ABŞ seçkiləri haqqında.

4-11-2024, 09:34           
ABŞ seçkiləri haqqında.
ABŞ-da seçki dönəmi sona yaxınlaşır, üzümüzə gələn həftə yeni prezidentin adı məlum olacaq. Bir çox analitiklərin dediyi kimi, bu seçkilər tək ABŞ deyil də, Dünyanın da hansı yolla gedəcəyini müəyyən edir. ABŞ-da yarışan isimlər olsa da, əslində yarış iki fərqli dünya görüşü arasında gedir.
Bu seçkilərdə ABŞ-da 11 min siyasi qrup (tərəfdar qrupları), bizim MSK-nın dili ilə desək, təşviqat və təbliğatla məşğul olur. Bu günə qədər seçki təbliğatına və tədbirlərinə 15 mlrd. dollar xərclənib (26 mlrd. manata yaxın, yəni, Azərbaycanın illik büdcəsinə yaxın). Demokratlar və Harisin təbliğat qrupları tək Facebook ve Google da reklam üçün 148 mln. dollar xərcləyiblər.
Dediyim kimi, ABŞ və Dünya iki fərqli yol ayrıcındadır, hə, onu da deyim ki, bu yolların bəlkə də, eyni məqsədi, yəni, Amerikanın qüdrətini artırmaq məqsədi var, amma bu məqsədə gedən yollarda ciddi fərqlər mövcuddur.
Demokratlar ABŞ siyasi mənzərəsində “sol”-durlar, yəni, Amerikada nə qədər “sol” olmaq mümkündürsə, o qədər “sollaşıblar”. Harris hətta ABŞ-da dövlət tərəfindən tənzimlənən qiymət siyasətinin tərəfdarı olduğunu belə açıqladı – hətta Demokratlar üçün belə çox “sol” yanaşma idi. Harris vergiləri artırmaq, sosial layihələri genişləndirmək, qaçqın-köçkünlərə daha loyal münasibətin tərəfdarıdır. Harrisin özü beynəlxalq siyasəti bilməsə də, komandası bu sahədə yeniliklər olacağını deyir, amma bu yeniliklərin nədən ibarət olacağını söyləmir.
Trump, obrazlı desək, ABŞ-ın oturuşmuş, “köhnə” elitasını, istehsalçıları, sahibkarları təmsil edir. Onun vəədləri daha aşağı vergilər, istehsal üçün daha yaxşı şərait, istehsalı və ixracatı stimullaşdırmaq üçün “ucuz dollar” və “ucuz neft” siyasəti təklif edir. Bu yanaşma ənənəvi-tarixi Amerika yanaşmasıdır, yəni, iqtisadi fürsətlər üzərinə inşa edilmiş sistemin reanimasiyasını təklif edir. Xarici siyasətdə isə içiboş gündəliklərdən imtina edəcəyini söyləyir, ABŞ-ın “iqlim anlaşmasından” və “pandemiya” vaxtı özünü cinayətkarcasına aparan ÜST-ən çıxarmağı planlaşdırır. Münaqişələri aqressiv yolla, “ikili şantaj” yolu ilə çözəcəyini deyir. Yəni, məsələn, Putinə, “əgər normal şərtlərlə anlaşmasan Ukraynaya hər şey verəcəyik, daha çox yardım edəcəyik, onlar da hər bölgənizə zərbələr endirəcək”, deyə bilər, Ukraynaya isə, “yerinə yetirilməsi mümkün olmayan tələblərdən əl çəkməsən yardım tam dayanacaq”, deyə bilər, buna da “ikili şantaj” yolu deyilir. Demirəm ki, həmən effekti olacaq yoldur, amma, Harrisdən fərqli olaraq, heç olmasa, nəsə təklif edir.
Amma bir şey dəqiqdir – seçkilərdən həmən sonra kimin qalib gələcəyindən asılı olmayaraq Dünyada yeni “Yalta-Podstam-Helsinki” kimi masa qurulacaq, sadəcə, bu masanın şərtləri kimin qalib gəlməsinə uyğun olaraq dəyişəcək.
İstənilən halda Dünya “fraqmentallaşacaq”, yeni fraqmental Dünyada fərqli güc mərkəzləri yaranacaq. Amma bu yeni güc mərkəzlərinin özü də 4 qlobal oyunçular arasında bölünəcək, yəni, kurasiya bu dördlük tərəfindən (ABŞ, AB, Çin, Rusiya) birbaşa deyil də, dolayısı ilə, yeni regional liderlər vasitəsi ilə həyata keçiriləcək. Bizim üçün həyati vacib məsələ odur ki, yeni fraqmental Dünyanın güc mərkəzlərindən biri qardaş Türkiyə olsun, Türk Dövlətləri Təşkilatı yeni cazibə mərkəzinə çevrilsin. Bunun üçün isə Azərbaycan da dəyişməli, daha effektiv idarəetmə və iqtisadi modelə keçməlidir. Təəssüf, hələ ki, bu keçidin işarələrini, yolunu-izini görmürük...
Natig Cəfərrli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.