Erməni akademiklərin qarşısına sağıcılarla çıxmışdıq... - HƏQİQƏTƏN DƏ...
23-04-2024, 12:01
Xeyli gec oldu, aradan bir qərinə, obrazla desək, bir igidin ömrü keçdi, minlərlə igidin ömrü getdi, amma axırda haqqımızı aldıq, istədiyimiz oldu, Qarabağa da yenidən qayıtdıq, Qazax rayonun 4 kəndini də geri qaytardıq, torpaqlarımızda yadelli əsgər də qalmadı.
Biz bu günlərə 30 il boyunca bir-birimizlə öcəşə-öcəşə, bir-birimizi ittiham edə-edə, günahı bir-birimizdə görə-görə gəldik. El sözüdür, lətifəsi bizə dəyməsin, deyərlər ki, torpaq bərk olanda öküz-öküzdən şübhələnir.
Önümüzdəki düşmən güclüydü, mütəşəkkil idi, havadarlıydı. Onlar uzun illər gizli-gizli müharibəyə hazırlaşmışdılar, təşkilatlanmışdılar. SSRİ-yə daxil olan ölkələrin 14-ü, hətta Baltikyanı ölkələr belə qırmızı imperiyanın sarsılmaz olduğuna əmin olduğu bir vaxtda yalnız Ermənistanda “müstəqil və böyük Ermənistan” uğrunda mübarizə aparan dərnəklər mövcud olub və onlar fors-major hala hazırlaşıblar.
1988-ci idə ellikcə ayağa qalxan erməni fəallar bizi hazırlıqsız yaxalamışdılar. İlk başlarda bütün parametrlərdə onlara uduzmağımızın əsas səbəbi bu idi. 1989-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə ermənilər akademikləri, şair-yazıçıları, tanınmış rəssamları, rejissorları seçmişdilər. Biz yenə də sağıcıları, mexanizatorları, ən yaxşı halda kolxoz sədrlərini deputat seçmişdik (bir neçə ziyalı istisnadır). Ermənilər (Ambarsumyan, İgityan, Kaputikyan, Balayan və b.) rus dilində bülbül kimi ötürdülər, bizimkilərin çoxu isə sessiyada danışılanları başa düşmürdü.
Yerlərdə, xüsusilə də Qarabağın rayonlarında azərbaycanlı milis nəfərləri qapı-qapı düşüb ov tüfənglərini yığırdılar. Ermənilər isə silahlanırdı – həm də təkcə ov tüfəngləri ilə yox.
Ölkəmizi idarə edənlər nəyə görəsə Moskvaya, Kremlə çox inanırdılar, hesab edirdilər ki, SSRİ rəhbərliyi ədalətli olacaq, respublikaların arasındakı sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək.
Ermənilər də Moskvaya, Kremlə çox inanırdılar, işi elə düzüb-qoşmuşdular ki, həm Siyasi Büroda, həm də SSRİ-nin faktiki rəhbəri Mixail Qorbaçovun ailəsində dəstəkçiləri vardı, əmin idilər ki, Kreml 1923-cü ildə Qarabağ ermənilərinə muxtariyyat verdiyi kimi, yenə də bir qəti qərarla onu Azərbaycandan qoparıb Ermənistana verəcək və Azərbaycanın müti kommunistləri özləri susacaq, xalqı da susduracaqlar. 1986-cı ildə Qazaxın Kəmərli kəndinin torpaqları Ermənistana veriləndə elə olmuşdu. Müqavimət göstərən kənd sakinlərini qorxudaraq ram etmişdilər.
Ermənilərin planı ona görə baş tutmadı ki, Azərbaycanda, xüsusilə də Bakıda xalq ayağa qalxdı. O dövrün gənc alimləri qabağa düşdülər və xalq hərəkatı yarandı. Ədalət naminə qeyd edək ki, həmin vaxt partiya-sovet orqanlarında rəhbər vəzifələrdə çalışan kommunistlərin də içində xeyli vətənpərvər insan tapıldı və onlar xalq hərəkatının genişlənməsinə gizli şəkildə böyük töhfə verdilər.
Azadlıq meydanına toplaşan 1 milyon insan, eləcə də bütün ölkə boyunca inqilabi durumun yaranması, antosovet ovqatının şiddətlənməsi Kremldə DQMV (1991-ci ildə ləğv olunmuş erməni muxtariyyatının sovet dövründəki adı) məsələsinə münasibəti dəyişdi.
Qarabağın Siyasi Büro qərarı ilə Azərbaycandan qoparılmasının mümkün olmadığını görən ermənilər zora, silaha əl atdılar. Bizim əlimiz isə yalın idi.
Ən pisi də o idi ki, Azərbaycan rəhbərliyi milli nizami ordunun olmadığı bir vaxtda müdafiə dəstələrinin yaradılmasına müqavimət göstərirdi. Hesab olunurdu ki, xüsusi təyinatlı milis dəstələri (XTMD, rusca - OMON) ermənilərə yaxın rayonların təhlükəsizliyini təmin edə biləcək. Ancaq elə olmadı. Nəticədə ermənilər Xocalıda, Meşəlidə, Ağdabanda, Kərkicahanda, Qaradağlıda vəhşiliklər, qətliamlar törətdilər.
1992-ci ildə hakimiyyət dəyişikliyi baş verəndə, AXC hakimiyyətə gələndə təşkilatın minlərlə üzvü könüllü batalyonlar yaradaraq ermənilərə müqavimət göstərdilər. Qüvvələr qeyri-bərabər olsa da, azərbaycanlı döyüşçülərin şücaəti və rəşadəti nəticəsində separatçıları Ağdərə istiqamətində Xankəndiyə qədər sıxışdırmaq mümkün olmuşdu. Hətta sonradan Ermənistanın baş naziri olan Vazgen Sarkisyan etiraf etmişdi ki, 1992-ci ilin yayında, Xankəndi və ətraf rayonlardan Ermənistana kütləvi köç başlayanda o, hər şeyin artıq sona çatdığını düşünüb. Amma sonra bir gözəgörünməz əl ermənilərin köçünü, Azərbaycan könüllülərini de-marşını saxlayıb. 1993-cü ilin iyununda Azərbaycanda baş verən hərbi qiyamı da məhz o əl təşkil etmişdi. Kəlbəcərin işğalına səbəb olan şəxslər rus generalitetinin əlində maşa olmuşdu.
Tarixi həqiqətlər bundan ibarətdir.
Bu sətirləri ona görə yazıram ki, bu günlərdə qazandığımız tarixi nailiyyətlərə həsr olunmuş bəzi yazılarda 31-36 il öncə ölkəyə rəhbərlik edənlərin hamısını bir-birinə qatıb, məğlubiyyətlərimizin baiskarı kimi göstərirlər. Düzdür, Kamran Bağırov, Əbdürrəhman Vəzirov, eləcə də Ayaz Mütəllibov Moskvaya sözsüz itaət göstərmələri və ona ümid olmaları səbəbindən məğlubiyyətimizə səbəb olan durum yaratmışdılar, amma Əbülfəz Elçibəy vəziyyəti dəyişmək üçün çox işlər görmüşdü. Sadəcə, milli xəyanətkarlar ona badalaq vurdular, rus generalları ilə işbirliyinə gedib gənc dövlətə sarsıdıcı zərbə endirdilər.
Ona görə də məğlubiyyətimizin səbəbkarlarından danışarkən onlarla Elçibəyin arasında bərabərlik işarəsi qoyulmamalıdır. Düzdür, Elçibəyin komandası cəbhədə uğur qazana bilmədi, ancaq I Qarabağ müharibəsində şəhid olanların çoxu məhz onu lider sayanlar və düşmənlə döyüşə atılanlar idi. Bu gün, bu tarixi günlərdə onları, o şanlı komandirləri - Ramiz Qəmbərovu, Allahverdi Bağırovu, Yusif Mirzəyevi, Vəzir Orucovu, Tofiq Oğuzn, Elxan Yusifovu, İsgəndər Aznaurovu və minlərlə şəhid döyüşçünü xatırlamaq, ruhlarına sayğı duymaq borcumuzdur.
Biz bu günlərə həm də o vətən fədailərinin sayəsində gəldik..
Xalid KAZIMLI - musavat.com