BİZNESMENLƏR GEDİR, DİPLOMATLAR GƏLİR... - Parlamentdə “qüvvələr nisbəti” necə dəyişəcək?
12-08-2024, 18:48
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi və onun gözlənilən nəticələri, deməli, həm də parlamentin gələcək mümkün tərkibi bəzi xüsusiyyətlərilə əvvəlkilərdən fərqlənir. Məsələn, belə görünür ki, yeni parlamentdə nisbətən böyük biznes sahibi olan deputatların sayı azalacaq.
MSK-nın açıqladığı qeydə alınan deputatlığa namizədlər siyahısından, eləcə də hakim YAP-ın daha əvvəl yayımladığı partiyanın namizədlər siyahısından bəlli olur ki, əvvəlki çağırışda Milli Məclisin üzvü olmuş bəzi deputatlar bu dəfə “ya zəlzələdən, ya vəlvələdən” ümumiyətlə, seçkidə iştirak etmirlər.
Bu sıraya uzun illər Azərbaycanda siqaret monopolisti kimi tanınan Rüfət Quliyev (bitərəf), un, dəyirman biznesi olan Tahir Süleymanov (YAP), otellər, restoranlar, istirahət mərkəzləri və s. ilə məşğul olan İqbal Məmmədov(YAP), elektrotexnika satışı biznesi olan Elnur Allahverdiyev(YAP), tikinti və digər biznesləri olduğu deyilən Mahir Abbaszadə(YAP) aid edilə bilər. Bu şəxslərin hamısı qanunvericiliyə zidd olsa da, həm faktiki biznes sahibi, həm də millət vəkili idilər. Növbəti parlamentdə onları görməyəcəyik.
Ancaq bununla yanaşı, bir çox diplomatların Milli Məclisə gətiriləcəyi gözlənilir. Bu tendensiya əvvəlki parlamentlərlə müqayisədə özünü daha qabarıq göstərir. Belə ki, bu dəfə Milli Məclisdə çox böyük ehtimalla azı 4 yeni diplomatı görəcəyik. Həmin 4 nəfər peşəkar diplomatdan əlavə 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri, müğənni, bəstəkar Polad Bülbüloğlunu da şərti olaraq diplomat kimi siyahıya əlavə etmək olar...
Sözügedən 4 nəfərə gəlincə, bunlar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov (31 saylı Suraxanı ikinci seçki dairəsi), Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev (49 saylı Abşerom ikinci seçki dairəsi), Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Zaur Şükürov (47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi) və baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun sabiq prezidenti Günay Əfəndiyevadır (14 saylı Xəzər-Pirallahı seçki dairəsi). Əksəriyyəti kifayət qədər yüksək diplomatik vəzifə tutmuş bu şəxslərin heç birinin dairəsindən ciddi şansı olan namizəd irəli sürülməyib.
Bu, o deməkdir ki, həmin şəxslərin çox böyük ehtimalla deputat mandatı ala biləcək. Bu, həm də o deməkdir ki, növbəti parlamentdə peşəkar diplomatların sayı artacaq, biznesmenlərin sayı isə nisbətən azalacaq.
Görünür, ölkə parlamentinin beynəlxalq arenada, üzvü olduğumuz müxtəlif beynəlxalq təşkilatlarda, tədbirlərdə və s. daha keyfiyyətli şəkildə təmsil olunmasına ehtiyac yaranıb. Sabiq biznesmen-deputatlara gəlincə, Azərbaycan reallıqlarını nəzərə alsaq, onların deputat mandatlarını itirmələrinin özəl bizneslərinə mənfi təsir göstərəcəyini isə istisna etmək olmaz...
“AzPolitika.info”