Tiflisdə xaos və çevriliş ssenarisi: Rusiya isə qoşun yeritməyə hazırlaşır

23-07-2024, 00:13           
Tiflisdə xaos və çevriliş ssenarisi: Rusiya isə qoşun yeritməyə hazırlaşır
Rəsmi Tiflisin ABŞ və Qərb tərəfindən planlaşdırılan növbəti "məxməri inqilab" təhlükəsinin öhdəsindən təkbaşına gələ biləcəyi hazırda bir qədər müəmmalı görünür... Nə qədər qəribə də olsa, məhz Rusiya Gürcüstanda Qərbin planı üzrə hakimiyyət çevrilişinə cəhd göstəriləcəyi təqdirdə, qonşu ölkəyə yardım etməyə hazırdır...

Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın bərpa edilməsində maraqlı olmayan regiondan kənar güclər fəallaşıblar. Belə ki, bu regionda hərbi-siyasi gərginlik, hətta mümkün olacağı təqdirdə, silahlı toqquşmalar həmin regiondan kənar güclərin geopolitik maraqlarına tamamilə uyğundur. Və bu səbəbdən də, Qərbdən gələn mesajlar sülhə çağırış məzmunu daşısa da, atılan addımlar Cənubi Qafqazın yeni müstəmləkə coğrafiyasına çevrilməsinə yönəlib.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda "qazanı qaynatmaq" planları quran Qərb siyasi dairələri bu regionda "zəif bənd" durumunda olan iki ölkə üzərindən hərəkət etməyə çalışırlar. ABŞ, Avropa Birliyi və Fransa bu cəhdlərində müəyyən nəticələrə də nail ola biliblər. Hər halda, Ermənistan tam şəkildə onların de-fakto nəzarətinə keçib. İndi rəsmi İrəvan müstəqil şəkildə heç bir qərar qəbul edə bilmir. Yalnız ABŞ, Avropa Birliyi və Fransadan gələn təlimatları və sifarişləri yerinə yetirir. Və bu, o deməkdir ki, Ermənistan artıq Qərbin yeni hərbi-siyasi müstəmləkəsinə çevrilmiş durumdadır.

Ancaq ABŞ və Qərb üçün Cənubi Qafqazı tam nəzarət altına almaq baxımından, Ermənistanın geopolitik müstəmləkəyə çevrilməsi qətiyyən yetərli deyil. Yəni, Azərbaycan və Gürcüstanın da Qərbin maraqlarına xidmət etməsinə cəhd göstərilir. Halbuki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regional geopolitik iradə mərkəzidir və ən əsası isə Qərbdən hər hansı məsələdə asılılıq vəziyyəti mövcud deyil. Bu səbəbdən də Azərbaycan ABŞ və Avropa Birliyi üçün əlçatmazdır. Və rəsmi Bakı Azərbaycanın maraqlarını Qərbə güzəştə getməyəcəyini elə açıq mətnlə dəfələrlə bəyan edib.

Ona görə də, son vaxtlar ABŞ və Avropa Birliyi əsas diqqətini məhz Gürcüstan üzərində cəmləşdirib. Rəsmi Tiflisin parlamentdə təsdiqlətdiyi "xarici agentlər" barədə qanun isə ABŞ və Avropa Birliyinin Gürcüstana son təzyiqlərində əsas bəhanə rolunu oynayır. Əsas məqsəd ondan ibarətdir ki, Gürcüstanın da Ermənistan kimi, ABŞ və Avropa Birliyinin hərbi-siyasi müstəmləkəsinə çevrilməsinə nail olunsun. Və bu səbəbdən də, həm ABŞ, həm də Avropa Birliyi Gürcüstanı sanksiyalar ilə şantaj etməyə cəhd göstərir.

Maraqlıdır ki, ABŞ və Avropa Birliyi hələlik Gürcüstanda öz hədəflərinə çatmaqda çətinlik çəkir. Çünki ABŞ və Avropa Birliyinin sərt təzyiqlərinə baxmayaraq, rəsmi Tiflis ciddi şəkildə müqavimət göstərməyə çalışır. Hətta Gürcüstan hökuməti açıq mətnlə bəyan edib ki, ölkənin ABŞ və Qərbin Rusiyaya qarşı mübarizəsində geopolitik alətə çevrilməsinə heç bir halda, imkan verilməyəcək. Və rəsmi Tiflis bu mövqeyindən Qərbin təhdidlərinə baxmayaraq, geri çəkilmək niyyətində deyil.

Ona görə də, ABŞ və Avropa Birliyinin yaxın aylarda Gürcüstanda hakimiyyət çevrilişi ssenarisini işə salmağa cəhd göstərə biləcəyi ehtimal olunur. Belə ki, "xarici agentlər" barədə qanunun qəbuluna qədər Qərbdən alınan qrantlar hesabına fəaliyyət göstərən yerli QHT sektorunun ictimai rəyi Gürcüstan hökumətinin əleyhinə yönəltməsinə çalışacağı bildirilir. Bu prosesin son nəticədə kütləvi küçə iğtişaşlarına qədər inkişaf etdirilməsi planlaşdırılır. Və Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərində bu prosesin böhranlı həddə çatdırılmasına çalışacağı iddia edilir.

Belə anlaşılır ki, Gürcüstanı yaxın bir neçə ay ərzində olduqca taleyüklü siyasi mərhələ gözləyir. Rəsmi Tiflis hesab edir ki, prezident Salome Zurabişvilinin də iştirak etdiyi prosesdə Qərb Gürcüstanı ölkədaxili xaosa düçar etmək niyyəti güdür. Bu ölkədaxili xaos əvvəlcə Gürcüstanda hakimiyyət çevrilişini təmin etməlidir. Ardınca isə Gürcüstan Rusiyaya qarşı istifadə olunan geopolitik alətə çevrilməlidir. Yəni, ABŞ və Avropa Birliyi Gürcüstanı da Ermənistanın vəziyyətinə salmağı planlaşdırır. Və son nəticədə isə həm Ermənistan, həm də Gürcüstan Rusiyaya qarşı "ikinci cəbhə"nin açılmasında əsas hərbi-siyasi poliqon rolunu oynamalı olacaq.

Maraqlıdır ki, rəsmi Tiflis Gürcüstanın ABŞ və Qərbin əlində Rusiyaya qarşı geopolitik alətə çevrilməsinə yönəlik bütün cəhdlərə müqavimət göstərməkdə qərarlıdır. Yəni, rəsmi Tiflis Gürcüstanın hazırda Ukraynanın yaşadığı fəlakəti təkrarlamasına imkan vermək niyyətində deyil. Gürcüstanı məhz bu təhlükədən yayındırmağa çalışır. Və bu məsələdə Rusiyanın da Gürcüstana dəstək verməyə çalışdığı bildirilir.

Məsələ ondadır ki, Rusiya kəşfiyyatı Gürcüstanın hakim partiyasının liderlərinə, xüsusilə də Kremlə yaxınlığı şübhə doğurmayan gürcü milyarder Bdzina İvanişviliyə qarşı sui-qəsd hazırlanması barədə məlumat alıb. Kreml həmin kəşfiyyat məlumatlarını Gürcüstan rəhbərliyinə artıq təqdim edib. Nəticədə Gürcüstan hüquq-mühafizə orqanları sui-qəsd təşkilatçılarının nəzarətə alınmasına başlayıb. Və bu, Gürcüstan ətrafında yaranmış situasiyanın kifayət qədər qəliz olduğunu təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstan üçün həlledici mərhələnin məhz növbəti parlament seçkiləri dövrünə təsadüf edəcəyi ehtimal olunur. Gürcüstan hakimiyyəti artıq indidən həmin dövrə hazırlaşır, təhlükəsizlik tədbirlərini mümkün qədər genişləndirməyə çalışır. Halbuki, rəsmi Tiflisin ABŞ və Qərb tərəfindən planlaşdırılan növbəti "məxməri inqilab" təhlükəsinin öhdəsindən təkbaşına gələ biləcəyi də hazırda bir qədər müəmmalı görünür. Və bu məsələdə Gürcüstan hakimiyyətinin əlavə dəstəyə ehtiyacı ola biləcəyi qətiyyən istisna deyil.

Maraqlıdır ki, nə qədər qəribə də olsa, belə bir dəstək məhz Rusiya tərəfindən təklif olunub. Belə ki, Kreml Gürcüstanda Qərbin planı üzrə hakimiyyət çevrilişinə cəhd göstəriləcəyi təqdirdə, qonşu ölkəyə yardım etməyə hazır olduğunu bəyan edib. Kreml vurğulayıb ki, əgər, rəsmi Tiflis yardım üçün Rusiyaya müraciət edərsə, dərhal uyğun reaksiya veriləcək. Rusiya Gürcüstanda hakimiyyət çevrilişinə yönəlik cəhdləri boşa çıxartmaq üçün bütün addımları atmağa hazırdır. Və hətta Rusiyanın bu məqsədlə Gürcüstana müvəqqəti olaraq, hərbi kontingent yeridə biləcəyi də qətiyyən istisna deyil.\\Yeni Müsavat












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.