Ağır seçimlərlə üz-üzə - Pezeşkian üçün ciddi sınaqlar və yolayrıcı

9-07-2024, 00:14           
Ağır seçimlərlə üz-üzə - Pezeşkian üçün ciddi sınaqlar və yolayrıcı
Mərkəz rəhbəri: “Pezeşkian bu çərçivələri aşa bilməsə, islahat tərəfdarlarının bütün ümidləri qırılacaq və bu, İran üçün daha böyük təhlükədir”

İyulun 5-də İtanda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian mühafizəkar Səid Cəliliyə qalib gəlib. Ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlamasında deyib ki, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizini.

İranın Ali Dini Lideri Seyid Əli Xamneinin ölkənin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3 faiz səs toplayıb.

İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.

Qeyd edək ki, İran Prezidenti Ali Dini Lider Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə Konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni Prezidentdən asılı olacaq.

Azərbaycan türkü olan Pezeşkianın İran Prezidenti postunda hansı addımları atacağı maraqla gözlənilir. Proqnozlarda Cəlilinin qalib gələcəyi ehtimalı böyük olsa da, Pezeşkianın seçilməsi də sürpriz sayılmır. Çünki ilk turda Pezeşkian Cəlilini bir milyon səslə qabaqlayırdı. İslahatçıların təmsilçisi olan Pezeşkianın İran Prezidenti kimi islahatlar aparacağına ümidlər az olsa da, vədlərini xatırladanlar və bunları yerinə yetirmək üçün addımlar ata biləcəyinə şübhə etməyənlər də var.

İrandakı prezident seçkilərinin ikinci turu və Pezeşkianın qələbəsi ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, seçkilərdə beş mühafizəkar, bir islahatçı namizəd var idi:

- Əsas iddialılar bir müddət sonra bəlli oldu – iki mühafizəkar, bir islahatçı namizəd birinci turda yarışdılar. Mühafizəkarları Səid Cəlili ilə Məhəmməd Qalibaf, islahatçıları isə Məsud Pezeşkian təmsil edirdi. Düşünürəm ki, Cəlili ilə Qalibaf əvvəldən razılığa gəlsəydilər, hansısa biri prezident seçilə bilərdi. İkisi arasında razılıq olmadığına görə ikinci tur baş verdi və Qalibaf az səs topladı, Cəlili ilə Pezeşkian üz-üzə qaldılar. Proqnozlar belə idi ki, Qalibafın tərəfdarları ikinci turda Cəliliyə səs verəcəklər, çünki ikisi də mühafizəkarların təmsilçiləridir. Yəni Cəlilinin qalib gəlmək şansları daha çox proqnozlaşdırılırdı.

- Amma proqnozlar özünü doğrultmadı...

- Bəli, doğrultmadı. Çünki bir məqam nəzərdən sanki qaçırıldı. Birinci turda seçki məntəqələrinə gələn insanların sayı çox az idi. İsdlam inqilabından sonra seçkidə ən aşağı göstərici idi – 39 faizdən bir qədər çox idi. Səbəb də bu idi ki, insanların böyük əksəriyyəti islahatlara inanmır. 1990-cı ildən bu yana islahatçıların təmsilçiləri İran Prezidenti postunu tutublar, amma heç biri dəyişiklik etməyiblər. Xatırlayıram ki, 1997-ci ildə İranda iki siyasətçi arasında – parlament sədri Natiq Nuri ilə Məhəmməd Xatəmi arasında yarış gedirdi. Proqnozlar belə idi ki, Natiq Nuri rahatlıqla seçiləcək. Amma Xatəmi seçildi, iki dönəm İran Prezidenti postunu tutdu. Lakin Xatəmi islahatçıların təmsilçisi kimi heç nəyi dəyişə bilmədi. Halbuki ona çox böyük ümidlər var idi. Ondan sonra da İranda Həsən Ruhani islahatçıların təmsilçisi olaraq İran Prezidenti postunu tutdu, o da dəyişiklik edə bilmədi, islahatlar olmadı. Bu baxımdan, əhalinin islahatlara inamı qalmayıb. Bu seçkilərin ilk turunda da inam olmadığı, “onsuz da mühafizəkarların namizədi Cəlili qalib gələcək” düşüncəsi ilə seçici sayı az oldu. Elə ki, islahatçılar tərəfdarları gördülər ilk turda azsaylı seçici sayəsində Pezeşkian bir milyon səslə qabaqdadır, onlar da ikinci turda səsverməyə gəldilər. Əgər islahat tərəfdarları səsəverməyə yenə də gəlməsəydilər Cəlili qalib olacaqdı. İslahat tərəfdarlarının səsverməyə gəlişi Pezeşkianın qələbəsini şərtləndirdi.

- Yəni islahat tərəfdarları Pezeşkiana səs verməklə, onu qalib etməklə islahatların olacağına bir həftə ərzində inandılarmı?

- Məncə, inanmasalar da, bir dəfə də şans vermək istədilər. Əsas sual budur: Pezeşkian verdiyi vədləri yerinə yetirəcəkmi? Azərbaycan türkü olan Pezeşkian 17 ildir Təbrizdən deputatdır, İran Parlamentindəki türk fraksiyasının üzvü olub, hökumətin sərt tənqidçilərindən olub. Eyni zamanda, Tehranın Türkiyə və Azərbaycan siyasətinin yanlış olduğunu dəfələrlə bildirib. Üstəlik, seçki kampaniyasında bu fikirlərini təkrarlayıb, Güney Azərbaycan türklərinin, digər milli azlıqların dil haqqı, digər hüquqları haqqında çıxışlar edib, vədlər verib. İndi Pezeşkiandan həm İran daxilində, ona səs verənlərin böyük gözləntiləri var. Məncə, seçicilər islahatçı namizədə bir şans da verdi ki, görsünlər Pezeşkian vədlərini yerinə yetirəcək, yoxsa yox. Hesab edirəm ki, inam yox, bir ümid yarandı.

- Sizcə, Pezeşkian verdiyi vədləri yerinə yetirəcəkmi?

- Buna İran Konstitusiyası mane olur. Özü bəlkə də vədlərini yerinə yetirmək istəsin. Amma Pezeşkianın vədlərini yerinə yetirməsinə Ali Dini Lider Seyid Əli Xamnei və SEPAH generalları buna imkan verəcəklərmi?! Çünki İran Konstitusiyası səbəbindən əsas səlahiyyət onların əlindədir, İran Prezidentinin səlahiyyətləri bütün ölkəyə hakim olmaq gücündə deyil. İnanmıram ki, Pezeşkian Ali Dini Liderin üzərinə gedə bilər, yaxud da SEPAH-la qarşıdurmaya getsin. Lakin elə yumşaq addımlar atması mümkündür ki, bu da bölgədə müsbət münasibətlərin yaranmasına səbəb ola bilər. Onun islahatlarına Ali Dini Lider və SEPAH-ın imkan verəcəyi gözlənilən deyil.

Pezeşkian İran Prezidenti postunu tutsa da, onu qarşıda ciddi sınaqlar gözləyir. O çox ağır seçimlərlə üz-üzə qalacaq. Məsələn, “əxlaq polisi” deyilən qurumu Pezeşkian ləğv etməsə, daxili gərginlik artacaq. Çünki bununla daxildəki böyük gözləntilər alt-üst olmuş olacaq. İslahatlar aparmasa, iqtisadi reformlar həyata keçirməsə Pezeşkian üçün çətin olacaq. Bunun üçün də gərək Qərblə anlaşma olsun, sanksiyaların bir hissəsindən qurtulsunlar. Buna mühafizəkarlar imkan verəcəkmi? Pezeşkian bu çərçivələri aşa bilməsə, islahat tərəfdarlarının bütün ümidləri qırılacaq və bu, İran üçün daha böyük təhlükədir. Yenə deyirəm, xalq son şans verdi ki, Pezeşkian islahatlar aparsın, iqtisadi dirçəlişə nail olunsun, ekoloji problemlər aradan qaldırılsın. Pezeşkian bunları həll etməsə, yaxud cəhd etməsə, bütün ümidlər qırılacaq, mərkəzdənqaçma daha da sürətlənə bilər. Bu baxımdan, hesab edirəm ki, Pezeşkianın iki yolu var: ya ikinci Xatəmi, Ruhani olacaq, çərçivələri aşmayacaq, Ali Dini Liderin, SEPAH generallarına tabe olacaq, ya da ikinci yolu seçəcək. İkinci yol isə Ali Dini Liderlə, SEPAH-la münaqişəyə girmək bahasına islahatlar aparmağa çalışacaq.

- İkinci yol riskli deyilmi?

- Bəli, çox riskli yoldur. Amma Pezeşkiana sual veriləcək: axı sən vədlər vermisən, deputat olduğun zaman rəsmi Tehranın addımlarını tənqid etmisən. İslahat tərəfdarları deyəcək ki, biz sənə səs vermədik ki, Ali Dini Liderin, yaxud SEPAH-ın dediyi ilə oturub-durasan. İkinci yolu seçməsə, Pezeşkiana inam qırılacaq. Ona görə deyirəm ki, Pezeşkian üçün çətin dövr qarşıdadır. Onun alternativi yoxdur: vədlərini yerinə yetirməlidir.

- Dediniz ki, Pezeşkian Tehranın Türkiyə və Azərbaycan siyasətini tənqid edib. Bu siyasəti dəyişə bilərmi?

- Bununla bağlı da müəyyən ümidlər var. Türkiyə və Azərbaycanda artıq müəyyən gözləntilər yaranıb. Dünəndən etibarən Türkiyə və Azəırbaycanda İran haqqında müsbət qeydlər edilir. Bu, doğru siyasətdir. Pezeşkian Azərbaycan türküdür, müxtəlif dövrlərdə Bakı və Ankara haqqında müsbət fikirlər səsləndirib. Hər halda, Pezeşkian Rəisi deyil, Cəlili deyil, Qalibaf da deyil. Ona qarşı hamımızın gözləntimiz də bu amilə görə yaranır. Çox yaxşı haldır ki, seçkilərin nəticəsi açıqlanandan dərhal sonra Prezident İlham Əliyev onu Azərbaycana səfərə dəvət etdi. Başqa bir sual da öz ağırlığını qoruyacaq: Pezeşkian ilk xarici səfərini hansı dövlətə edəcək? Bu, siyasətdə əsas amildir. Dövlətlərin baş naziri və prezidentləri seçiləndə ilk xarici səfərini özünə yaxın ölkələrə edir. Düzdür, İranın xarici siyasətini müəyyənləşdirən əsas fiqur da Ali Dini Liderdir. Amma düşünürəm ki, Pezeşkian ilk səfərini Azərbaycan və Türkiyəyə etsə, bu, bölgədəki siyasəti müsbətə doğru dəyişə bilər. Gözləntilər var, amma dəqiq proqnoz vermək çətindir.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.