Tarixə gömülən “erməni soyqırımı”?
4-11-2024, 08:34
Ekspert: “Ermənistan əhalisinin böyük hissəsi anlayır ki, türklərlə düşmənçilik əbəsdir”
“Erməni soyqırımı”nın tanınması artıq Ermənistanın xarici siyasətinin gündəmində prioritet məsələ deyil. Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.
XİN rəhbəri vurğulayıb ki, bu kimi məsələlərlə tarixçilər məşğul olmalıdır.
Mirzoyan onu da qeyd edib ki, bu, xarici siyasət və diplomatiya məsələsi deyil.
Bəs, doğrudanmı hər şey bitib? Axı xarici işlər nazirinin sözündən belə çıxır ki, Ermənistan rəhbərliyi bundan sonra “erməni soyqırımı”nın mümkün qədər daha çox dövlətin parlamenti tərəfindən tanınması istiqamətində indiyə qədər göstərdiyi səyləri dayandıracaq. Əgər bu həqiqətən də belə olacaqsa, onda Türkiyənin Ermənistanın indiki hökumətinə təşəkkür etmək üçün əsası var. Əgər bu tarixi iddia yalnız elm adamlarının araşdırma sahəsinə aid edilsə, o zaman vaxtaşırı informasiya məkanına atılan siyasi mübahisə mövzusu olmaqdan çıxacaq, ermənilər, türklər və azərbaycanlılar arasında münasibətlərin normallaşdırılması yolunda əlavə maneə olmayacaq.
Bəs biz, çox mübahisəli olan bu tarixi məsələnin bundan sonra həmişəlik arxa plana keçəcəyinə əmin ola bilərikmi? “Soyqırım” təbliğatına son qoyuldumu? Ermənistandakı kütlə özü bununla barışacaqmı?
Pressklub.az-ın suallarını müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb.
Onun fikrincə, Ermənistanın hazırkı hakimiyyəti regionda münaqişənin davam etməsindən ən çox Ermənistan əhalisinin zərər çəkəcəyini anlayır. “Ona görə də qonşularla, xüsusən də türklərlə münasibətlərdə parçalanma və qarşıdurmalara səbəb olan məsələlərdən çox, mümkün qədər birləşdirici və uzlaşdırıcı məsələləri müzakirə etməlidirlər. Azərbaycanla sülh müqaviləsinin imzalanması ermənilər üçün Türkiyə ilə münasibətlərdə tamamilə yeni səhifə açacaq. Türkiyə ilə yaxşı münasibətlər hazırda Ermənistanın milli maraqlarına tam cavab verir. Türkiyənin də bu məsələnin həllindən razı qalmasının bir çox səbəblər var. Məsələn, böyük dövlətlərin “erməni soyqırımı” ittihamları ilə Türkiyəyə hüquqi və siyasi təzyiqləri nəhayət bitə bilər”, - analitik qeyd edib.
O, xatırladıb ki, Nikol Paşinyan hökuməti Ermənistan üçün çox çətin bir vaxtda yenidən xalqın dəstəyini alaraq hakimiyyətdə qala bilib. “Ona görə də, Ermənistan əhalisinin əksəriyyəti türklərlə düşmənçiliyin əbəs olduğunu başa düşür və yeni müharibə istəmir.
Əlbəttə, qisasçı erməni millətçilərinin də sayı az deyil. Onlar əvvəlki kimi türklərlə ədavətlərini davam etdirməkdə qərarlıdırlar. Ermənilərin bu istiqamətdə illər ərzində apardıqları təbliğat cəmiyyətdə dərin iz buraxıb. Ondan tez bir zamanda və asanlıqla qurtulmaq çətindir.
Paşinyan hökumətinin ardıcıl və açıq siyasəti problemin müsbət həllinə ümid verir.
Amma təəssüf ki, regionda maraqları olan bir sıra böyük dövlətlər ermənilərlə türklər arasında düşmənçiliyin qalmasında maraqlıdırlar. Əgər kənar aktorların regionda ziddiyyətləri dərinləşdirmək imkanları məhdudlaşdırılsa, erməni xalqının sülh istəyi daha da sürətlənəcək”, - Məmmədli əmindir.
Rauf Orucov