Seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib – Araşdırma aparılır - BİRGƏ MƏLUMAT

2-09-2024, 00:00           
Seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib –
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib.

Bu barədə Medianın İnkişafı Agentliyi və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.

Qeyd edilib ki, üzərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan “Jurnalist vəsiqəsi” orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb.

“Xatırladırıq ki, jurnalist vəsiqəsinin verilməsi qaydası “Media haqqında” Azərbaycan Respublikası Qanunu və “Media Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.

Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.

Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”, – məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru