Xaricə getmək istəyənlər üçün iş vizası "tələ"si... Yüzminlərlə dollar vəsait toplayır, sonra "yox"a çıxırlar

25-04-2024, 10:35           
Xaricə getmək istəyənlər üçün iş vizası "tələ"si...
İş vizası ilə ölkəni tərk edənlər çoxdur. Rəsmi statistika bu haqda susur. Ölkədən xeyli insan bu yolla gedib. Onlar daha çox Polşa və Litvaya üz tutublar. İsveçə gedənlər də az deyil. Getmək istəyənlər daha çoxdur. Amma iş vizası əldə etmək heç də asan görünmür. Həm də ona görə ki, ortada xeyli dələduz fırlanır. Onlar müxtəlif plazalarda ofis götürür, sosial platformalarda reklam yerləşdirirlər. Beləcə, çoxlu müştəri cəlb olunur. İş vizası da "alınmır" ki, alınmır.
Bizimyol.info xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaşlardan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

Sosial platformalarda diqqətli istifadəçilər hər iki şəxsin adını eşidib. Xüsusilə Sevinc Aslanovanı tanımamaq mümkün deyil. Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videoda məhz onun rəhbəri olduğu məhdud məsuliyyətli cəmiyyətin ofisinə müştərilərin hücumu diqqət çəkirdi. Sevinc Aslanovanın böyük məbləğdə vəsaitləri mənimsədiyi iddia edilirdi. İndi haqqında çoxsaylı şikayətlərin olduğu şəxslərin saxlanıldığı bildirilir.

Viza dələduzluğu o qədər geniş yayılıb ki, sosial platformalarda bununla bağlı qruplar yaradılıb. Nə qədər dələduzun adı çəkilir. Hiss olunur ki, insanlar həm çarəsizlikdən xaricə getmək istəyir, həm də aldanacaqlarından qorxurlar. Çünki indiyə qədər minlərlə şəxsin pulu batıb. İnsanlara Avropada işləmək üçün uyğun viza təşkil edəcəyini deyənlərin əksəri dələduzdur. Həmin şəxslərin heç Avropa ilə əlaqələri də yoxdur. Ofis açıb yüzminlərlə dollar vəsait toplayırlar. Günlərin birində yoxa çıxırlar.

Burada adam ən çox aldananlara görə pis olur. Ölkədə normal iş imkanları olsa, heç kim tanımadığı şəxslərə iş vizası üçün son qəpiyini verməz.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.