlar da “karşerinq”dən istifadə edərək, nəqliyyat problemindən qurtula bilərlər. Bəyənməyənlər isə ilk növbədə qiymətin baha olmasını göstərirlər.

Digər tərəfdən, ölkədə sürücülük vəsiqəsi olanların çoxunun şəxsi avtomobili var. Onların da “karşerinq”dən istifadə etməsinə ehtiyacları yoxdur. İmkanı olmayanların isə onsuz da bahalı “karşerinq” xidmətindən istifadə etməsi mümkünsüzdür...

Bundan əlavə, onsuz da tıxaclardan, parkinq çatışmazlığından əziyyət çəkən şəhərdə saxlama problemi də yaşana bilər.

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov ilk növbədə qeyd edib ki, “karşerinq” xidməti heç bir halda taksi bazarını öldürə bilməz. Əksinə, taksi fəaliyyəti daha da canlanacaq və hətta taksi bazarında qiymət artımı da olmayacaq.

Müsahibimiz deyir ki, “karşerinq” xidmətinin gəlməsi vətəndaşların xeyrinə olan addımdır və bu prosesi dəstəkləyir: “Yenilik mütləqdir və alqışlanır. Sahibkarın və ya fiziki şəxsin qazancından söhbət gedirsə, hər iki tərəf qazanacaq. Sahibkar da, vətəndaş da, dövlət də. Çünki nəqliyyat vasitələri dövriyyədə olacaq. Onların sığortası, texniki baxış gəliri, qəza törətməsi, cəriməsi və s. bunlar hamısı dövlətə çatan xeyirdir”.

Ekspert deyib ki, “karşerinq” avtomobilləri istənilən yerdə park edilməyəcək, onların öz dayanacağı olacaq. Bu proses müəyyən müddət sonra tənzimlənəcək, sahibkarlar özləri bu işləri həll edəcək: “İstifadəyə verilmə tarixi də sahibkarların istəyinə bağlıdır. Dəqiq vaxt demək çətindir. Amma güman edirəm ki, ən tezi 1 aya istifadəyə verilə bilər”.

Yenə də problemlər çoxdur, həlli isə müəmmalıdır. Görəsən, bu şərtlər altında “kaşerinq” xidməti Azərbaycanda da digər Avropa ölkələrindəki kimi nüfuz qazana biləcəkmi?

Yaşayıb, görəcəyik...
Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.